Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 22 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi və onların arasında Naxçıvan Muxtar Respublikası media təmsilçilərinin də olması dövlətimizin mətbuat sahəsinə göstərdiyi qayğının bariz nümunəsidir. Prezidentin sərəncamı ilə qəzetimizin əməkdaşlarından baş redaktorun müavini Mətanət Məmmədovanın “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adı, məsul katibin müavini Məhəbbət Mirzəyevanın isə “Tərəqqi” medalı ilə təltif edilməsi kollektivimizə ikiqat bayram sevinci yaşatdı.Yüksək ada layiq görülən həmkarlarımızın bir neçəsi ilə həmsöhbət olduq.
Rauf Əliyev – Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, “Tərəqqi” medalı ilə təltif edilən jurnalist:
– Əvvəlcə onu qeyd etmək istərdim ki, ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi mətbu irsimizə verilən ən böyük dəyər olmaqla yanaşı, həm də inkişaf mərhələsinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli mətbuatımızın yubileylərinin qeyd edilməsi ilə bağlı ənənəyə söykənir. Həmin ənənənin uğurla davam etdirilməsi hər bir jurnalisti qəlbən sevindirir. Bu çərçivədə mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin fəxri adlarla, medallarla təltif edilməsi, media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addımların atılması, mətbuata əlavə maliyyə yardımının ayrılması dövlətimizin mətbuata, jurnalist əməyinə verdiyi çox yüksək qiymətin parlaq nümunəsidir.
Mən də çox sevinirəm ki, mətbuat sahəsində fəaliyyətim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, göstərilən diqqət və qayğıdan kənarda qalmamışam. Sevinirəm ki, bu qayğını canım qədər sevdiyim doğma Naxçıvanda fəaliyyət göstərdiyim illərdə daha aydın şəkildə hiss etmişəm. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərində üçotaqlı mənzillə təmin olunduğum günü indi də yaxşı xatırlayıram. Həmin vaxt sevincimin həddi-hüdudu yox idi. Onu da deyim ki, məndən əvvəl də, sonra da muxtar respublikada çalışan çoxsaylı jurnalist həmkarlarım bu sevinci yaşayıblar. Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında” 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmağım mənə böyük sevinc bəxş etdi. Bir daha əmin oldum ki, çəkilən zəhmət həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Mənim və digər dəyərli, layiqli həmkarlarımın fəxri adlarla, medallarla təltif edilməsi də bunun növbəti nümunəsidir. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.
Abbas Seyid – “El həyatı” qəzetinin redaktor əvəzi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti:
– Taleyim elə gətirib ki, mətbuatdakı fəaliyyətim həm Sovetlər Birliyi vaxtına, həm səksəninci illərin sonu, 90-cı illərin əvvəllərindəki anarxiya dövrünə, həm də inkişaf, tərəqqi və firavanlıq illərinə təsadüf edib. Amma etiraf etmək vacibdir ki, son 25 il ərzində kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğını görmək həyatımın ən gözəl anları olub. Mətbuata, qələm sahiblərinə yaradılan hərtərəfli şərait, onların əməkhaqlarının bir neçə dəfə artırılması, ən əsası isə jurnalistlərə göstərilən qayğı yüksək dərəcədədir. Muxtar respublikanın bugünkü inkişafı hər bir jurnalist üçün ilham mənbəyidir. Bu mənbə həyatımızın bütün sahələrindədir. Biz jurnalistlərin üzərinə isə o düşür ki, qələmi əlinə alıb bu günün salnaməsini yaradaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir”. Qədim diyarımızda həyata keçirilən abadlıq və quruculuq işləri, tariximizə, mədəniyyətimizə, sadə əmək adamlarına göstərilən hərtərəfli diqqət və qayğı bu günün tarixini qələmə alan bizlər üçün ən dəyərli mövzulardır.
Layiq görüldüyüm yüksək ad məsuliyyətimi daha da artırıb. Bu mənə göstərilən ən böyük qayğıdır. Bunun üçün ölkə Prezidenti cənab İlham Əliyevə və Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Mənə göstərilən etimada bundan sonrakı fəaliyyətimdə də əməli işimlə cavab vermək üçün daha səylə çalışacağam.
Elnarə Heydərova – Naxçıvan Dövlət Televiziyasının İctimai-siyasi məsələlər redaksiyasının redaktoru:
– “Nuhçıxan Naxçıvan”, “Ailə təsərrüfatları”, “Günün tələbi” və bir çox verilişin müəllifidir. O da Azərbaycan milli mətbuatının 145 illik yubileyi günündə “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb. O, Ali Diplomatiya Kollecinin Beynəlxalq jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib:
– İlk əmək fəaliyyətinə 1997-ci ildə başlamışam. Bu iş mənim həyatımdır. Mən özümü bu peşəsiz təsəvvür edə bilmirəm. 19 il Xəbərlər redaksiyasında işləmişəm. 5 ildir ki, İctimai-siyasi məsələlər redaksiyasında fəaliyyətimi davam etdirirəm. Jurnalistlik peşəsini jurnalistlərimiz Adil Babayev, Afiq Haqverdiyev, Aydın Tarverdiyev, Nurəddin Babayev kimi peşəkarlardan mənimsəmişəm. Onlardan öyrəndiklərim hər addımbaşı köməyimə çatır. Bu gün Naxçıvanda biz media nümayəndələrinin işləməsi üçün hər cür şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə edən fədakar jurnalistlərin əməyi həmişə dövlətimiz tərəfindən qiymətləndirilir. Onlardan biri ola bilmək isə hamımızın arzusudur. Bu gün bizə göstərilən qayğı bu sahədə çalışan gənc əməkdaşlara da əlavə stimul oldu. “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülməyim məsuliyyətimi ikiqat artırdı. Elə bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə keçirdiyi yaradıcılıq müsabiqəsində “Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişafının, turizm potensialının, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin, tarixi-mədəni irsimizin və milli dəyərlərimizin təbliği” istiqaməti üzrə ikinci yerin qalibi olmuşdum ki, bu təltif sevincimin üstünə daha böyük sevinc gətirdi. Əmək fəaliyyətimə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlığımı bildirirəm. Bundan sonra da bu və ya digər verilişləri hazırlayarkən ulu Naxçıvanımızın qədim tarixinin, folklorunun təbliğatçısına çevriləcək, təbiətini, torpağının zəhmətkeş, səmimi insanlarını, onların əməyini daha dolğun şəkildə tamaşaçıya çatdırmağa çalışacağam.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Elşən Məhərrəmov da Azərbaycan milli mətbuatının 145 illik yubileyi günündə “Tərəqqi” medalı ilə təltif olunub. Dövlət əhəmiyyətli tədbirlər üzrə peşəkar videomontaj operatoru, illərdir, saysız-hesabsız efir materiallarını zərgər dəqiqliyi ilə işləyib tamaşaçılara çatdıran bir televiziya işçisi kimi bu sevinci yaşayanlardandır:
– Naxçıvan televiziyasına 2005-ci ildə, burada montajçı işləyən bacım Gülşən Məhərrəmovanın tövsiyəsi ilə gəldim. Sonralar montaj işini öyrənməyimdə də ən böyük dəstəkçim elə o oldu. Amma o zaman televiziya maddi-texniki sarıdan kasad idi. Kameralar videokasetlərlə işləyirdi, elə montajlar da. Videokasetlə montaj çox ağır, üzücü bir iş, böyük vaxt itkisi demək idi. Ancaq indi maddi-texniki baza çox güclənib. Təkcə Xəbərlər redaksiyasının 4 montaj otağı və biri 10 min manat dəyərində olan HD montaj kompüterləri və qurğuları var. Əvvəllər gecə saat 2300-a qədər gördüyümüz işi artıq operativ olaraq 3-4 saata və fiziki yorğunluq çəkmədən başa çatdırırıq. İndi elə montaj proqramları da var ki, bir neçə işi eyni vaxtda görə bilirik. Lakin proqramlar, avadanlıqlar dəyişsə də, yaradıcılıq prinsipləri eynidir. 15 illik əmək fəaliyyətimin 3 ili televiziyanın digər redaksiyalarında verilişlərin montajına, 12 ili isə Xəbərlər redaksiyasında montaj işinə həsr olunub. 2014-cü ildən Xəbərlər redaksiyasında həm də rejissor işini aparıram.
Bu günün mətbuat işçiləri xoşbəxtdirlər. Ona görə ki, biz jurnalistlər Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi Naxçıvanın zəngin tarixi keçmişini, dosta qürur, düşmənə gözdağı olan bu gününü və möhkəm təməllər üzərində dayanan parlaq gələcəyini qələmə alanlarıq.
Ramiyyə ƏKBƏROVA