07 Dekabr 2024, Şənbə

Buna nail olanlar ürəklərdə yaşayırlar


Şərurdakı Şəhidlər xiyabanında uyuyan şəhidlərimiz hərəsi bir yaşda – bir neçəsi subay, bir neçəsi evli, ayrı-ayrı müsbət insani keyfiyyətlərə malik gənclər olublar. Ürəklərində doğma yurda bağlılıq, vətənpərvərlik hissləri aşıb-daşan o şəhidləri sağlıqlarında bir məqsəd birləşdirib: Mənfur ermənilərin torpaqlarımızda at oynatdıqları bəsdir daha! Yetər artıq! Onları yerində oturtmağın vaxtıdır. Bu məsələ tezliklə həll olunmalıdır. Yoxsa, bizdən sonrakı nəsillər bizi bağışlamayacaq.

Başdaşıları üzərindəki şəkillərdəki çöhrələrindən bu hissləri oxumaq çətin deyil. Məğrurluq, dönməzlik, əyilməzlik isə o çöhrələrin yaraşığıdır. Şərurluların müqəddəs and yerinə çevrilmiş ünvan həmişə rayon sakinləri, buraya gələn qonaqlarla dolu olur.
Bu günlərdə həmin xiyabanı ziyarət edərkən hələ uşaqlıq illərindən tanıdığım bir şəhidin məzarı yanında xeyli ayaq saxladım. O illərdən yaddaşımda özünə yer edən xatirələr gözlərim önünə gəldi. Elə uşaqlıqdan cəsarətli idi... Dəfələrlə ziyarət etdiyim həmin məzarda Babaxan Babayev uyuyur. Babaxan 1996-cı ildə Şərur rayonunun Aşağı Yaycı kəndində anadan olmuşdu. Altıncı sinfə qədər kənd məktəbində oxumuş, orta təhsilini isə Bakı şəhərində başa vurmuşdu. Orta məktəb illərində Babaxan idmançı kimi tanınmışdı. Dəfələrlə yarışlarda iştirak etməsi, müxtəlif mükafatlara layiq görülməsi onu tanıyanlarda bu qənaəti yaratmışdı. Hərbi xidmətini uğurla başa vuran, yenidən Şərura qayıdan Babaxanı 30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğal altında qalması hərbi xidmətdə fəaliyyət göstərməyə sövq edib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi çalışarkən zabit və əsgər heyətinin hörmətini qazanıb, təlimlərdə xüsusi fəallıq göstərib, əsgər yoldaşlarına nümunə olub. Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirib. Yoldaşları deyirlər ki, elə bil yaxınlarda müharibə başlayacağı, bizim də onunla birgə döyüşə qatılacağımız Babaxana agah olmuşdu. Çünki tez-tez deyirdi ki, daha tükənib bu xalqın səbri, əsirlikdə olan torpaqlarımız bir az da keçsə, bizdən üz döndərəcək... Hərdən bunu onun xaraktercə romantik olması ilə bağlayırdıq.
...Səfərbərlik başlayanda könüllü olaraq cəbhəyə yollanıb. İkinci Vətən müharibəsi başlayan ilk günlərdən etibarən döyüşlərdə fəal iştirak edib, döyüşlərdən birində ağır yaralanıb. Bunu yoldaşlarından gizlətmək istəyib. Yaxın dostu Şahin bunu hiss edib: – Şəhadətini hiss edib gülümsəyirdi. Sanki o mərtəbəyə çatmağa can atırdı və çatdı. Biz ətrafına yığışmışdıq, ağır-ağır nəfəs alırdı. Biz ağlayırdıq, o isə gülümsəyərək bu sözləri dedi: “Ağlamayın, biz ölmürük, şəhid oluruq”.
Müqəddəs amal uğrunda şəhadətə yüksəlmək səadətinə nəsib olan şəhidimizin atası Əlövsət deyir: “Oğlum şəhid olanda elə bilirdim heç kimim yoxdur. Amma Naxçıvan Hava Limanında avtomobil karvanını, insan selini görəndə həm qürurlandım, həm də nə böyük arxa-dayağım olduğunu başa düşdüm”.
Anası Kamilə xanım: “Həmişə onu uşaq sayırdım, ancaq müharibədə göstərdiyi qəhrəmanlığını eşidəndən sonra bildim ki, oğlum fəxr etməli bir igid imiş...”
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Fərmanına əsasən Babaxan Babayev “Vətən uğrunda” medalı ilə təltif olunub. Məzarı nurla dolsun.
Onu da qeyd etməyi lazım bilirəm ki, belə şəhidlərimizin keçdiyi qısa və şərəfli ömür yolu bu gün hər bir yeniyetmə və gənc üçün örnəkdir. Ona görə də Şərur rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şərur Rayon İdarəsinin, rayonun təhsil müəssisələrinin kollektivləri, müharibə veteranları, ağsaqqallar, müharibədən öz ev-eşiyinə dönən hərbçilərlə görüşlərin keçirilməsinə, şəhidlərin məzarlarının ziyarət edilməsinə böyük önəm verirlər. Bu isə məktəblilərdə vətənpərvərlik hisslərinin gücləndirilməsində, Vətənin müdafiəsinə hazır olmalarında mühüm rol oynayır. Həmçinin yuxarı sinif şagirdlərinin hərbi hissələrə aparılması, hərbi xidmətin hər bir gənc üçün müqəddəs vəzifə olmasının onlara çatdırılması, məktəblərdə şəhidlərimizə həsr edilmiş guşələrin yaradılması diqqətdə saxlanılır. Məqsəd isə ondan ibarətdir ki, hər bir yeniyetmə və gənc vətənpərvər ruhda böyüsün, ata-baba əmanəti olan doğma yurd yerinin keşiyində mətanətlə dayansın.

Etibar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR