21 Dekabr 2024, Şənbə

Kəndlinin işi heç vaxt bitib-tükənmir. O, indi növbəti qayğılarla yaşayır. Yaz-tarla işlərinə hazırlıq görür. Yazda səpinin, becərmə və yem tədarükünün uğurlu keçməsi üçün texnikanın sazlığı mühüm şərtdir. Ehtiyat hissələrinin qəhətə çıxdığı bir vaxtda maşın və mexanizmləri vaxtında təmir edib sazlamaq o qədər də asan deyil. Vaxt isə gözləmir. Bolluq yaratmaq, qıtlığın, bahalığın qarşısını almaq üçün kəndli əkib-becərməli, istehsalı genişləndirməlidir. Lakin yalın əllə yüz hektarlarla sahədə məhsul yetişdirmək olmaz. Bu mənada, “texnika kəndlinin sağ əlidir!” devizi bu gün də öz əhəmiyyətini itirməmişdir. Təəssüf ki, texnikanı almaq, onu daim saz vəziyyətdə saxlamaq ildən-ilə çətinləşir. Sözdə hamı kəndə köməkdən danışır, ölkədə yaranmış qıtlıqda kəndlini günahlandırır. Lakin əməli işdə ona arxa durub kömək edən isə olduqca azdır. Hamıya məlumdur ki, sənaye məhsullarının qiyməti get-gedə bahalaşır. Bu da kənd təsərrüfatı istehsalının səmərəsinin azalmasına, bu sahədə çalışanların güzəranının çətinləşməsinə səbəb olur. Ancaq ruhdan düşüb geri çəkilmək, süfrələri boş qoymaq da olmaz... İşimizə mane olan cəhətlər də var. Ehtiyat hissələrini vaxtında ala bilmə­məyimiz təmir işlərini ləngidir. Bəzi ehtiyat hissələri isə heç tapılmır.

“Şərq qapısı”
14 mart 1991-ci il

Kəndlinin əməyini yüngülləşdirmək üçün həyata keçirilən
tədbirlər öz bəhrəsini verir


30 il öncə qələmə alınan bu məqalə tarix etibarilə bizə necə uzaqdırsa, elə orada adıçəkilən problemlər də o qədər yadlaşıb. Ötən dövr ərzində yuxarıda sadalanan bütün problemlər həll edilib. Yol düzgün seçiləndə uğur qazanmaq da çətin olmur. İllər öncə nə əkəndə, nə biçəndə, nə də ki suvaranda texnika tapa bilən əkinçinin, kəndlinin zəhməti boşa gedir, əli torpaqdan soyuyurdu. Artıq bütün bu problemlər də öz həllini tapıb. Uzun illər aparılan islahatlar nəticəsində kəndlinin əməyini yüngülləşdirmək üçün dövlət tərəfindən bir çox tədbirlər həyata keçirilib, müasir texnikalar alınaraq lizinq yolu ilə onlara verilib. 

Ardını oxu...

Üç il öncə ilin bu günündə dağlarda qızıl lalələr açanda bizim də könlümüz igid oğullarımızın qəhrəmanlığı ilə açıldı. İllərdi həsrətlə yol gözləyən Günnütümüz azad oldu. Oğuz eli, Vətən torpağı, Dədə Qorqudun izlərini özündə gizləyən Naxçıvanın əzəli parçası Günnüt yenidənəsl sahibinə öz anasına, Azərbaycanına qovuşdu. Qəhrəmanlar yurdu, qədim Naxçıvanın igid oğulları tariximizin şanlı səhifələrindən daha birinə zəfər dastanı yazdı. Həmin gün sanki yenidən dünyaya gəldi Günnüt. Babalardan miras qalan qeyrət yolunda oğullarının qazandığı zəfərlə qovuşduq atalarımızın ruhunun gəzdiyi torpağa. Zəfər himni çalındı, əzan oxundu illərdi həsrətdə olan torpaqda. Bu gün Naxçıvan-Sədərək magistral yolunun kənarındakı “Günnüt” yazılan lövhəyə baxanda xatirələrim məni 30 il bundan öncəyə aparır. Bu kəlmədə nələr var hansından deyim, hansından yazım görəsən. 1990-cı illərə, texnikasız, yüngül çaplı silahlarla Ermənistanla sərhəd kəndlərimizin keşiyində duran oğulların igidliyindənmi, evini tərk etmək istəməyib burdan getmərəm mənim qibləm bu yurddadır, buranın ətri olmadan onsuzda yaşaya bilmərəm deyən analarımızdanmı. Yoxsa yoldaşı səngərdə döyüşən özü isə güllə yağmuru altında gündüzlər döyüşçülərə isti yemək, çörək bişirən döyüşçülərin qışın o sərt günlərində səngərdə ayaqları donmasın deyə gecələr yun corab toxuyan gəlinlərimizdənmi, son yadigarı olan nişan üzüyünü, qulağındakı sırğanı, boynundakı hilini silah alınması üçün müdafiə fonduna bağışlayan nənələrimizdənmi. Ya ögey övlad münasibəti görülərək tək başqaşına qalmasına baxmayaraq, son ana kimi döyüşən mərd Naxçıvandanmı. Biz bunları kitablardan oxumadıq, kinolarda görmədik. Yaşadıq biz bunları, şahid olduq. Amma heç vaxt sınmadıq əyilmədik. Tarixin ikinci oyununa da qalıb gəldik qopmadıq anamızdan qopara bilmədilər bizi Azərbaycandan. Onların məkrli planı yüz il öncə bizi anamızın bağrından qoparıb mənfurlara vermək idi İrəvan, Zəngəzur kimi. Amma bacara bilmədilər həmin dövrdə də, yenə də. Bütün dünya birləşsə də bizim bütövlük, birlik sevgimizi bitirə bilmədi. Həmin illərdə burada Əlincənin rəşadəti bir daha yaşandı. Ötən əsrin 90-cı illəri yaddaşımıza həm çətin, həm də birlik qəhrəmanlıq illəri kimi yazılıb. Həmin illərdə Azərbaycanımız bədnam qonşularımızın hücumuna məruz qalmışdı. Muxtar respublikamızdakı vəziyyət isə heç də ürək açan deyildi. Düşmən hücumları ilə bərabər blokadaya da alınan yurdumuzda insanlar çətin də olsa düşmən hücumlarının qarşısını mərdliklə alır geri çəkilmirdilər. O günlərdə Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Mənfurların atdıqları mərmilər rayon mərkəzinə belə düşürdü. Sədərəkdə qanlı döyüşlər getməsinə baxmayaraq Kərki kəndi və düşmənə əsir düşən Günnüt qəlbimizin sızlayan yarasına çevrilmişdi. O Günnüt ki, orada Asəf Rəhimovun kimi oğullar son ana kimi döyüşmüş düşmənə əsir düşməmək üçün son gülləsi ilə öz canına qıymışdı. Onun da ruhu düz 26 il idi ki, həsrətlə yolumuzu gözləyirdi. Günnüt, ordakı şəhid ruhları doğma insanlarının səsini, isti nəfəsini soraqlayırdı yollara dikilmişdi gözləri. Haray salırdı, düşmən tapdağında yaşamaq istəmirdi səbri də tükənmişdi o gözəl torpağın.

Ardını oxu...

      Həmin gün – 1992-ci ilin 8 may günü qara hərflərlə yazılmışdı tariximizə. Alınmaz qala Şuşamız satılmışdı, xainlərin əli ilə pay verilmişdi düşmənə. Həmin Şuşa ki, tarixboyu düşmən üçün alınmaz olmuşdu . O Şuşa ki, Məhəmməd Şah Qacarın qoşunlarına təslim olmamışdı. O Şuşa ki, orada Pənahəli xanın, Vaqifin, Xan qızı Natəvanın izləri vardı. Həmin Şuşa ki, xarı bülbülü, Çətir şəlaləsi, Topxana meşəsi, Cıdır düzü ilə heyran qoyurdu hər kəsi. Şuşalı qadınların  ətəyimizə daş doldurub düşmənin başına töksək, o, Şuşaya yaxın gələ bilməz, – dediyi   Şuşa  sapı özümüzdən olan baltaların köməyi ilə peşkəş verildi erməniyə. Satıldı Xocalı, Kəlbəcər kimi. İllərlə nə az, nə çox, bir igidin ömrü qədər gözü yollarda qaldı gözəl Şuşamızın. O, öz yaxınlarının səsini, isti nəfəsini axtarırdı, donurdu yad baxışlardan, sinəsi yanırdı, tüstüsü göylərə sovrulurdu dağıdılanda tarixi abidələri,  nəfəsi kəsilirdi sinəsinə düşmən əsgəri ayaq basanda, gözləri dolurdu bağrında erməni bayrağı dalğalandıqca, bulaqları quruyurdu torpağında Azərbaycan musiqisi ilə yallı gedən düşmən əsgərini görəndə. Şuşasız keçdi 28 ilimiz... Öz doğma yurdunu görmədən neçə nisgilli insan köçdü, şuşasız şuşalılar gəldi dünyaya həmin illərdə... Şuşasız 28 il... Bu xalq nələr yaşadı, nələrə dözdü, amma əyilmədi, ümidini itirmədi...

Ardını oxu...

Naxçıvanda – bu ulu yurdda dünyaya göz açıb, böyüyüb boya-başa çatan, iki mərd, vətənsevər, igid oğulun yolu 44 günlük Vətən müharibəsində kəsişdi. Bu yolun yolçularının taleyi, sanki eyni yazılmışdı. Ömürlərinin bahar çağında payız fəslini də bahara çevirdilər, igidlikləri ilə Vətən torpağında əzizlərinin isti nəfəsini duymadığı üçün solan, illərdir, imdad diləyən xarı bülbülü öz qızıl qanları ilə suvardılar. Onların babaları da adaş idi, özləri də. İki igid oğul qədim Naxçıvanın igidlər yurdu Şərur rayonunun Qarahəsənli kəndində dünyaya ayrı-ayrı vaxtlarda göz açsalar da, eyni yolun yolçusu oldular. Vətən müharibəsində ölümsüzlüyə qovuşdular. Vətənsevər, qəlbi torpaq sevgisiylə dolu, qanına vətənpərvərlik hopan iki cəsur, nər oğul həyatlarını uf demədən qurban verdi Vətən torpağına. Onlar Qarahəsənli kəndinin Qarabağda öz canından keçən ilk igidi deyillər. Azərbaycanın Milli Qəhrəmanı Kərim Kərimov da bu yurd yerində dünyaya göz açmışdı. Elə üçünün də məzarı yan-yanadır kənd məzarlığında. Bu iki igid Kərimin xain düşmənin gülləsinə tuş gəldiyi üçün tamamlaya bilmədiyi bir missiyanı yerinə yetirdi. Onlar Milli Qəhrəmanımıza qələbə müjdəsini çatdırdılar. Kənddə ilk ziyarət etdiyim ünvan Həsən Quliyevin ocağı oldu.

Ardını oxu...

27 sentyabr 2020 ci il tarixdə Dağlıq Qarabağda 30 ildən artıq bir müddətdə qövr eyləyən bir yaranın qaysağı qopdu. Elə həmin gün qəhrəman Azərbaycan əsgəri öz şücaətini göstərdi, nəyə qadir olduğunu sübuta yetirdi. Ordumuzun qüdrəti qarşısında tab gətirməyən düşmən uzun illərdir, möhkəmləndirdiyi səngərlərini, döyüş postlarını buraxıb qaçdı, yüzlərlə erməni silahlısı məhv edildi. Bu döyüş zamanı əsgərlərimiz dillərə dastan olacaq mətanət göstərdilər, Qarabağın heç bir zaman düşmənə güzəştə gedilməyəcəyini sübuta yetirdilər.

            Əvvəllər adi yüngül bir silahdan atılan güllə, partlayan mina səsi cəbhə bölgəsindəki insanları təşvişə salırdısa, həmin günlərdə ətrafa yayılan yaylım atəşləri, top mərmilərinin səsləri heç bir qorxuya səbəb olmurdu. Sakinlər yaşadığı kəndi tərk etmək istəmirdi, qadın, uşaq, ağsaqqal, ağbirçək başlarının üstündən gurultu ilə keçən mərmilərdən qorxmayıb onların düşmənin mövqelərini sərrast vurmağını gözləyirdilər. Düşmən mövqeyinə hər düzgün atılan mərmi cəbhədəki əhali tərəfindən sevinclə, alqışla qarşılanırdı. Hər kəsin ürəyi cəbhədə, səngərdə döyündü. 44 gün gecə -gündüz cəbhə boyu bütün Azərbaycan -heç kim gözünü bir an belə yummadı. Həmin günlərdə Azərbaycanın hər evi səngərə, hər vətəndaşı əsgərə çevrildi. Gələn xəbərlər insanlara sevinc hissləri ilə bərabər canını Vətən torpağna qurban verən igidlərin şəhadət üzüntüsünü də yaşadırdı. Heç bir qələbə itkisiz olmur təbii ki, böyük zəfər də igid oğullarımızın canı bahasına qazanıldı. Hərəsi bir evin madarı, bir ananın göz nuru, bir bacının qardaşı, bir gözəlin adaxlısı olan igidlər Vətən torpağının bir qarışını belə öz canlarından üstün tutdular. Onlar öz qəhrəmanlıqları ilə adlarını tarixin qızıl səhifələrinə yazıb düşmənə bir daha sübut etdilər ki, bu torpağın hər qarışı bizim üçün əzizdi və heç vaxt güzəştə gedilməyəcək. Onlar bizim fəxrimiz, baş ucalığımız ömürlük həsrətimiz oldular. Yüksəldikləri zirvə ilə ölümsüzlüyə qovuşan oğulların sayəsində bu millət, bu xalq başını dik tutur. Onlardan biridir qədim, Sədərəyin dəmir iradəli oğullarından olan Rüfət Gözəlov . Anası Ruhəngizin görən gözü, bacısı Lətifənin döyünən ürəyi, qardaşı Nihadın dayağı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanıqla şəhidlik zirvəsinə ucalan Rüfət oktyabrın 27-də Şuşa döyüşlərinin qəhrəmanlarından biridir. Ruhəngiz ana deyir ki, biz şəhid anaları təkcə öz övladımızın yox, bütün şəhid oğullarımızın anasıyıq. Onlar bizim qəlbimizin sönməyən atəşi, həm də qürurudur. Rüfətin yaşı az olsa da vaxtından əvvəl ev qayğılarına bürünmüşdü. Evimizin nə işi olsa qardaşı ilə bir həll edərdi. O qədər saf ürəyi var idi ki, balamın şəhidlik zirvəsinə belə yüksələcəyini yuxusunda görmüşdü. Həmişə deyirdi ki, Qarabağ işğaldan azad edilənə kimi ordudan tərxis olunmayacağam. Bizim generalımız şəhid olub, onun qisasını almalıyıq ki, başımızı dik tuta bilək. Balam öz arzusuna çatdı, aldılar generalın da qisasını, vaxtı ilə düşmən gülləsi ilə vəhşicəsinə qətlə yetrilən vətəndaşlarımızın da. Bir gün gələcək hər kəs köçüb gedəcək bu dünyadan onlar isə əbədi yaşayacaq bu xalqın, bu millətin yaddaşında. Bircə təsəllim budur ki, o, öz ölümü ilə əbədiyyət qazandı. Oğlumun adı öz əməli ilə tarixə yazıldı.

            İgid bir qardaşın bacısı olmaq şərəfli və qürurludur. Rüfət öz igidliyi ilə tarixboyu yaşayacaq. O və onun kimi oğullar öz igidliyi ilə tarix yazdı. İllər öncə təhqirə məruz qalan azərbaycanlı qızların qisasını aldılar. Bilirəm ki, qardaşımın ruhu şaddır, çünki onun uğrunda canından keçdiyi torpaqlar azaddır. Orada artıq Azərbaycan əsgəri addımlayır, –deyir Lətifə.

Ardını oxu...

Naxçıvanın iki mərd oğlunun yolu eyni yerdə kəsişirdi. Bu ulu yurda dünyaya göz açıb, böyüyüb boya-başa çatan, iki mərd, vətənsevər igid oğulun yolu 44 günlük Vətən müharibəsində kəsişdi. Bu yolun yolçularının taleyi sanki bir yazılmışdı. Ömrün bahar çağında payız fəslini də bahara çevirdilər öz igidlikləri ilə, öz qızıl qanları ilə suladılar Vətən torpağında öz əzizlərinin isti nəfəsini duymadığı üçün solan illərdi imdad diləyən xarı bülbülü.Onların babası da da adaş idi özləri də İki igid oğul Həsən qədim Naxçıvanın igidlər yurdu Şərur rayonun Qarahəsənli kəndində dünyaya ayrı ayrı vaxtlarda  göz açsalar da eyni yolun yolçusu oldular. Vətən müharibəsində ölümsüzlüyə qovuşdular.  Vətənsevər, qəlbi torpaq sevgisiylə dolu, qanına vətənpərvərlik hopan iki igid nər oğul həyatlarını uf demədən qurban verdi Vətən torpağına. Onlar bu kəndin Qarabağda öz canını torpağa qurban verən ilk igidi deyillər. Azərbaycanın Milli Qəhrəmanı Kərim Kərimov da bu kənddə dünyaya gəlib. Elə məzarları da yan yanadı kənd məzarlığında. Bu iki igid Kərimin düşmənin xain gülləsinə tuş gəldiyi üçün tamamlaya bilmədiyi bir misiyyanı yerinə yetirdilər. Onlar Milli Qəhrəmanın yanına ona qələbə xəbəri verməyə getdilər. 

Kənddə ilk ziyarət etdiyim ocaq Həsən Quliyevin  ocağı oldi.

Anası İradə xala oğlu üçün bəzədiyi -muzeyə çevirdiyi otaqda qarşlayır bizi.  Bu otaqda nələr yoxdu Həsin hərbi formaları xidmət etdiyi və təhsil aldığı illərdə  təltifləri kitabları şəkilləri. Həsənin rəsimlərindəki gülən  gözlərinə, gənc üzünə baxanda bir anlıq kədər bürüsə də məni az sonra bu kədəri qürur əvəz edir. İradə xala deyir ki,   Həsən dünyaya gələndə ona babasınıln adını verdik. Babası hərbiçi olub. İkinci Dünya Müharibəsi Veteranı idi. Adı ilə bərabər o babasının sevdiyi sənəti də özünə layiq bildi. Balaca olanda özündən böyük qohumların uşaqlarında kimdə hərbi forma görsə mütləq onun papağını götürüb başına geyərdi. Hərbçi olacam deyərdi. Üç oğlumun sonbeşiyidi Həsən o nə istəsə  həmişə ona çatmaq üçün mübarizə aparmaqdan yorulmazdı. Heydər Əliyev adına Hərbi Liseyə də Azərbaycan Ali Hərbi Məktəbinə də öz istəyi ilə getdi. Təhsilini bitirib leytinant rütbəsi alanda çox sevinmişdi. İlk xidmətə cəbhə bölgəsi olan Göranboy rayonun Ballıqaya kəndində başladı. Vətən müharibəsi başlayan gündən ürəyim yanırdı sanki onla danışa bilmirdim deyə özümə yer tapa bilmirdim. Gecə gündüz fikrim oradakı övladlarımızın yanında idi. Üç gün idi ki siddətli döyüşlər gedirdi Həsənin şəhid  xəbəri  gələn günü onun ad günü idi həmin gün 24 yaşı tamam olacaqdı.   Oktyabırın birində  balamı o çox sevdiyi uğrunda canından keçdiyi Vətən torpağına tapşırdıq. Hər gün gedirəm o müqəddəs məzarına igid oğlum sənin qisasını aldı hərbçi yoldaşların. Arzusunda olduğun qələbə xəbərini sən gətirdin özündə bilmədən qələbə müjdəçisi, sülh göyərçini oldun. Döyüşlərdə göstərdiyin igidliyə görə Ail Baş Komandan səni “ Vətən uğrunda”, “ III Dərəcəli Vətənə xidmətə görə ” medalı ilə təltif etdi deyirəm.

Ardını oxu...

Əvvəllər qızımıza cehiz mebel almaq üçün Bakıya, Şəkiyə üz tutardıq... Artıq bir neçə ildir ki, muxtar respublikamızda belə keyfiyyətli avadanlıqlarla dolub-daşır dükan-bazarlarımız. Ürəyin istəyən çarpayını, divanı, stolu seçirsən, həm də sərfəli qiymətə qapınıza gətirirlər. “İndi daha yun yu, döşək sal dərdi də yoxdur. Bu fabrikdə elə gözəl döşəklər var ki, elə bil qu tüküdür”, – deyir Nəcibə nənə. Onu sevindirən isə uzaq yolların yaxınlaşması deyil təkcə. Fərəhlənir ki, daha çox seçim var burada, həm də münasib qiymətə...

Ardını oxu...

Yazın gəlişi ilə torpaqdan boylanan quşəppəyinin, nanənin, yarpızın ətri ətrafı bürüyəndə çöllərdə, dağlarda cacıq, mərəçüyüd, salmanca, unnuca, əvəlik, yemlik toplayan qadınlarımıza tez-tez rast gəlirik. Belə gözəl günlərdən birində Sədərək rayonunda Səkinəxatun nənənin qonağı olduq. Qərara gəldik ki, “Şir arxı”nın ətrafında, Vəli dağının ətəyində bitən can dərmanı bitkiləri birlikdə toplayıb evə gətirək, axşama – iftar süfrəsi üçün dadlı yeməklər bişirək. Səhərin saf havasını ciyərlərimizə çəkə-çəkə həmin ərazilərə üz tutduq. 

Ardını oxu...

Bolluğun təməlinin qoyulduğu  fəsillərin tacı yaz öz gəlişi ilə yurdumuza yeni çalar, ilahi rəng bəxş etməklə yanaşı, ruhumuzu saflaşdırır, ürəyimizdə kök salmış arzularımıza, istəklərimizə çatmaq həvəsimizi artırır. Bu fəsil, eyni zamanda torpağa bağlı, əkinçi, biçinçi, zəhmət adamlarının qayğılı günlərinin başlandığından xəbər verir. İndi ilin elə vədəsidir ki, gün çıxandan ta gün batana kimi kənd adamı əkin yerində alın tərini torpağa qatır, ilin məhsulunun əsasını qoyur. Sərhəd rayonu olan Sədərəyin zəhmət adamları da gününün çoxunu əkin yerlərində, bağlarda keçirir. Kimi şitil əkir, kimi üzüm tağlarını torpaqdan çıxarıb bağlamaqla məşğuldur, kimisi isə yeni ting əkib calaq vurmaqla. Təkcə Sədərəkdə deyil, ilin-günün bu vədəsində muxtar respublikamızın hansı kəndinə yolunuz düşsə, orada zəhmətkeş insanlarla iş başında rastlaşarsınız.

Ardını oxu...

Axşam düşüb qaranlıq çöksə də onlara getməmiş, onun həyat hekayəsini dinləməmiş ezamiyyətdə olduğum Şərur rayonundan ayrılmaq fikrində deyiləm. Xanlıqlar kəndi böyük kənddir amma kimdən soraq alsaq, şəhid Lətifin ocağını bizə nişan verəcək deyər kəndin işıqlı küçələri ilə irəliləyirik. Yolu keçən bir gənc diqqətimizi çəkir, avtomobili saxlayır, ondan şəhid ocağının yerini soruşur, bizimlə birlikdə getməsini rica edirik. Öyrənirik ki, bu gənc Lətifin yaxın dostu imiş. Osman Həsənov uşaqlıqdan Lətiflə qardaş kimi olduğunu deyir:

 – Onunla birgə olub həmişə hər işimiz, eyni məktəbdə təhsil alıb həmişə bir yerdə olmuşuq. Orduya yazılmamışdan əvvəl birgə işləyirdik. O, heç vaxt heç kimin xətrinə dəyməzdi. Həmişə harda köməyə ehtiyac duyan birini görsə, əl tutardı. Ailəsinə çox bağlı idi. Hərbçi olmaq arzusu çoxdan var idi, imkan düşən kimi orduya yazılacağam deyirdi. Müddətdən artıq hərbi xidmətçi olmaq üçün müraciət etmişdi. “Hə” cavabı gələndə sevincinin həddi yox idi. Bir neçə ay idi ki, Vətənə xidmət kimi şərəfli bir peşənin sahibi olmuşdu... Vətən müharibəsinə gedəndə kənddə görüşdük gülə-güllə getdi döyüşə. Füzulinin azad edildiyi döyüşlərdə şəhid olduğu xəbərini eşidəndə bütün dostları onun qisasını almağa can atırdı. Elə bir oğul idi Lətif min oğula bərabər. O, elə bir zirvəyə yüksəldi ki, daim yaşayacaq. Hər birimiz onun çatdığı zirvəyə can atırıq.

Ardını oxu...

    Beş yaşlı bir oğul, atasının doya-doya qucaqlaya bilmədiyi, əlindən tutub məktəbə aparmaq arzusunda olduğu, gələcəyi üçün, kim bilir, necə xəyallar qurduğu, adını Uğur qoyub, “sən mənim uğurumsan” dediyi kiçik yaşda birdən-birə böyüyən Uğur qarşılayır məni yaşadıqları binanın qarşısında. Yol göstərir, evimiz bu tərəfdədir, balaca olduğuma baxma ki, mən də atam kimi, komandirəm, deyir. İnanmırsan gedək evə anama deyim sənə şəkilləri də göstərsin. Atamın əsgərləri artıq mənim əsgərimdi, evimizə gəlmişdilər mənə raport verdilər.

     Uğurla söhbət edə-edə evə çatır, hər tərəfi igid Məmmədhəsən Sadiqlinin şəkilləri ilə bəzənən otağa daxil oluruq. Şəhidin anası Səadət ananın həsrət dolu gözlərinə baxıram, o gözlərdə nələr var...

      Bir oğulun yox, min oğulun həsrəti var bu ananın gözlərində. Hamısı eynidi, bütün şəhid analarının baxışları. Əbədi həsrət çökən baxışlar. Onlar təkcə öz övladının deyil, hər bir şəhidin qəmini çəkir çünki.

Ardını oxu...

Yolumuz Azərbaycanın döyünən ürəyi Naxçıvanın ən çətin günlərdə düşmənin qarşısında alınmaz qalaya, səddə çevrilən Sədərəyinədir. O Sədərək ki daşına, torpağına qanı ilə tarix yazan igid, qəhrəman Vətən övladlarının sayəsində düşmənin canına qorxu salır, mərd duruşuyla dosta qürur, düşmənə gözdağı verir. Tarixin keşməkeşli yollarında xalqımızın igidliyi bu məkanın həm Vətən torpaqlarının ilk, həm də son sərhədi olduğunu, müqəddəsliyini sübuta yetirdi.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR