30 Dekabr 2024, Bazar ertəsi

“Əkinçi”nin xələfi, onlarla mətbu orqanın sələfidir “Şərq qapısı” qəzeti. Dövrün keşməkeşlərinə, “soyuğuna”, “boranına”, tarixin dolanbac yollarına sinə gərərək 100-cü mərtəbəyə çatan birəsrlik ziyalılıq ünvanıdır “Şərq qapısı”. Uzun illərin mətbuat işçisi kimi yazımın elə bu məqamındaca bir nüansı vurğulamaq istəyirəm. Qəzet işi kütləvi informasiya vasitələrinin ən çətin, məsuliyyətli, qabiliyyət, bacarıq, səriştə, yaradıcılıq, hərtərəfli bilik, dünyagörüş, yenilikçi olmağı tələb edən qoludur. Çünki burada görüntü də, müxtəlif mənzərələr, keçidlər, fraqmentlər, bəzən fotoların hər biri sözdür. O söz elə düzülüb-qoşulmalı, elə bir tərzdə ifadə, təqdim olunmalıdır ki, oxucu yazını oxuyarkən sözlər onun qarşısında jurnalistin məqsədinin mənzərəsini açsın. Bu anda müəllif özünü doğrulda bilir. Əks-təqdirdə isə həmin yazı, sadəcə, səhifəni doldurmaq xatirinə yazılmış yazı olaraq oxucuda təəssürat yaradır. Həm də qəzet deyəndə göz önünə ikiistiqamətli mətbu orqan gəlir. Biri dövlət orqanını təmsil edən, digəri sərbəst qəzet. Elə dövlət orqanı olan “Şərq qapısı” qəzetinin birəsrlik yolda uğurla irəliləməsi, bu uğuru 100 ilin tamamına gətirib çıxara bilməsi özü bu mətbu orqan və onun “həyatından” keçən onlarla jurnalist haqqında söhbət açır.  

 

Keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran salnamə


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı, nəinki muxtar respublika, bütövlükdə, Azərbaycan mətbuatı işçiləri və kütləvi oxucular tərəfindən sevinclə qarşılanmışdır. Çünki bu qəzet “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyə almışam. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”, – deyən ümummilli lider Heydər Əliyevin yüksək qiymət verdiyi mətbu orqandır. Digər tərəfdən “Şərq qapısı” qəzetinin fəaliyyətinin ən şərəfli səhifələri ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründə – 1990-1993-cü illərdə yazılmışdır. Bu dövrdə “Şərq qapısı” milli və müstəqil dövlətçiliyimizin qorunmasında ulu öndərin ideyalarının əksini tapdığı, böyük şəxsiyyətin imzaladığı rəsmi sənədlərin ilk dəfə çap olunduğu mətbuat orqanıdır. Digər bir tərəfdən isə “Şərq qapısı” qəzeti yaşına görə ölkəmizdə barmaqla sayılacaq mətbu orqanlar sırasındadır. Eyni zamanda kütləvi oxucusu olan, muxtar respublika ilə bağlı xəbərlərin, məlumatların rəsmi mənbəyidir. Beləliklə, 100 yaşlı “Şərq qapısı” qəzeti müvafiq Sərəncamda da deyildiyi kimi, keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran salnamədir.


“Şərq qapısı” qəzeti və blokada Naxçıvanı


100 yaşının 30 ilini blokada şəraitində yaşamaqda olan Naxçıvanın gündəlik ictimai-siyasi həyatının güzgüsü sayılan “Şərq qapısı” qəzeti bir qərinəyə yaxın dövrün ən dəyərli, zəngin arxivi, muxtar respublika tarixinin saxlanc yeridir. “Blokada Naxçıvanı” kitabında da qeyd etdiyim kimi, kitabın hazırlanması ilə bağlı arxiv, kitabxana və muzeylərdə oldum. Heç bir yerdə “Şərq qapısı” qəzetində olduğu kimi müfəssəl, hərtərəfli, tutarlı və davamlı faktlara rast gəlmədim. Bu nöqteyi-nəzərdən “Şərq qapısı”, nəinki Naxçıvanın blokada illərinin, əhatə etdiyi 100 ilin ən gözəl tədqiqat obyektidir. Lakin ötən 100 ilin son 30 ilinin Naxçıvan üçün daha çətinliklərlə və uğurlarla dolu olduğunu nəzərə alsaq, bu qəzetin Naxçıvanın həyatındakı rolu əvəzsizdir. Blokadanın ilk illərində çətinliklərlə üz-üzə qalması, 20 Yanvar hadisələrinin acısını yaşayaraq adının bir neçə dəfə dəyişdirilməsi, nəşr problemləri “Şərq qapısı”nın əzəmətini sındıra bilmədi. Nə yaxşı da sındıra bilmədi ki, qəzet ötən 30 ilin salnaməsinə çevrildi. Elə bütün bunları nəzərə alıb qəzetin 1990-cı illərdə nəşr olunan nömrələrinə yenidən müraciət etməyi özümə borc bildim. Çünki biz jurnalistlər bir məsələni nə qədər təkrar söyləyəriksə, bir o qədər bugünkü nəsli ötən dövrlərin hadisələri ilə xəbərdar etmiş, qəzetinsə əvəzsiz xidmətindən söz açmış olarıq. Qəzet yazırdı:
27 dekabr 1990-cı il. “Təbii qaz yoxdur... Səbəbi?” ...Naxçıvanın sərt, kəskin iqlimi onun sakinlərini yenə də imtahana çəkmişdir. Havaların birdən-birə soyuması, şaxtalı günlərin başlaması bir çox çətinliklər yaratmışdır. İndi yaşayış evlərində, müəssisə və təşkilatlarda təbii qazdan istifadə, demək olar ki, dayanmışdır. Məktəblərdə, uşaq tərbiyə ocaqlarında vəziyyət daha da acınacaqlıdır.
19 iyul 1991-ci il. “Mineral su istehsalı niyə azalır? Gerilikdən çıxa bilmirik” ...Birliyimizin əhatə etdiyi “Badamlı”, “Sirab” mineral sudoldurma zavodlarının hər gün 1 milyon şüşə istehsal etmək imkanı vardır. Lakin bu imkanlardan səmərəli istifadə etmək üçün qarşıda həllini gözləyən problemlər vardır. Əslinə qalsa, təqsir su istehsalçılarında deyil. Son vaxtlar, elə indinin özündə də ölkəmizdə və muxtar respublikamızda butulka qıtlığı yaranıb. Mən deyərdim ki, milyardlarla boş butulka çatışmır. Buna görə də birliyimiz tələbatın yalnız 50-60 faizini ödəyir. Çatışmayan təkcə şüşə qab deyil, butulkanın ağzını bağlamaq üçün qapaq və etiket də çatışmır.

9 avqust 1991-ci il. “Kəhrizlər niyə quruyur?”... Replika: Vaxtilə muxtar respublikamızda 400-ə yaxın kəhriz olub. İndi bu kəhrizlərdən 225-i insan əlinin hərarətinə möhtacdır. Qalanları isə bu qayğını gözləyə-gözləyə sıradan çıxıb. Halbuki həmin kəhrizlər məhv edilməsəydi, indi 1800 hektardan artıq sahəni suvarmaq mümkün olardı. Yüzlərlə ailə bu kəhrizlərin suyundan istifadə edərdi.
Yol salmaq, körpü düzəltmək, bulaq gözü açmaq, kəhriz təmizləmək ta qədimlərdən elimizdə, obamızda xeyirxahlıq sayılıb. Sonra cavanlar əl-ələ verib hamının ürəyindən keçən arzunu həyata keçiriblər, bəs indi nə olub? Yəni doğrudanmı, müasir kəndlərimizin ağsaqqalları, fəalları öz müdrik sələflərinin ənənələrini unudublar?
9 noyabr 1991-ci il. “Gənclər unutmasınlar ki… Həyatın sınağı yamandır” ... İndi çətin günlərdə yaşayırıq. Gələcək taleyimiz ötən hər günümüzlə bağlıdır. Gənclər el ağsaqqallarının harayına cavab verməlidirlər. Doğma yurdumuzdan Rusiyanın, Ukraynanın, Qazaxıstanın, Belarusun ucqarlarına bir tikə çörək dalınca baş götürüb gedən cavanlar respublikamızın indiki çətin məqamında bizə çox lazımdır. Axı torpaq, qadir əllər nə istəsə yetirə bilər. Buna görə də bərəkətli torpaqlarımız, dədə-baba sənətlərimiz, peşələrimiz cavanların yolunu səbirsizliklə gözləyir.
22 yanvar 1992-ci il. “Arpaçayın problemləri” ... Şərur Şəhər Sanitar-Mühafizə İdarəsinin məişət tullantılarını çayın kənarına tökməsi elə bir antisanitariya vəziyyəti yaradıb ki, sözlə ifadə etmək çətindir. Hazırda iş o yerə çatıb ki, çayın bizim ərazidə tezliklə quruması təhlükəsi yaranıb. Bu mənada, çaydan ayrılan sol və sağ sahil kanallarının nizama salınması, xüsusilə vacibdir ki, su sərfi qaydaya düşsün və Arpaçayın axarı tükənməsin. Çayın sahilində qeyri-qanuni yerləşdirilən hər cür sex, müəssisə və kooperativlər oradan götürül­məlidir. Biz təbiətimizin zərərləri bahasına 5-10 nəfərin qazancı üçün kədərli vəziyyətə göz yummamalıyıq. Arpaçayın dərdləri və xilası yolları, əsasən, bunlardır.
8 avqust 1992-ci il. “Ağaclara balta vurularsa” ... Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri yaşıllıq və gözəllik sarıdan yaman kasıblayıb. İndi ümumi evlərin həyətlərində tüstülənən ocaqlarda yığılmış beş-altı quru budağın oduna qollu-budaqlı ağaclar da yanır. Elektrik enerjisi qıtlığı, qazın olmaması, adicə neftin tapılmaması adamları çox çətin vəziyyətə salmışdır. Elə buna görə də bağ və parklarda, prospekt və küçələrdə, meydanlarda gövdəli ağacların indi kötükləri cərgələnir. Adam ehtiyac içərisində qalanları da bəzən qınamır. Axı körpə uşaq ağlaya-ağlaya iki ayağını bir başmağa dirəyib bir stəkan çay tələb edəndə yazıq valideyn əlacsız qalır. O da ocaq yandırmaq üçün əl atır ağacları kəsməyə. Bunlar olsaydı, dərd yarı idi. Ancaq ən ağırı odur ki, şəhərin başçılarının razılığı ilə neçə-neçə komissiyon, kooperativ mağazalar düzəldənlər bağ və parklarda tikinti meydanı üçün ağacları, bəzək kollarını kütləvi surətdə kəsib-doğrayırlar.
28 iyul 1993-cü il. “Yanacaq çatışmır, marşrutlar azalır” ... İndi Şərur kimi böyük rayonun Qarabağlar kəndi istisna olmaqla, heç bir yaşayış məntəqəsinə avtobus işləmir. Həmin rayondan Naxçıvan aeroportuna gələnlər və yaxud da aeroportdan rayona getməli olanlar çox hallarda 4-5 qat artıq pul ödəməli olurlar. Ordubada isə həftənin 3 günü avtobus olur.
Naxçıvan şəhərindən aeroporta avtobus ayrılıb. O da müntəzəm işləmir. Bakıdan gələn sərnişinlər aeroportdan Naxçıvana gəlmək və şəhərdən aeroporta getmək üçün 500, bəzən də 1000 rubl verməli olurlar.
9 fevral 1994-cü il. “İşsizlik” ... Bizim yaşadığımız günlərdə işsizlik bir sosial bəladır. Biz ona bekarçılıq da deyirik. Bu, adamların həyat tərzini, əhvali-ruhiyyəsini korlayır, ailələri miskin vəziyyətə salır. Bir neçə il əvvəl mətbuatdan bizə aydın olurdu ki, xarici ölkələrdə işsizlər hər ay dövlətdən müavinət alırlar. İndi isə bizdə belə bir dövr və şərait yaranıb. Bazar iqtisadiyyatı və qiymətlərin bahalaşması, hələ heç bir ölkədə görünmədiyi bir səviyyəyə qalxması blokadada yaşayan muxtar respublika əhalisinin güzəranını çətinləşdirir. Belə bir şəraitdə işsizlik getdikcə artır. Bu gün adamlar güzəranın çətinləşməsi problemi ilə üz-üzə dayanıblar.
31 mart 1994-cü il. “Gələcəyimiz təhlükədədir” ...Təəssüf hissi ilə demək lazımdır ki, bu gün uşaqlara, yeniyetmə gənclərə dövlət səviyyəsində qayğı və diqqət unudulub.
Şəhər istilik sisteminin işləməməsi, elektrik enerjisinin fasilələrlə verilməsi ümumtəhsil müəssisələrində, orta ixtisas məktəblərində, texnikum və institutlarda dərslərin aylarla dayandırılmasına səbəb olur.
Ən acınacaqlı hal odur ki, uşaqlar təhsil almaq, oxumaq əvəzinə “biznes” azarına tutulublar. Doğrusu, əvvəllər yaşlılar da “alverçi” sözünü üstünə götürməyə bir növ xəcalət çəkirdilər. İndi isə leksikonumuza “alverçi” sözünü əvəz edən daha mədəni “biznesmen” sözü daxil olub. İndi çoxları 10-15 siqaret, 5-10 qutu konfeti küçədə yaşadığı evin qarşısında qabağına düzüb bizneslə məşğul olması ilə fəxr edir. Bax bizcə, bu da zamanın, dövranın ən böyük faciəsidir. Məktəblərdə dərslərin olmaması üzündən boş qalan uşaqlar mütaliə etmək, keçilmiş dərsləri təkrarlamaq əvəzinə alverlə məşğul olurlar.
10 noyabr 1995-ci il. “Küçə və yollara diqqət yetirilsə” ... Şahbuz. Kükü körpüsü neçə aydır ki, uçmuşdur. Körpünün tam bərpası üçün görülən tədbirlər yarıtmazdır. Turkeş körpüsünün vəziyyəti də acınacaqlı haldadır. Onun da uçmaq təhlükəsi vardır. Babək. Nəzərabad körpüsünün məhəccərləri dağılmış, taxta dirək örtüyü çürüyüb sıradan çıxmışdır. Şərur. Naxçıvan şəhərindən Şərura doğru gedən yolda “Şorsu” körpüsündən Böyükdüz kəndinədək olan sahədə yolun qara örtük hissəsində əmələ gəlmiş çökmələr, çala-çuxurlar avtomobil nəqliyyatının intensiv hərəkətinə maneçilik törətməklə yanaşı, qəza hadisələrinin baş verməsinə səbəb olur. Sədərək-Naxçıvan-Ordubad yolunda vəziyyət xoşagəlməzdir. Sədərək gömrükxanasından Sədərək yolayrıcına qədər olan hərəkət hissəsində əmələ gəlmiş çökmələr, 28-30-cu kilometrdə yaranmış çalalar, Arpaçay körpüsünün üzərində və çıxışlarında yaranmış nahamarlıqlar nəqliyyatın sərbəst hərəkətini çətinləşdirir...
6 dekabr 1995-ci il. “Qış ehtiyatlarına qayğı” ... Naxçıvan şəhərində və muxtar respublikanın digər rayon mərkəzlərində qazanxana və istilik sistemlərinin işə salınması, həqiqətən, çox çətindir. Keçən ayın 15-dən etibarən qış mövsümünün başlanmasına baxmayaraq, mazutun olmaması üzündən qazanxanalar işə salınmamışdır.
Son illərin müharibə və blokada şəraitinin ağırlığına dözən naxçıvanlılar həmişə olduğu kimi, yenə də inanırlar ki, hörmətli Prezidentimiz Heydər Əliyevin yeritdiyi daxili və xarici siyasəti nəticəsində Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayacaq və adamların yaşayışı üçün əlverişli zəmin yaranacaqdır.
Bəli, ötən 30 ilə bu cür şahidlik edib “Şərq qapısı” qəzeti. Çatışmazlıqları, düşmən təxribatlarını, bəzənsə kimlərinsə məsuliyyətsizliyi üzündən yaranan və yüzlərlə yuxarıdakı kimi yazılara çevrilən problemlərə dərhal münasibət bildirib, onu həll edən vasitələrdən biri olub. Elə bütün bunlara görə də nüfuzu ilbəil artıb, hər kəsin sevimli qəzetinə, hörmətlə yanaşdığı mətbu orqana çevrilib.

Blokada Naxçıvanının və rekordsmen diyarın qəzeti


Diyarımız kimi, “Şərq qapısı” qəzeti ötən 30 ilin ilk onilliyinin çətinlikləri də daxil olmaqla, blokada və inkişafa qoşa şahidlik etməkdədir. Muxtar respublikanın inkişafını tarixləşdirmək üçün bölgə-bölgə gəzən, ən ucqar dağ kəndlərindən tutmuş şəhərlərimizədək dolaşan qəzet Naxçıvanın dünəni ilə bu günü arasında körpü olmaqla, hər gün gələcəyə doğru uğurlu addımları ilə ötən günün tarixini yazır. Bütün naxçıvanlılar kimi, bu qəzet də müstəqillik illərinin nəsibimiz olan maraqlı taleyini yaşayır, təbii ki, blokada Naxçıvanının və sürətli inkişaf edən qədim diyarın qəzeti olmaqla. 100 yaşının müdriklik işığını ötən 30 ilə salmaqla gələcəyə “ömrünün” ən yaddaqalan, unudulmaz anlarını daşıyır. Bu otuz ilə elə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasını da daxil etsək və müharibə dövründə qəzetin səhifələrinin vətənpərvərlik, təəssübkeşlik sətirlərini xatırlasaq, həqiqətən, bu qocamanın yaşının – 100-ün 30-nun tamamilə fərqli bir dövr olduğunu hər kəs təsdiqləyər. Çünki həmin dövrə tarixin bir yeniliyi – blokada və inkişaf birlikdə sığıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mayın 10-da qalib ölkənin ilk Prezidenti kimi Naxçıvana ilk səfəri zamanı bu diyarın müstəqillik illərində inkişafını dəyərli fikirləri ilə iki cümləyə sığdırdığı kimi: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”.
Blokada şəraitində rekordsmen diyarın mətbu orqanı olmaq isə, təbii ki, tarixin bir nəsibidir.


Yeni əsrdə yeni uğurlar, doğma qəzetim!


Cəmi bir neçə aydan sonra hər birimizin ata ocağı, məslək birliyimiz, doğmamız olan “Şərq qapısı” qəzeti ömrünün ikinci əsrinə qədəm qoyacaqdır. Hazırda yubileyi münasibətilə təsdiq olunan Tədbirlər Planına əsasən silsilə tədbirlər keçirilir. Doğma qəzetimiz bütün yubiley illərində olduğu kimi dövlət qayğısı ilə əhatə olunur. Yerləşdiyi müasir binası, müasir avadanlıqlarla təchizatı, arxivinin, internet saytının yaradılması, işçilərin əməkhaqlarının ötən illərdə dəfələrlə artırılması, onlar arasında mənzillə təmin olunanların, fəxri adlara layiq görülənlərin olması, bir sözlə, hərtərəfli dövlət qayğısı elə 100-ün son 30 ilinə təsadüf edirsə, doğma qəzetimiz də yazarları qədər şanslıdır. Çünki bu gözəl diyarın hər bir inkişaf mənzərəsini köksündə əbədiləşdirir. Yubileyin mübarək, doğma qəzet. Jurnalistlərinin hər biri kimi, fəxr edirik ki, qürur duyduğumuz səhifələrində imzalarımız əbədiləşir.

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR