Mayın 6-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsi olub.
Müsabiqəni giriş sözü ilə Təhsil nazirinin müavini Heyran Əhmədova açaraq ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti barədə məlumat verib. Ulu öndərin Azərbaycan tarixində misilsiz rol oynadığını vurğulayan Heyran Əhmədova bildirib ki, müstəqilliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası, müxtəlif sahələrin, o cümlədən təhsilimizin inkişaf tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Biz bu gün Ulu öndərin 98 illiyini qeyd edirik və biz müstəqilliyimizin ən parlaq səhifələrində Heydər Əliyevin imzasını görürük. Bildirib ki, Ümummilli liderin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə tarixi qərarlar qəbul edilmiş, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülmüşdür. Üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması, Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın gələcək inkişafını təmin edəcək işlərin bünövrəsinin qoyulması, ölkəmizdə milli qurtuluş hərəkatının əsasının qoyulması və 15 iyunun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olması dahi rəhbərin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu.
Ümumilikdə 40-a yaxın şagirdin iştirak etdiyi müsabiqədə şagirdlər 2 saat ərzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında inşa yazıblar.
Müsabiqə iştirakçılarının yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq inşa yazı müsabiqəsində Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Ələkbərli Aytən Ağa qızı I yerə, Kəngərli rayon Yurdçu kənd tam orta məktəbin IX sinif şagirdi Abbasova Günay Faiq qızı və Şahbuz rayon 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Vəlizadə Könül Elsevər qızı II yerə, Culfa rayon Ərəzin kənd tam orta məktəbin IX sinif şagirdi Hüseynova Məleykə Xaliq qızı, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Kəngərli Aydan Azər qızı və Ordubad rayon Dırnıs kənd tam orta məktəbin XI sinif şagirdi Hüseynli Billurə İlqar qızı III yerə, Ordubad rayon Kotam kənd tam orta məktəbin X sinif şagirdi Mehdiyeva Zeynəb Səbuhi qızı, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəhimli Səma Coşqun qızı, Heydər Əliyev adına Hərbi Liseyin kursantı İsmayılov Məmməd Elşad oğlu isə həvəsləndirici yerə layiq görülüb.
İnşa yazı müsabiqəsinin qalibləri Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məşləhətçisi