22 May 2024, Çərşənbə

Yaponiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi mayın 20-də muxtar respublikamıza səfər edib. Diplomat əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsinə dərin ehtiramını bildirib, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağın nəzərinə çatdırılıb ki, muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Təqdirəlayiq haldır ki, dünyanın 72 ölkəsi ilə ticarət əlaqələri olan muxtar respublikada 11 ildir ki, xarici ticarət əlaqələrində müsbət saldo qeydə alınır ki, bu da sahibkarlığa dövlət qayğısının bəhrəsidir.

Naxçıvan Turizm İnformasiya Mərkəzində olan qonağa məlumat verilib ki, mərkəzin yaradılmasında məqsəd muxtar respublikanın turizm potensialının təbliğində görülən işlərin daha da sürətləndirilməsidir. Muxtar respublikanın turizm potensialının təbliği, ölkə ərazisində fəaliyyət göstərən digər turizm informasiya mərkəzləri ilə əlaqələrin yaradılması və informasiya mübadiləsi aparılması mərkəzin başlıca vəzifələrindəndir.
Möminə xatın türbəsi ilə tanışlıq zamanı qonağa bildirilib ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan bu türbə 1186-cı ildə tikilib. İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdəndir.

Culfa gömrük sərhəd-buraxılış məntəqəsində olan səfirə məlumat verilib ki, burada inzibati bina ilə sərhəd-keçid məntəqəsinin vahid kompleks halında inşa olunması idarəetməni daha da təkmilləşdirib. Sonrakı illərdə də gömrük infra­strukturunun yenilənməsi üçün işlər görülüb, maddi-texniki baza möhkəmləndirilib. Muxtar respublikamızın digər gömrük orqanları kimi, Culfa gömrük sərhəd-buraxılış məntəqəsində də iş prosesi “bir pəncərə” prinsipi əsasında tamamilə avtomatlaşdırılıb, avtonəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması üçün “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi” qurulub.
Ordubad rayonunun Vənənd kəndinə gedən səfir “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətində, limon təsərrüfatında da olub, meyvəçilik ənənələri, meyvə və şəfalı bitkilərdən təamların hazırlanması, qablaşdırılması qaydaları və ixracı ilə bağlı zəngin məlumat əldə edib, Ordubad şəhəri ilə tanışlıq bölgədə qədimdən bəri formalaşan mədəniyyət, milli-mənəvi dəyərlər, eləcə də rayonun tarixi keçmişi, müasir görkəmi haqqında diplomatda dolğun təəssürat yaradıb.
Mayın 21-də Yaponiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Naxçıvan Günəş Elektrik Stansiyasında olub. Səfirə məlumat verilib ki, 2015-ci ildə Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikilmiş 22 meqavat gücə malik Naxçıvan Günəş Elektrik Stansiyası ən son texnoloji yeniliklər əsasında qurularaq fəaliyyət göstərir. 36 hektar ərazidə tikilmiş stansiyada ən müasir “şüşə-şüşə” tipli günəş panelləri quraşdırılıb, onun fəaliyyəti tamamilə kompüterləşdirilib.
Ağbulaq Xizək Mərkəzi və Batabat iqlim kurort zonası ilə tanışlıq qonaqda muxtar respublikanın turizm potensialı barədə dərin təəssürat yaradıb.
Sədərək gömrük sərhəd-buraxılış məntəqəsinə gedən diplomata məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün müasir kompleks tikilir. Ən müasir avadanlıqların quraşdırıldığı kompleksdə gömrük nəzarəti və rəsmiləşməsi “bir pəncərə” prinsipinə uyğun həyata keçiriləcək, “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq olunacaqdır. “Qırmızı kanal”a daxil olan minik nəqliyyat vasitələrinin yoxlanılması üçün 3 zolaqda maşınaltıbaxış sistemi qurulub.

Səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzində olan Yaponiyanın səfiri buradan müasir səhiyyə turizmi imkanları ilə bağlı zəngin təəssüratlarla ayrılıb. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində olarkən bu müqəddəs ziyarətgah yaponiyalı diplomatda böyük maraq yaradıb. Məlumat verilib ki, 2001-ci ildən etibarən ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısına daxil edilən ziyarətgah haqqında bir sıra ədəbiyyatlarda, o cümlədən müqəddəs “Qurani-Kərim”də məlumat vardır.
Yaponiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi “Şərq qapısı” qəzetinə müsahibə verib: – Dünən və bu gün Naxçıvanda bir çox yerlərlə tanış olduq. Muxtar respublikanın təbiəti mənim çox xoşuma gəldi. Əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm, enerji və logistika sahələri ilə daha yaxından maraqlandım. Eyni zamanda təhsil sahəsində əməkdaşlığın inkişafına dair təkliflər aldıq. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşüb bir çox istiqamətlərdə gələcək əməkdaşlıq barədə fikirlərimizi bölüşdük.
Naxçıvan Biznes Mərkəzində sərgilənən, muxtar respublikada istehsal edilən məhsulların, eləcə də alternativ enerji mənbələrinin, Şahbuzun, Ordubadın geniş turizm potensialının onda böyük maraq yaratdığını vurğulayan Vada Cüniçi bildirib ki, gələcəkdə bu istiqamətlərdə əməkdaşlığı gücləndirmək fikrindəyik: Ordubad rayonundakı Azadkənddə içməli su təminatının yaxşılaşdırılması layihəsi qarşılıqlı əməkdaşlığımızın bariz nümunəsidir. Düşünürəm ki, bir çox sahələr üzrə mövcud perspektivlər gələcəkdə ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsinə imkan verəcək.

 Nail ƏSGƏROV
 Güntac ŞAHMƏMMƏDLİ
 Aytac CƏFƏRLİ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR