“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq muxtar respublikada əhali arasında pandemiyaya qarşı peyvəndləmə davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq vaksinasiya əhalinin hər bir təbəqəsini əhatə edir. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin avtobus və taksi sürücüləri “Sinovac” vaksininə cəlb olunublar.
Bu məqsədlə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib. Müayinədən keçirilən sürücülərin vaksinasiyasına başlanılıb.
Peyvəndləmənin birinci günü ərzində xüsusi işçi qrupu tərəfindən 116 sürücü “Sinovac” vaksininə cəlb edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.
Vaksinasiyanın ikinci günü ərzində isə günorta saatlarınadək 88 nəfər ilk doza alıb. Peyvəndləmə bu gün davam etdiriləcək. Qeyd edək ki, 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti