Gənclər təşkilatlarının rəhbərlərinin, üzvlərinin və fəal gənclərin iştirak etdiyi dəyirmi masanı giriş sözü ilə açan Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov deyib ki, dövlət gənclər siyasətinin əsas prioritet istiqamətlərindən biri də gənclərdə intellektual bilik və bacarıqların yaranması və inkişaf etdirilməsidir. Son illərdə ölkədə intellektual hərəkatın inkişafı və Azərbaycan gənclərinin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması kimi önəmli məsələlər diqqətdən kənarda qalmamışdır. Bu məqsədlə gənclər və yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə Azərbaycan çempionatları, “Xəmsə” milli intellektual oyunu üzrə I Dünya Çempionatı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan çempionatları, Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda “Breyn Rinq” intellektual oyunu üzrə beynəlxalq turnirlər keçirilmişdir.
Sevindirici haldır ki, bu gün muxtar respublikamızda da intellektual sahə xüsusilə diqqət mərkəzindədir. Gənclər Mərkəzində, təhsil ocaqlarında, şəhər və rayon mərkəzlərində eləcə də məktəbdənkənar təhsil müəssisələrində yeniyetmə və gənclərin elmə, təhsilə marağını artıran müxtəlif bilik yarışlarının keçirilməsi əsas hədəflərdən biridir. Bu gün Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və aid təşkilatlar tərəfindən muxtar respublikamızda yeniyetmə və gənclər arasında mütəmadi olaraq intellektual oyunlar təşkil edilir, gənclərin, gənclər təşkilatlarının bu istiqamətdəki layihələrinin həyata keçirilməsinə dəstək göstərilir. “Xəmsə”, “Breyn Rinq”, “Nə? Harada? Nə zaman?”, “Erudit Kvartet”, “İnteqrasiya”, “Kviz” və sair kimi oyunlar, əslində, yeniyetmə və gənclərin həyatında mühüm dəyişikliklərə səbəb olur. Belə oyunlar yeniyetmə və gənclərin intellektual inkişafı üçün böyük əhəmiyyət daşıyır. Vurğulanıb ki, təkcə 2021-ci ilin 5 ayı ərzində Naxçıvanlı gənclər “Xəmsə” Milli İntellektual Oyunu üzrə XIII Azərbaycan çempionatının, “Azərbaycan Könüllüləri arasında Nə? Harada? Nə zaman? İntellektual Oyunu üzrə Respublika Birinciliyi”nin qalibi olublar.
Qeyd edilib ki, bu il “Xəmsə” Milli İntellektual Oyunu Azərbaycanda ilk dəfə olaraq muxtar respublikamızda dörd xarici dildə keçirilib. “Kviz” intellektual oyunu üzrə muxtar respublika liqasına start verilib. Rayon gəncləri arasında “Breyn Rinq” intellektual oyununun keçirilməsinə başlanıb.
Arzu Qasımov keçirilən bu cür dəyirmi masaların əhəmiyyətindən bəhs edərək qeyd edib ki, bu gün təşkil edilən dəyirmi masanın məqsədi də intellektual oyunlar, onların növləri, funksiyaları və tədris prosesinə tətbiqi imkanlarının müzakirə edilməsi, bu sahədə olan mövcud problemlərin həlli və gələcək perspektivlərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdan ibarətdir.
Dəyirmi masanın moderatoru Sübhan Rəhimli iştirakçıları dəyirmi masanın gündəliyi ilə tanış etdikdən sonra müzakirələrə başlanılıb.
Çıxış edən Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov deyib ki, müasir dövrdə elm inkişaf etdikcə yeniyetmə və gənclərin bilik və bacarığını təkmilləşdirən meyarlar da meydana çıxıb. Gənclərin intellektual oyunlara cəlb edilməsi isə uğurlu bir addımdır, çünki onların intellekt səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlər hərtərəfli inkişafa hesablanmış addımlardır. Bu gün Naxçıvanda keçirilən intellektual oyunlarda onlarla komanda mübarizə aparır. Bu oyunların komanda şəklində keçirilməsi isə onların kollektivləşməyə, kollektiv oyunlara marağını artırır. Belə yarışlarda iştirak edən gənclərin böyük əksəriyyətinin həm savadı, həm səviyyəsi onların daha böyük yarışlara cəlb edilməsinə imkan yaradır. Yeniyetmə və gənclərimizin iştirak etdiyi intellektual yarışlarda sualların çoxunun ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası ilə bağlı olmasını isə ələlxüsus qeyd etmək lazımdır. Bu, onlarda həm vətənpərvərlik hisslərinin yüksəldilməsinə, həm də milli şüurun formalaşdırılmasına öz təsirini göstərir.
Çıxış edən Naxçıvan Müəllimlər İnstitutu Tələbə Gənclər Təşkilatının sədri Ayxan Hüseynli intellektual oyunların təşkilinin əsas psixoloji və pedaqoji aspektlərindən söz açdı. Bildirdi ki, buraya oyuna cəlb edilmədə məcburiyyətin olmaması, əlçatanlıq, aydınlıq, əyanilik və emosionallıq kimi amillər daxildir. Bu gün hər bir gənc müasir dövrün tələblərini təhlil etmək və onun əsasında qərar qəbul edə bilmək bacarığına malik olmalıdır. Buna görə də intellektual oyunlarda iştirak etmək gəncləri gələcəkdə bir mütəxəssis kimi formalaşdırmaqda, özünü təsdiq etməkdə böyük rol oynayır. Belə oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında ünsiyyət qurulur, onlar özlərinə yeni dostlar qazanırlar. Yeniyetmələr, həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən insana təsir edir, onun inkişafında böyük rol oynayır.
Çıxış edən “Naxçıvan” Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tural Məmmədzadə, YAP Ordubad Rayon Təşkilatı Gənclər Birliyinin sədri Nurlan Səfərli, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Valeh Mahmudov, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşı, “Estafet” Gənclərin İctimai Birliyinin İdarə Heyətinin sədri Xanım İbrahimova, YAP Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Cahandur Məhərrəmov, YAP Kəngərli Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Kənan Məmmədov və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Nəqşicahan” Gənclər Birliyinin sədri Həcər Əsgərova mövzu ətrafında öz fikirlərini bölüşüb, rəy və təkliflər səsləndiriblər. Bu istiqamətdə tele layihələrin və onlayn tədbirlərin sayının artırılması, intellektual oyunların tədris prosesinə daha çox inteqrasiya edilməsinin əhəmiyyəti vurğulanıb.
Sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan Könüllüləri arasında Nə? Harada? Nə zaman? İntellektual Oyunu üzrə Respublika Birinciliyi”ndə Naxçıvan könüllülərini təmsil edərək I yeri qazanan gənclərə hədiyyə kuponları təqdim olunub. Gənclər həmçinin muxtar respublikada keçirilən intellektual oyunlarda fəallıq göstərdiklərinə görə Gənclər Fondu tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.