Muxtar respublikada ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasındakı Azərbaycan çempionatında ikinci tura yekun vurulub.
İlk turla müqayisədə bu tur zəka sahibləri arasındakı görüşlər tərəflərin qələbəsi ilə başa çatıb. Qrossmeyster Eltac Səfərli (2598) bu turu da heç-heçə başa vurub. O, qrossmeyster Fərid Abbasovla (2528) xalları yarı bölüb. Beynəlxalq usta Kənan Qarayev (2331) də ötən turda olduğu kimi yenə də “sülh”ə razılaşıb. Bu dəfə o, təcrübəli Nicat Məmmədovla (2609) görüşdə buna müvəffəq olub. Eyni nəticə qrossmeyster Misrətdin İsgəndərovla (2535) qrossmeyster Vasif Durarbəylinin (2606) də oyununda qeydə alınıb.
Ardıcıl iki heç-heçədən sonra beynəlxalq usta Məhəmməd Muradlı (2449) bu turda qələbə sevinci yaşayıb. O, beynəlxalq usta Abdulla Qədimbəylini (2470) üstələməklə, buna nail olub. Qrossmeyster Vüqar Əsədli (2572) ilə beynəlxalq usta Aydın Süleymanlının (2520) görüşündə ağ-qara taxtanı hər iki tərəf yarı xalla tərk edib. Qrossmeyster Urfan Sevdimalıyev (2369) isə qrossmeyster Nicat Abasovla (2665) bacarmayıb və məğlub olub.
Üç turdan sonra 6 zəka sahibinin aktivində 2 xal var.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.
Bu gün üçüncü turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:
Aydın Süleymanlı - Məhəmməd Muradlı
Vasif Durarbəyli - Abdulla Qədimbəyli
Eltac Səfərli - Misrətdin İsgəndərov
Nicat Məmmədov - Fərid Abbasov
Nicat Abasov - Kənan Qarayev
Vüqar Əsədli - Urfan Sevdimalıyev
Görüşlər 1400-da başlayacaq.
* * *
Məhəmməd MURADLI (beynəlxalq usta): Naxçıvanda keçirilən Azərbaycan çempionatının çətin keçəcəyi öncədən məlum idi. Çünki ilk dəfə Bakıdan kənarda təşkil olunan çempionat, açığı bizlər üçün yad gəlirdi. Lakin bura gəldikdə hər şeyin fərqli olduğunu gördük. Təşkilatçılıq yüksək səviyyədədir. Hətta deyərdim ki, dünyanın ən güclü turniri hesab edilən “Tata Stil turniri”ndən də yaxşı təşkil olunub. Şahmatçıların özlərini rahat etməyi üçün istər oyun zalı, istərsə də oteldə qonaqlama mükəmməl təşkil edilib. Üçüncü turda Abdulla Qədimbəyli üzərində qələbə qazandım. O, Azərbaycanın gənc istedadlı şahmatçılarından biridir. Hər zaman onunla oyunlarım uğursuz olub – ya heç-heçə etmişəm, ya da məğlub olmuşam. Bu, Abdulla üzərində ilk qələbəmdir. Oyun zamanı hər hansı böyük taktikadan istifadə etmədim, yalnız fiqurlarımı inkişaf etdirdim və rəqibin vaxt azlığından istifadə etdim. Lakin bu hələ üçüncü turdur, qarşıdakı oyunlara daha ciddi hazırlaşmalı və uğurlu seriyamı davam etdirmək istəyirəm. Qarşıdakı yarışlar barədə gəlincə, hələ bir planım yoxdur və özümü yalnız bu yarışa adaptasiya etmişəm. Qarşıda 8 tur var və bundan sonra final mərhələsi başlayacaq. Həmin final mərhələsində hər bir şahmatçı kimi iştirak etmək istəyirəm.
Ceyhun MƏMMƏDOV