30 Dekabr 2024, Bazar ertəsi

Ailə təsərrüfatlarımız

Meyvəçilik ta qədimdən ölkəmizdə əsas təsərrüfat sahəsi olub. Təbii iqlim şəraiti, əhalinin tarixi məşğuliyyət vərdişləri bu sahənin təsərrüfat əhəmiyyəti ilə yanaşı, onun maddi mədəniyyət nümunəsinə çevrilməsinə də imkan verib. Tarixi məlumatlara görə, bir sıra meyvələr – üzüm, alma, armud, alça, nar və heyva məhz bizim ölkəmizdə mədəniləşdirilib. Bu da qeyd olunmalıdır ki, meyvəçilik əhalinin ərzaq tələbatının ödənilməsində mühüm istehsal sahəsidir. Bu gün meyvəçilik istehsal sahəsi kimi şaxələnərək tingçilik, aqrokimya, aqronomiya, aqromarketinq istehsalı kimi sahələrə bölünüb. Bunlar, əlbəttə, çox geniş mövzulardır, odur ki, biz yalnız sonuncu sahə – meyvə qurudulması haqqında danışacağıq. 

 

Yəqin hər birimizin uşaqlıq xatirələrində analarımızın, nənələrimizin evlərdə müxtəlif meyvələri necə diqqətlə, yüksək peşəkarlıqla qurudaraq qışa hazırlıq gördükləri şirin anlar kimi qalıb. O vaxt həyətlərdən yığılaraq saxlanan qurular uzun qış gecələrində xəmir və sulu yeməklərin, Novruz bayramında isə xonçaların bəzəyi idi. Tarixən meyvəçiliyin inkişaf etdiyi Şərur rayonunun kəndlərində də bu gün meyvə qurudulması ilə məşğul olan bir çox ailələr var. Bu ailələr yayda bol olan meyvələri yığaraq özləri üçün qış tədarükü görür, artıq qalan hissəsini bazara çıxararaq ailə büdcələrini zənginləşdirirlər. Rayonda meyvəsi bol olan bağlarda tələbatdan artıq olan məhsulu xarab olmağa qoymayan qadınlarımız onu səliqə ilə qurudurlar ki, qışda onlardan istifadə etsinlər. Belə zəhmətkeş qadınlardan biri də Axura kənd sakini Gülsüm Qafarovadır.
Gülsüm xanımla söhbətimiz zamanı öyrənirik ki, o, kənd məktəbində müəllim işləyir, asudə vaxtlarında ev və həyət işləri ilə məşğul olur, yay aylarında öz təsərrüfatında meyvə qurusu hazırlayır. O deyir: – Dörd ildir ki, ailəmlə birlikdə meyvələrin qurudulması ilə məşğuluq. Bağımızda, gördüyünüz kimi, bir çox meyvə ağacları var ki, hər il onlardan bol məhsul yığırıq. Yazın ilk aylarından başlayaraq ta ki payızın axırlarına qədər barlı-bərəkətli bağımızdan topladığımız meyvələri quruduruq. Meyvələrin qurudulmasının ən sadə və qədim üsulu onları gün işığında qurutmaqdır. Bu üsuldan indi də geniş istifadə olunur. Əvvəlcə meyvələri qurudaraq saxlamaq mənim üçün gündəlik məşğuliyyət idi. Alma, armud və bu kimi digər meyvələri doğranmış, çəyirdəkli meyvələri isə bütöv halda gün düşən yerə sərib qurudurduq. Ancaq bu üsul həddindən artıq çox vaxt aparırdı. Bunun üçün ailə üzvlərimizlə qərar verərək meyvəqurutma maşını aldıq. İndi daha rahat bir şəkildə bu işi görürük. Gülsüm xanımın fikrincə, quru meyvələr Azərbaycanın bir çox bölgələrində hazırlanır, amma Naxçıvanda hasilə gələn qurular öz dad-tamı ilə və heç bir qatqısı olmaması ilə digərlərindən fərqlənir. Müsahibim şaftalının, almanın, armudun qurudulma qaydasından danışaraq deyir ki, meyvəni dilimləyərək qurutmaq lazımdır. Almanın qurudulmasında əsas diqqət edəcəyimiz iş onun tam yetişib kəpəklənməməsidirsə, armudda isə əksinə, tam yetişməsidir. Beləcə, meyvələr tam quruyub hazır olduqdan sonra 150, 300, 500 qramlıq qablarda qablaşdırılaraq satışa çıxarırıq. Bununla yanaşı, xurma, heyva, alça və ərik meyvələrinin də qurudulması ilə məşğul oluruq. Bağımızda əkdiyimiz meyvə ağacları sırasında əriyin öz yeri var. Yığdığımız əriklərdən mürəbbə, cem, kompot hazırlayır, qalanını isə quruduruq. Bu il 3 ton ərik və 2 ton alça qurutmuşuq. Əriyin bərklərini, tam yetişməyənlərini qurutmaq daha məsləhətdir. Onları seçib yuyur, çəyirdəksiz olaraq quruduruq. Əriyin qurudulması zamanı “şalağ”, “limon ərik”, “xurma ərik”, “cır ərik” və bir çox digər ərik növlərindən istifadə edirik. Onu da deyim ki, ərik qurusu qanazlığının müalicəsində və yaddaşın yaxşılaşdırılmasında müsbət təsirə malikdir.
Gülsüm xanım onu da diqqətimizə çatdırdı ki, quru meyvə qış aylarında, xüsusən də kənd yerlərində yaşayanların ən çox istifadə etdiyi qida məhsullarından hesab edilir. Hər kəsə məlumdur ki, xalq təbabətində meyvə qurusundan bir çox xəstəliklərin müalicəsində, xüsusilə də vitaminsiz qidalandığımız qış aylarında immunitetimizin möhkəmlənməsində çox faydalıdır. Elə ki havalar soyudu, qurutduğum qaxlardan hər səhər bir boşqab yığaraq evə gətirirəm və evdəkilərə məsləhət görürəm ki, axşam düşənə kimi mütləq onları yeyib qurtarsınlar. Bununla yanaşı, qurutduğum bu nemətləri satışa da çıxarıram. Necə deyərlər, alıcım da başımın üstündədir. Bu yaxınlarda keçiriləcək “Ailə təsərrüfatı məhsulları”nın satış-yarmarkasında da iştirak edəcək, yarmarkaya xeyli məhsul təqdim edəcəyəm. Dövlətimizin yaratdığı şərait bizim kimi təsərrüfat sahiblərinə geniş imkanlar açır.
Bu gün meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunmuş Dövlət pro­qramının uğurlu icrası yeni meyvə bağlarının salınmasına şərait yaradıb, bu sahəyə aid məhsulların idxalını aradan qaldırıb. Eyni zamanda təsərrüfat ənənələrimizi yaşadan, ekoloji təmiz məhsul istehsalı ilə məşğul olan yeni ailə təsərrüfatlarının da fəaliyyətinə stimul olub. Bu təsərrüfatların öz dadı və ləzzəti, keyfiyyəti ilə seçilən məhsulları isə nəinki diyarımızda, ölkəmizdə də geniş alıcı rəğbəti qazanmaqdadır.

Aytac CƏFƏRLİ

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR