21 Dekabr 2024, Şənbə

44 günə bərabər 2 gündən, 44 günlük zəfərin üstünə gələn 2 günlük zəfərdən yazmaya bilmədim. Bu yazını Şuşada Cıdır düzündə keçirilən festivalı televiziya vasitəsilə izləyə-izləyə yazıram. Bir qədər doluxsuna-doluxsuna, çox qürur duya-duya, lap çox fəxr edə-edə yazıram. Neçə ki, 44 günlük müharibədə ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması münasibətilə xalqımıza müraciətlərindən sonra “Qarabağ” dastanının boylarını səhər-axşam, bəzən  gecənin yarısınadək də olsa, yazıb mətbuata verirdim, bu festivalı da seyr edərkən eyni duyğuları yaşadım. Yazmağı özümə borc bildim, daha doğrusu yazmaya bilmədim.

Bu yazını “Qarabağ” şikəstəsinin Şuşanın dağlarına, düzlərinə səpələnən səsini  hər daşın, qayanan, torpaqdan boylanan kiçik bir  çiçəkdən, otdan tutmuş göydəki buludlara qədər “ciyərlərinə” çəkdiyini duyaraq yazıram.  Səmada qartalın  süzməsindəki qüruru, doğma musiqini eşidib Cıdır düzünə üz tutan quşların  sevincini duyaraq yazıram. İkinci Qarabağ müharibəsində şəhid olan oğullarımız keçir bir-bir  gözlərim önündən... Şuşadakı qəhrəmanlıqları, əlbəyaxa döyüşləri xatırlayaraq, “öldü var, döndü yoxdur!” iddiasını duyaraq yazıram. Yarımçıq qalmış ömürləri, yarımçıq qalmış arzuları, diləkləri duyaraq yazıram... O zaman tam olan yenə də həmişəki idi: torpqlarımızın  azad olunmasını hər kəsin eyni istəklə arzu etməsi. Bu arzu  bütün ömürlərdən, arzulardan əziz idi azərbaycanlılar üçün. Ona görə ömürlər yarımçıq qaldı, minlərlə şəhid qurban oldu  Qarabağa. Elə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin ruhuna həsr olunmasında məqsəd də bu musiqinin sədaları fonunda zəfərlə onların ruhunu bir daha müjdələmək, azad etdikləri Qarabağda səslənən musiqi ilə ruhlarını bəzəmək  idi.   

Budur, 44 gündə dronların göy üzündəki gəzintisi düşməni bir-bir artladığı  kimi, bu dəfəki dronlar  Şuşanın füsunkarlığını Azərbaycan musiqisinin əsrarəngizliyi  ilə birləşdirib Qarabağa, oradan Azərbaycana  yayır. Ucsuz-bucaqsız dərələr, sıldırım qayalar bir andaca musiqini udur, sanki yox edir. Bu bir həsrətdən doğan aclıqmı, ehtiyacmı? Bəli, elədir... Bir qərinəyə yaxın həsrətin bitdiyi andır bu. Doğmaların gəlişidir bu. Xarıbülbülün gözlərinin sevinc yaşı ilə dolduğu andır bu. Üzeyirin, Natəvanın, Vaqifin, Xanın qürbətinin sona çatdığl andır. Qürur duyuram... Festivaldakı insanlar da qürur duyur. Qürura bax,  Şuşadan ətrafa yayılıb Qarabağ boyda olur. Yox, yox, Azərbaycan boyda olur. Buradan dünyaya yayılır. Müharibədən sonrakı musiqi festivalı ilə bu əzəli torpaqların kimə məxsus olduğunu sərgiləyir. 30 il öncəki   musiqi festivallarının davamıdır bu. Axı Şuşa festivalların keçirildiyi məkan olub. Burada, Cıdır düzündə erməni necə yallı gedə bilərdi? O yad ayaqlar, o yad nəfəslər, o naməlum musiqi Şuşanın sinəsinə yalnız dağ çəkə bilərdi. Çəkdi də. Ölmək, yox olmaq əlində olsa idi,  o yallıdan sonra Şuşa yer üzündən çoxdan silinmiş olardı. Lakin taleyi öz əlində deyildi ki... Yaxşı ki dözdü, dayandı, yolunu gözlədi soydaşlarının. Budur, qayıdıb onlar, qayıdacaqdılar da.  Torpağı erməniyə verməyəcəkdilər ki...

Nə gözəl musiqilər səslənir, ilahi... Bu musiqilərlə illər öncə ulu öndərimizin Şuşaya bir gün  qayıdışımızla bağlı inamlı fikirləri çınlayır qulaqlarımda. Dövlətimizin başçısı cənab İlham Əliyevin ata nəsihətinin yerinə yetirilməsi ilə bağlı qürurlu cümlələri qarışır bu musiqiyə.  “Şuşa, sən azadsan, Şuşa, biz qayıtmışıq” kimi bənzərsiz cümlələr qarışıq musiqi  Şuşanın səmasından dumanı-çəni çəkir. Günəş doğur bu yurda. Musiqi bayramına ellər sevinir. Dəmir yumruq bu musiqinin təsiri ilə bir daha göylərə qalxır, burada-Şuşada daha əzəmətli, daha təsirli olur. Bir də ən çox təsirli olan budur:

Əzizim bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam

Tikmişəm, izim qala.

Bitir festival...  44 günlük zəfərə bərabər 2 gün bitir. Zəfərin üstünə bir zəfər də  gəlir. Düşmənin bağrını çatladan zəfər... Qonşuluqdan pusquda durub dinlədikləri, məğlubiyyətin acı nəticələrini yaşadıqları zəfər...  Bu anda azad torpaqlarımızın sevinci insanların üzərində bərq vurduqca, 30 illik həsrəti vüsal qovub qayalardan sonsuz dərələrin dibinə yuvarlatdıqca, bəli, “bu qala bizim qaladır, həmişə də bizim qaladır”,- deyirəm. Bu qalanı yenidən bizimki edən cənab Prezidentimiz və şəhidlərimiz  isə  Azərbaycan tarixində qala taleli, qala ömürlü şəxsiyyətlərdir: “Tikmədim ki, özüm qalam, tikmişəm, izim qala”,- misalı kimi...

Mətanət MƏMMƏDOVA,

Azərbaycan Respublikasının Əməkdar jurnalisti 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR