Vətənpərvərlik məfkurəsi
Vətənpərvərlik insan şəxsiyyətini və təxəyyülünü formalaşdıran, doğma torpağa, ana dilinə, mənəvi dəyərlərə olan sevginin açıq təzahürüdür. Bu hisslər xalqın nəsildən-nəslə valideyn tərbiyəsi ilə ötürülən mədəniyyət və mənəviyyat arxetipləri ilə uzlaşır, milli şüurun əsas xüsusiyyətləri yazıçı və şairlərin, bəstəkarların, rəssamların yaradıcılıqlarında əks olunur. Xalqımızdakı vətənpərvərlik ruhu və yüksək ləyaqət təkcə ölkəmizin bugünkü siyasi həyatının hakim xüsusiyyətinə çevrilməyib, eyni zamanda hər bir ailənin, hər bir Azərbaycan vətəndaşının gündəlik həyatı ilə üzvi şəkildə əlaqəlidir. Ölkəmizin igid müdafiəçi oğullarına hamımız hörmət edir, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda həlak olan qəhrəmanlarla fəxr duyuruq. Bu cür sivil, ümummilli vətənpərvərliyi özlərini ümumi nəsil irsinin varisi kimi qəbul edənlərin hamısının həmrəyliyi olmadan təsəvvür etmək də mümkün deyildir.