“Evimizdən, elimizdən zorla çıxarılandan sonra gəlib Beyləqanda bir çadırda məskunlaşmışdıq. Yoldaşımı və əmim oğlanlarını Qubadlı uğrunda gedən döyüşlərdə itirmişdim. Həmin gecə səhərə kimi yatmadım. Səhərə yaxın gözümə təzəcə yuxu gedirdi ki, bir at səsi eşitdim. Və tələsik çölə çıxdım. Nə görsəm yaxşıdır? Neçə gündür ki, itkin düşən, kənddən çıxanda yoldaşımın tapa bilmədiyim ən yaxın dostu – boz atımız bizim yaşadığımız həyətə gəlib. İnana bilmirdim ki, neçə kilometr yolu gəzib bizi tapıb. Çox sevinmişdim onu görəndə. Bir neçə gün qaldığımız yerin həyətində dayanıb durdu, heç nə yemədi, gəldiyimiz torpaqlara doğru baxır, sanki bizə” yurdumuza – sahibinin məzarı olan torpağa geri qayıdaq”, – deyirdi baxışları ilə. Bir gün tezdən qalxıb ona baxmağa getdim, amma yox idi. Harasa getmişdi. Beləcə, aylar keçdi, amma o vəfalı atdan xəbər çıxmadı. Bir müddət sonra həmin illərdə o səngərlərdə döyüşən qonşumu gördüm. Soraqladım ki, ay bala, bizim həyətdəki o boz at gəlib bizi tapmışdı, amma bir neçə gün qalıb yenə harasa getdi. Bəlkə, onu görmüş olasan? Bir anlıq gözləri doldu. Bəlkə də torpağının və sahibinin həsrətinə dözə bilməyib neytral zonadan keçib kəndinizə qayıtmaq istəyəndə murdarların basdırdığı minaya düşdü? Torpaq həsrəti təkcə insanları yox, dilsiz-ağızsız heyvanları belə ölümə aparırmış, – dedi.
Bu hadisəni illər öncə Qubadlıdan olan Sona xalanın dilindən eşitmişdim. O deyirdi ki, doğma el-obanın intizarı təkcə insanları göynətmir, yurduna həsrət qalmış digər canlılara da təsir edir. Sona xala Qubadlının işğalı günü yurdundan bir ovuc torpağı ovuclayıb, kələğayısının bir küncünə qoyub, düyünləyib özü ilə götürmüşdü. Nəvələri deyirdi ki, hər gün dəfələrlə o torpağı iyləyib ətrini duymasa, yaşaya bilməz.
Zəngəzur mahalının qədim yaşayış məskəni, uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu. 1988-ci ildən başlayan qeyri-bərabər döyüşdə bu torpaq uğrunda yüzlərlə şəhid verən Qubadlının 30 mindən çox əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum edildi. Əhalisinin uzun illər alın təri və zəhmətlə topladıqları var-dövlət, tikdikləri evlər, yollar, körpülər, bir sözlə, hər şey ermənilər tərəfindən dağıdıldı, talan olundu. İşğalçılar o torpaqda daşı-daş üstdə qoymadılar. Evləri söküb, son daşına qədər apardılar. Qubadlını viran etdilər.
Bir şəhər, 93 kənd, 31 inzibati ərazi dairəsindən ibarət aid olan rayon 14 mart 1933-cü ildə yaradılıb. İnzibati mərkəzi Qubadlı şəhəridir. Qubadlı toponimi “qubadlı” tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Başqa bir fikir isə belədir: “Qubadlı” toponimi V-VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır. Qubadlı rayonu tarixdə “Bərgüşad” mahalı kimi də tanınıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda “Bərgüşad” adlı türkdilli tayfanın adı çəkilir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir. Qubadlı rayonunun səthi dağlıqdır. Rayonda, əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və sair) var. Meşələrin sahəsi 13,2 min hektardır. Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonun işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq Muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid Qalalı və Göyqala abidələri, XIV əsrdə tikilmiş Dəmirçilər türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır. Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Əliquluuşağı kəndindəki Göyqala abidələri, XIV əsrə aid Yazı Düzündəki Cavanşir, Dəmirçilər kəndində olan 2, XVII əsrə aid Gürcülü kəndində, XVIII əsrə aid Xocamsaxlı kəndində olan türbələr ondan xəbər verir ki, Qubadlıda qədim dövrlərdən elm-mədəniyyət mərkəzləri olub.
1993-cü ilin əvvəllərində hakimiyyət ölkəni idarə etmək əvəzinə kürsünü boş qoyub qaçdı. Respublika iqtisadi, hərbi, siyasi böhran içindəydi. Cinayətkarlıq baş alıb gedirdi. Bunlar azmış kimi yerli xəyanətkar qüvvələr xalqı vətəndaş müharibəsi vəziyyətinə gətirmişdi. Müdrik, qətiyyətli və uzaqgörən siyasətçi, ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə o məqamda hakimiyyətə gəldi ki, artıq vətəndaş müharibəsi başlanmışdı. Məhz onun hakimiyyətə yenidən qayıdışı xalqımızı bu çətin vəziyyətdən qurtardı.
Həmin vaxtlar Azərbaycanın müstəqilliyini istəməyən düşmən qüvvələr həm xaricdən, həm də daxildən dövlət çevrilişinə cəhd göstərdilər. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhəboyu erməni hücumlarının miqyası genişləndirildi. Eyni mərkəzdən idarə olunan yerli xəyanətkar qüvvələr özlərinə tabe olan hərbi birləşmələri döyüş mövqelərindən çıxardılar. Cəbrayılın düşmənin nəzarətinə keçməsi ilə rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarılsa da, qüvvələr qeyri-bərabər, zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkünsüz idi. Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız yerli mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi.
Əsas zərbə Xanlıq istiqamətinə yönəldilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxula bildi. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xoçik istiqamətlərində rayona basqın edən erməni hərbi birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdu.
Qeyri-bərabər döyüşlərdə torpaqlarımızın bir hissəsini və Vətən oğullarını itirsək də, ulu öndərimizin hakimiyyətə gəlməsi və mövqeyini möhkəmləndirməsi ilə düşmənin hücumunun qarşısı alındı. 1994-cü ildə əks-hücumla bir neçə yüksəklik geri alınsa da, hələ nizamlı ordu olmadığı üçün daha genişmiqyaslı döyüş aparıla bilmədi.
Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Ulu öndərimiz də həmin dahi insanlardan idi. Dövlətimizin başının üstünü alan qara buludlar da onun gəlişi ilə dağıldı. Öz mənafeyini dövlətin və xalqın mənafeyindən üstün tutan bəzi siyasətbazların da arzusu gözündə qaldı. Dərin zəkası, uzaqgörənliyi, tükənməz enerjisi və təhlil bacarığı görkəmli dövlət xadiminə imkan verirdi ki, ən çətin və çıxılmaz vəziyyətlərdə öz xalqı və Vətəni üçün mümkün variantın ən düzgününü seçsin. Dahi rəhbərin qayıdışının yaratdığı ruh yüksəkliyi ilə düşmənin qarşısında məğrurca dayanan, igidcəsinə döyüşən, canını Vətən yolunda qurban verən oğullarımızın sayəsində torpaqlarımıza uzanan əllər kəsildi. Dahi rəhbərin gərgin əməyi nəticəsində atəşkəsə nail olundu.
Artıq 30 ilə yaxın bir zamandır ki, hər bir azərbaycanlı “Qarabağ” adlı qisas daşıyır ürəyində. İllər keçdikcə bu hiss, ordumuzun gücü, dövlətimizin iqtisadi qüdrəti artdıqca həsrətimizin bitəcəyi gün də yaxınlaşır. Ürəyi Vətən eşqi ilə döyünən oğullar hər an irəli atılmağa, cənnət məkanlarımızdan biri olan Qubadlını geri almağa hazır olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Aprel döyüşləri və Günnüt zəfərində ordumuz hər an torpaqlarımızı öz sahibinə qaytara biləcək gücdə olduğunu göstərdi. Azərbaycan xalqına Qaçaq Nəbi kimi qəhrəman, Həcər kimi igid qadın, Valeh Bərşadlı kimi general və bir çox görkəmli ziyalılar bəxş edən Qubadlının əsl sahibinə qaytarılacağı gün yaxındadır. Xalqımız buna əmindir ki, gün gələcək, şanlı bayrağımız Azərbaycanımızın bütün işğal olunmuş ərazilərinin başı üzərində qürurla dalğalanacaq. Ulu öndərimizin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli addımları xalqımızda bu inamı daha da yüksəkldir və biz əminik ki, “Böyük qayıdış”ın baş verəcəyi gün torpaqlarımız uğrunda canından keçən övladlarımızın qisası alınacaq, onların ruhu şad olacaq.
- Ramiyyə ƏKBƏROVA