22 Dekabr 2024, Bazar

Bəşər sivilizasiyasının mədəniyyət ocağı olan Naxçıvanımızda rəssamlığın tarixi lap qədim zamanlardan, Gəmiqaya təsvirlərindən başlamış tarixin bütün dövrləri ilə səsləşən intibah mədəniyyətinin, memarlıq məktəbinin təsiri ilə inkişaf etmiş, diyarımızın təbiət gözəlliklərini öz fırçası ilə tariximizə həkk edən realist rəssamlığın banisi Bəhruz Kəngərli ilə özünün ən qüdrətli dövrünə çatmışdır. Bu gün isə vaxtilə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatı kimi fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yarıməsrlik bir sənət tarixi ilə daha da zənginləşir və inkişaf edir.

Muxtar respublikamızda rəssamlıq sənətinə verilən qiymətin parlaq təzahürüdür ki, ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş növbəti “Naxçıvan bəşəriyyətin beşiyi” adlı rəsm festivalı keçirilir. 42 rəssamın iştirak etdiyi festival 23 may tarixdən başlayıb. Həmin tarixdə şəhərin Saat Meydanında rəssamlarla görüş olub. Daha sonra Saat Meydanının Kinoteatr zalında Naxçıvan Rəssamlar Birliyinin hazırladığı videoçarx izlənilib.
Tədbirə giriş sözü ilə başlayan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva keçirilən festivalın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əsl intibaha nail olunub. Ulu öndərin əsasını qoyduğu mədəniyyətə qayğı və mədəni inkişaf siyasəti bu gün də öz bəhrəsini verməkdə davam edir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə məqsədyönlü tədbirlər görülüb, tarixi-mədəniyyət abidələri yenidən qurulub, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilib. Həmçinin muxtar respublikada incəsənət adamlarına, eləcə də rəssamlara xüsusi diqqət və qayğı göstərilir. “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalının keçirilməsi də bu diqqət və qayğının daha bir ifadəsidir.

Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov çıxış edərək qonaqları salamlayıb, Rəssamlar İttifaqı adından festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib, naxçıvanlı rəssamları Rəssamlar Birliyinin 50 illik yubileyi münasibətilə təbrik edib, həmkarlarına yaradıcılıq uğurları arzu edib.
Rəssam, pedaqoq Rəna Məmmədova çıxış edərək deyib ki, bu gün rəssamlar ikiqat sevinc hissi yaşayır. Çünki bu festival həm də Dağlıq Qarabağın düşmən işğalından azad olunduğu dövrə təsadüf edir. Sevinirik ki, 30 il köksümüzdə nisgil bağlamış Qarabağ yarası artıq sağalıb. Əzəli-əbədi torpağımız olan Qarabağımız Azərbaycana qovuşub. Rəna Məmmədova bu münasibətlə bütün tədbir iştirakçılarını təbrik edib, bundan sonrakı fəaliyyətlərində onlara uğurlar, müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə mərhum rəssam, professor Tahir Salahovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iştirakçılara rəsm üçün lazım olan ləvazimatlar təqdim olunub.
“Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalının iştirakçıları proqram çərçivəsində muxtar respublikanın tarixi və təbiət abidələrinə, görməli yerlərinə ekskursiyalar ediblər. Qonaqlar əvvəlcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən göycə satışı yarmarkasında olublar. Ailə təsərrüfatçıları sənətkar qonaqlarımızı məmnuniyyətlə Naxçıvanın bu brend məhsuluna qonaq ediblər. Daha sonra Batabat iqlim kurort zonası və Ağbulaq İstirahət Mərkəzinə səfər olub. Naxçıvanın əsrarəngiz gözəllikləri, zəngin turizm potensialı təbiət vurğunu rəssamlarımızda böyük maraq yaradıb.
Rəssamlarımızın diyarımız haqqında təəssüratlarını oxucularımıza təqdim edirik.
Azərbaycan Respublikasının Əməkdar rəssamı İrina Eldarova: – Mən Naxçıvanı çox sevirəm. Buranın təbiəti, insanları tamam başqadır. Gəzib-görməli yerləri, füsunkar təbiəti insanı valeh edir. Hər il burada iştirak edirəm. Bir il gəlirəmsə, gələn il mütləq bir daha gəlmək istəyirəm ki, buranın enerjisini ala bilim. Naxçıvan şəhəri və buranın insanları böyük divarlar ardında, blokada olmasına baxmayaraq, çox gözəl və müasir simaya sahibdir. Həqiqətən, çox sakit, təmiz diyardır. Batabat isə öz gözəlliyi ilə göz qamaşdırır.
Azərbaycan Rəssamlar Birliyinin üzvü İlqar Əkbərov: – Mən dünyada bir çox festivallarda iştirak etmişəm, amma Naxçıvanda keçirilən festivallar tamam başqa olur. Gözəl təbiəti, qonaqpərvər insanları, başlıcası isə rəssamlıq sənətinə olan münasibətə görə Naxçıvan hər yerdən fərqlənir. Burada diqqətimi çəkən ən gözəl məqam isə gənc rəssamların da bizimlə birlikdə olması idi. Bu, çox sevindirici haldır ki, yaradılan şərait sayəsində rəssamlıq ənənəsi gənclər arasında bu qədər sevilir və seçilir.
Sonra iştirakçılar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.

Mayın 24-də festival iştirakçıları qədim sənətkarlar yurdu Naxçıvanda bu növbəti sənət bayramına başlamazdan əvvəl Azərbaycan incəsənətinin inkişafında misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etməyi, bu dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etməyi özlərinə mənəvi borc biliblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq sənətkarlarda böyük maraq yaradıb. Onların təəssüratlarından öyrəndik ki, müstəqil Azərbaycanın memarı və qurcusu olan ulu öndərin həyat və fəaliyyətinin müxtəlif mərhələləri təsviri sənətimiz üçün zəngin mövzu mənbəyidir. Sonra rəssamların iştirakı ilə Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında festivalın açılış mərasimi keçirilib, rəssamların yaradıcılıq fəaliyyəti başlayıb.
Festivalın ən maraqlı hissəsi Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında bütün rəssamların iştirakı ilə keçirilən yaradıcılıq tədbiri olub. Belə ki, hər bir rəssam Azərbaycanın ən qədim guşələrindən sayılan Naxçıvanı kətan üzərində əks etdirməyə çalışdı. Muxtar respublikanın zəngin təbiətini, heyrətamiz rənglərini, bənzərsiz mənzərələrini fırça ustaları kətana köçürüblər.
Rəssam Mirazər Abdullayev çəkdiyi “Naxçıvan gözəli” əsəri barədə danışıb: – Naxçıvana ilk dəfədir ki, səfər edirəm. Burada beynəlxalq rəsm festivalının yüksək səviyyədə keçirilməsi və yaradılan şərait bütün rəssamlar tərəfindən sənətə və sənət adamlarına göstərilən qayğı kimi dəyərləndirilir. Yaradıcılığın ilk günü bu qədər əsərin çəkiləcəyini təsəvvür etmirdik. Lakin Naxçıvanın tarixi abidələri, təbiəti və müasir inkişafı ilə tanışlıq, buradakı qonaqpərvərlik hər bir rəssamı daha səylə işləməyə ruhlandırdı. Qısa müddətdə festival iştirakçıları tərəfindən Naxçıvanla bağlı əsərlərin çəkilməsi və sərginin açılması bunu bir daha təsdiq edir. Naxçıvanda rəssamlar üçün yaradılan şəraiti bundan sonrakı fəaliyyətimizdə də daim təbliğ edəcəyik.
Sonda qeyd edək ki, bu gün çəkilmiş əsərlərdən ibarət sərgiyə baxış keçiriləcək.

 Məcid RƏŞADƏTOĞLU
 Aytac CƏFƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR