21 Dekabr 2024, Şənbə

Üç il öncə ilin bu günündə dağlarda qızıl lalələr açanda bizim də könlümüz igid oğullarımızın qəhrəmanlığı ilə açıldı. İllərdi həsrətlə yol gözləyən Günnütümüz azad oldu. Oğuz eli, Vətən torpağı, Dədə Qorqudun izlərini özündə gizləyən Naxçıvanın əzəli parçası Günnüt yenidənəsl sahibinə öz anasına, Azərbaycanına qovuşdu. Qəhrəmanlar yurdu, qədim Naxçıvanın igid oğulları tariximizin şanlı səhifələrindən daha birinə zəfər dastanı yazdı. Həmin gün sanki yenidən dünyaya gəldi Günnüt. Babalardan miras qalan qeyrət yolunda oğullarının qazandığı zəfərlə qovuşduq atalarımızın ruhunun gəzdiyi torpağa. Zəfər himni çalındı, əzan oxundu illərdi həsrətdə olan torpaqda. Bu gün Naxçıvan-Sədərək magistral yolunun kənarındakı “Günnüt” yazılan lövhəyə baxanda xatirələrim məni 30 il bundan öncəyə aparır. Bu kəlmədə nələr var hansından deyim, hansından yazım görəsən. 1990-cı illərə, texnikasız, yüngül çaplı silahlarla Ermənistanla sərhəd kəndlərimizin keşiyində duran oğulların igidliyindənmi, evini tərk etmək istəməyib burdan getmərəm mənim qibləm bu yurddadır, buranın ətri olmadan onsuzda yaşaya bilmərəm deyən analarımızdanmı. Yoxsa yoldaşı səngərdə döyüşən özü isə güllə yağmuru altında gündüzlər döyüşçülərə isti yemək, çörək bişirən döyüşçülərin qışın o sərt günlərində səngərdə ayaqları donmasın deyə gecələr yun corab toxuyan gəlinlərimizdənmi, son yadigarı olan nişan üzüyünü, qulağındakı sırğanı, boynundakı hilini silah alınması üçün müdafiə fonduna bağışlayan nənələrimizdənmi. Ya ögey övlad münasibəti görülərək tək başqaşına qalmasına baxmayaraq, son ana kimi döyüşən mərd Naxçıvandanmı. Biz bunları kitablardan oxumadıq, kinolarda görmədik. Yaşadıq biz bunları, şahid olduq. Amma heç vaxt sınmadıq əyilmədik. Tarixin ikinci oyununa da qalıb gəldik qopmadıq anamızdan qopara bilmədilər bizi Azərbaycandan. Onların məkrli planı yüz il öncə bizi anamızın bağrından qoparıb mənfurlara vermək idi İrəvan, Zəngəzur kimi. Amma bacara bilmədilər həmin dövrdə də, yenə də. Bütün dünya birləşsə də bizim bütövlük, birlik sevgimizi bitirə bilmədi. Həmin illərdə burada Əlincənin rəşadəti bir daha yaşandı. Ötən əsrin 90-cı illəri yaddaşımıza həm çətin, həm də birlik qəhrəmanlıq illəri kimi yazılıb. Həmin illərdə Azərbaycanımız bədnam qonşularımızın hücumuna məruz qalmışdı. Muxtar respublikamızdakı vəziyyət isə heç də ürək açan deyildi. Düşmən hücumları ilə bərabər blokadaya da alınan yurdumuzda insanlar çətin də olsa düşmən hücumlarının qarşısını mərdliklə alır geri çəkilmirdilər. O günlərdə Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Mənfurların atdıqları mərmilər rayon mərkəzinə belə düşürdü. Sədərəkdə qanlı döyüşlər getməsinə baxmayaraq Kərki kəndi və düşmənə əsir düşən Günnüt qəlbimizin sızlayan yarasına çevrilmişdi. O Günnüt ki, orada Asəf Rəhimovun kimi oğullar son ana kimi döyüşmüş düşmənə əsir düşməmək üçün son gülləsi ilə öz canına qıymışdı. Onun da ruhu düz 26 il idi ki, həsrətlə yolumuzu gözləyirdi. Günnüt, ordakı şəhid ruhları doğma insanlarının səsini, isti nəfəsini soraqlayırdı yollara dikilmişdi gözləri. Haray salırdı, düşmən tapdağında yaşamaq istəmirdi səbri də tükənmişdi o gözəl torpağın.

2018-ci il may ayında Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi. Bununla da ordumuz daha əlverişli mövqelərə sahibləndi, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçdi. Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edildi. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən “Qızılqaya” yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Qazanılan uğur Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırılıb. Yaxın günlərdə may ayının 10 da ulu öndərin böyük qələbən sonrakı ilk ad günündə Onun dünyaya gəldiyi torpağa -yurdumuza səfər edən Ali Baş Komandan cənab İlham Əliyev 2018 ci ildə qazanılan zəfəri xatırladaraq deyib:

          “Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan Ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də, bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə, Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır. Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü. Yəni Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi”.

Həmin günlərdə azad olunan Qızılqayadan Qarabağımızın başı qarlı dağları görənlər Naxçıvanımızın tarixinin şanlı səhifələrindən birinin yazıldığı Günnüt zəfərinin Qarabağda qurulacaq toy-büsatımızın xəbərçisi olduğunu deyirdilər. Hər birimiz yaxşı bilirdik ki, işğaldan azad ediləcək növbəti ünvan Qarabağımız olacaq. Günnüt kəndinin mühafizəsi artıq etibarlı əllərdə, öz əsgərlərimizin nəzarətində olan gündən bu torpaqlarda dolaşan ruhlar da dinclik tapdı. Hakim mövqelərə nəzarət edən ordumuzun qüdrətindən qorxuya düşən ermənilər bir güllə atmağa belə, cəsarət etmirlər. Bu gün fəxr və qürur hissi ilə deyirik ki, Günnüt zəfərini qazanan igidlərimizin səsi Vətən müharibəsində Şuşadan, Cəbrayıldan, Zəngilandan gəldi. Onlar torpaqlarımızı işğaldan azad edib şəhid, qazi, qalib olub başımızı uca etdilər.

      Ramiyyə ƏKBƏROVA   

 

 

 

 

 

 

 

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR