Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarının başa çatması münasibətiə buraxılış mərasimi keçirilib.
Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övlatlarının əziz xatirəsi yad edilib. Dövlət Himnimiz səsləndirildikdən sonra polkovnik Mübariz Rzayev kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.
Məzunlar adından çıxış edən Vətən müharibəsi iştirakçısı Siruz Musayev keçirilən kursların əhəmiyyətindən danışıb, xidmət müddətində və kurslarda qazandıqları yeni taktiki bilikləri hər bir döyüş tapşırığının icrası zamanı uğurla tətbiq edəcəklərinə söz verib.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 18 illik siyasi rəhbərliyi dövründə daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayıb. Göstərilən diqqət və qayğının nəticəsində doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə və müzəffər Əlahiddə Ümumqoşun Orduya malikdir. Muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluçuları 44 günlük Vətən müharibəsində də qəhrəmancasına və şücaətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr endirib, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak ediblər. İnanırıq ki, kursları uğurla başa vuran hərbi qulluqçular da döyüşlərdə iştirak etmiş yoldaşlarının təcürbəsindən yararlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçid olub.
Sonda xatirə şəkli çakdirilib.
Kənan Cəlilov