27 Aprel 2024, Şənbə

Atletika Federasiyasının Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Atletikanın qaçış, nizəatma və yadro itələmə növləri üzrə qızlar arasında rayon birinciliyi keçirilib.

Birincilikdə Sədərək rayon ümumtəhsil məktəblərinin və atletika klubunun 22 qız idmançısı iştirak edib.

Yarış başlamamışdan əvvəl çıxış edənlər diqqətə çatırıblar ki, bu gün bütün sahələrdə tərəqqi və yüksəliş dövrü yaşayan muxtar respublikada idmanın inkişafına və gənc nəslin sağlam ruhda tərbiyə olunmasına xüsusi qayğı göstərilir. Göstərilən diqqətin və yaradılan şəraitin nəticəsidir ki, muxtar respublika idmanında, eləcə də atletika idman növü üzrə əldə edilən uğurların sayı artır. Bu qayğı məktəbli atletləri daha böyük səylə çalışmağa və qələbələr qazanmağa sövq edir. Bildirilib ki, muxtar respublikanın şəhər və rayon təhsil müəssisələrində yaradılan idman klubları, idmanla məşğul olmaq üçün yaradılmış şərait bu sahənin daha da kütləviləşməsinə və inkişafına imkan yaradır. Bunu idmanda qazanılmış parlaq nəticələr bir daha təsdiq edir.

Daha sonra yarışa start verilib. Gərgin və maraqlı keçən birinciliyin yekun nəticəsinə görə atletikanın qaçış növü üzrə 400 metr məsafəyə qaçış üzrə Zeynəb Babayeva I yerə, Zülfiyyə Süleymanova II yerə, Səma Qasımova III yerə, 800 metr məsafəyə qaçış üzrə isə Aysu Abbasova I yerə, Gülnarə Şirəliyeva II yerə, Nursən Abbasova isə III yerə layiq görülüb.

Yadro itələmə növündə isə şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən idmançılar Ulduz Əkbərova I yerə, Sevinc Məmmədova II yerə, Səkinə Əhmədova III yerə layiq görülüb.

Nizə atma növünün yekun nəticələrinə gəldikdə Ulduz Ələkbərli I yerə, Günel Quliyeva II yerə, Nurgül Qurbanova isə III yerə layiq görülüb.

Qalib idmançılar təşkilatçıların diplom, Fəxri fərman və medalları ilə təltif ediliblər.

Ülviyyə HACIYEVA

 

 

 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR