22 Dekabr 2024, Bazar

Yayın ortası olmasına baxmayaraq, hər tərəfdə, sanki payız küləyi əsirdi, ucsuz-bucaqsız əkin sahələri saralıb, quruyub xəzana dönmüşdü. Sanki yazda torpağa atılan toxumlar bitmək, göyərmək istəmirdilər. Suyu da azalmışdı dağ bulaqlarının. Hansı ki Ağdamın qalın meşələrlə örtülü dağları həmişə ilin bu vədəsində insanı valeh edərdi. O vəhşət dolu il isə həmin gözəlliklərdən əsər-əlamət qalmamışdı. Od yağırdı Ağdamın başına. Ocağımızdan köz, bulağımızdan su götürən nadanların, sən demə, ocağımızda da, bulağımızda da gözləri var imiş. Çörəkpulu üçün fəhləlik, dəmirçilik, kömürçülük... etdikləri bir şəhərə yiyə çıxmaq eşqinə düşmüşdü ermənilər. 70 illik “qardaşlarımızın” xainliyi, mənfurluğu başıqarlı dağların buz bulaqlarının suyunu da qurutmuşdu. Qarabağın gözü olan Ağdam 1988-ci ilin fevralında Ermənistan və Dağlıq Qarabağdan çıxarılan on minlərlə azərbaycanlını köksünə almışdı. İnsanlarının vətənpərvərliyi, döyüş ruhu ilə düşmənə hər zaman gözdağı olan sevimli, yaraşıqlı Ağdamımız! O vaxtlar nə biləydi ki, mənfurların ən böyük arzusu ona yiyələnməkdir...

1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirməkdə kömək edir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldığından ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyulun 7-də Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. Ağdamın müdafiəsində, əsasən, könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır. Bu, Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itki idi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaş şəhid oldu.

Həmin günlər xalqımızın yaddaşına vətəndaş müharibəsinin alovlandığı, torpaqlarımızın işğalı ilə bərabər, həm də qurtuluş günləri kimi yazıldı. Belə ki, xalqın təkidli tələbi ilə iyun ayında yenidən hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyev öz siyasi gücü və xalqın köməyi ilə ölkədə baş verən hadisələrin, qardaş müharibəsinin qarşısını almağa, bununla bərabər, ermənilərin törətdikləri terroru dünyaya çatdırmağa səy göstərirdi. Hələ Naxçıvanda Ali Məclisin Sədri olduğu illərdə dahi rəhbərin göstərişi ilə Türkiyə ilə Azərbaycan arasında salınan Ümid körpüsü vasitəsilə xarici jurnalistlər oraya gətirilmiş və cinayətkar ermənilərin əməlləri dünya ictimaiyyətinə çatdırılmışdı. Tanrının Azərbaycan xalqına bəxşi olan dahi rəhbər dövlətimizi bu sınaqdan da üzüağ çıxardı. Görkəmli dövlət xadimi Azərbaycan cəmiyyətinin vahidliyini qorudu, onun sosial bərabərsizliyinə, regional faktor, dini və milli mənsubiyyət amili nöqteyi-nəzərindən parçalanmasına yol vermədi. Bununla da, Azərbaycan dövlətçiliyinin yaşaması təmin olundu. Torpaqlarımızın daha genişmiqyaslı işğalının qarşısı alındı.
Dövlətçilik tariximizdə, mədəniyyətimizdə xüsusi yeri olan Ağdam Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla, ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan Azərbaycan rayonudur. İşğala məruz qaldığına görə rayonun yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır. Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadrat­kilometr olan rayonun relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. Rayon Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minilliklərin keşməkeşlərindən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və Orta Tunc dövrlərinə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhərtipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-ci illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında Son Tunc və Dəmir dövrlərinə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. ХХ əsrdə Qarabağ at cinsinin tariхində ən önəmli hadisə olan Ağdam Atçılıq Zavodu da erməni təcavüzünə məruz qaldı. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genofondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Ağdam Atçılıq Zavodu 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir.
Bu gün Ağdamdan olan 143 minə yaxın məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. Ulu öndərimizin hakimiyyətə gəlməsi ilə düşmən işğalından azad olunan Ağdam ərazisinin bir hissəsində – düşmənlə beş-on metr yaxınlıqda bu gün inkişaf və tərəqqi var. Aprel döyüşlərində düşmən tərəfin ağır silahlardan atdığı mərmilərlə dağıdılan evlər dövlət rəhbərinin qayğısı ilə yenidən inşa edilib sakinlərin ixtiyarına verilib. Ali Baş Komandan cənab İlham Əliyevin Aprel döyüşlərində həmin ərazilərdə olması sakinlərin torpaqlarına daha da möhkəm tellərlə bağlanmasına və gələcəyə daha böyük ümidlə baxmasına səbəb oldu. Dövlət başçısının cəbhə bölgəsinə səfəri və: “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində müvəqqəti olaraq torpaqlarımız işğal altına düşmüşdür. Ancaq biz öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq”, – dediyi sözlər qələbəyə olan inamımızı daha da ­artırdı.
Mən Ağdamda dünyaya göz açmasam da, orada böyüməsəm də, həyatımın 4 ilini bu rayonun Çəmənli kəndində keçirmişəm. Orada tanımışam məğrur insanlarını Ağdamın. Və onlarla bərabər, hər səhər dinamit döşənib partladılan ucamərtəbəli binaların, vandalizmə məruz qalan tarixi abidələrin göyə sovrulan dumanını izləmişəm. Hər yay yandırılan torpaqlarımızın yüksələn alovunu görmüşəm. Dağıdılan abidələrin, yandırılan torpaqların dumanı illərdir, dilə gəlir. “Qafqazın qapısı” adlandırılan Ağdam ermənilərin vandallığı ucbatından Qafqazın Xerosimasına dönüb. Uzun illərdir, öz Vətənindən öz yurduna həsrətlə, ürək yanğısı ilə baxır ağdamlılar. Bu isə damarında azərbaycanlı qanı axan hər kəsin ürəyində qəzəb, intiqam alovunu atəşləndirir... Çəmənlidə, Xındırıstanda, Ağcabədi rayonunun Arasbar, Yuxarı Qiyamaddınlı kəndində bir gün belə, keçirənlər indi onların həsrətini duyur. Səngərdə dayanan hər bir hərbçi isə hər an bu həsrətə son verməyə hazırdır. Öz doğma torpaqlarından zorla çıxarılanlar əmindirlər, bilirlər ki, məqam gözləyir Azərbaycan əsgəri, Aprel döyüşlərində olduğu kimi. 2016-cı ildə cəmi dörd gün ərzində düşmənin 24 il qurduğu istehkamları yarıb Lələtəpə və Talış yüksəkliklərini, 2018-ci ildə isə Naxçıvan istiqamətində bir gecədə 11 min hektar ərazini azad edən ordumuzun hər bir əsgəri yeri gələndə Səməd bəy Mehmandarov, yeri gələndə Polad Həşimov, yeri gələndə Mübariz İbrahimovdur. Hər bir ağdamlı əmindir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad ediləcək, gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı bu yerlərdə dalğalanacaq. Silahı dosta kölgə, düşmənə ölüm gətirən ordumuz xalqımıza tarixin ən şanlı Qələbə gününü tezliklə yaşadacaq. Yaxın günlərdə dövlət sərhədimizdə baş verən döyüşlərdə ordumuzun düşmənin hücum cəhdlərinin qarşısını qəhrəmancasına alaraq geri oturtması və günlərdir, xalqımızın ordumuza dəstək olaraq hər an döyüşə getmək əzmləri bunu bir daha sübut etdi.

- Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR