Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Təmsilçimiz Nəsrin Babayeva (1704) bu turda beynəlxalq usta Səbinə İbrahimovanı (2213) sınağa çəkib və qalib gəlib. Digər zəka sahibimiz Nazlı Hümbətova (1381) beynəlxalq usta Gülnar Məmmədovaya (2382) məğlub olub.
Liderlər cədvəlində qərarlaşan qrossmeyster Zeynəb Məmmədyarova (2274) bu turu da qələbə ilə başa vurub. O, qrossmeyster Xəyalə Abdulladan (2263) üstün olub. Eyni uğura FIDE ustası Ayan Allahverdiyeva (2088) FIDE ustası Ləman Hacıyevanı (1982) məğlub etməklə müvəffəq olub. Bu turda qrossmeyster Ülviyyə Fətəliyeva (2301) Səbinə Rzalını (1925) məğlub etdiyi halda, Mələk İsmayılla (1997) beynəlxalq usta Gövhər Beydullayevanın (2263) görüşündə sülh qeydə alınıb.
Turnir cədvəlinə hazırda 4,5 xalla Gülnar Məmmədova və Zeynəb Məmmədyarova başçılıq edirlər.
Bu gün 6-cı turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:
Nazlı Hümbətova - Zeynəb Məmmədyarova
Ayan Allahverdiyeva - Xəyalə Abdulla
Nəsrin Babayeva - Ləman Hacıyeva
Gövhər Beydullayeva - Səbinə İbrahimova
Səbinə Rzalı - Mələk İsmayıl
Gülnar Məmmədova - Ülviyyə Fətəliyeva
Görüşlər saat 14:00-da başlayacaq.
Ceyhun MƏMMƏDOV