Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında 5-ci turun oyunları keçirilib.
Ötən turu qələbə ilə başa vuran qrossmeyster Vüqar Əsədli (2572) eyni uğuru bu turda da təkrarlayıb. O, 5-ci turda beynəlxalq usta Kənan Qarayevdən (2331) üstün olub. Qrossmeyster Nicat Məmmədov (2609) çətin keçən görüşdə məğlubiyyətsiz irəliləyən qrossmeyster Misrətdin İsgəndərova (2535) ilk məğlubiyyətini yaşadıb. Naxçıvanlı qrossmeyster Urfan Sevdimalıyev (2369) isə beynəlxalq usta Aydın Süleymanlı (2520) qarşısında növbəti məğlubiyyətini alıb. Turnir cədvəlinin liderlərindən biri qrossmeyster Nicat Abasovla (2665) qrossmeyster Fərid Abbasovla (2528) oyunda ağ-qara taxtanı “sülh”lə tərk etməyə razı olub. Tamaşaçılar beynəlxalq usta Abdulla Qədimbəyli (2470) ilə qrossmeyster Eltac Səfərlinin (2598) görüşündə də eyni nəticənin şahidi olublar. Beynəlxalq usta Məhəmməd Muradlı (2449) isə qrossmeyster Vasif Durarbəylinin (2606) müqavimətini qıra bilməyib. Görüş heç-heçə başa çatıb.
5 turdan sonra qrossmeyster Nicat Məmmədov 4 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.
Bu gün 6-cı turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:
Aydın Süleymanlı - Vasif Durarbəyli
Eltac Səfərli - Məhəmməd Muradlı
Nicat Məmmədov - Abdulla Qədimbəyli
Nicat Abasov - Misrətdin İsgəndərov
Vüqar Əsədli - Fərid Abbasov
Urfan Sevdimalıyev - Kənan Qarayev
Görüşlər saat 14:00-da başlayacaq.
- Ceyhun MƏMMƏDOV