21 May 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 3 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilmişdir.
Nazirlər Kabinetinin 2021-ci il 3 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qayda”sı təsdiq edilmişdir. Müvafiq qaydaya görə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirilmə forması əsasında aparılır.

Nazirlər Kabinetinin 2021-ci il 4 may tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahıları” təsdiq edilmiş və “Naxçıvan Muxtar Respublikasında peşə-ixtisas təhsili üzrə ixtisasların və tədris planlarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 avqust tarixli 83 nömrəli Qərarında dəyişiklik edilərək yeni peşə ixtisasları yaradılmış, tədris müddətləri müəyyən edilmişdir.
Eləcə də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 8 may tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nda, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”də, “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilmişdir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin həmin tarixli digər qərarları ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə, eləcə də “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda və “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişikliklər edilmişdir. Sonuncu qaydalarda edilmiş dəyişikliyə əsasən uçuşdan əvvəl 48 saat ərzində koronavirusa dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinlər reysə qəbul edilir. Həmçinin sərhəd nəzarətindən keçərkən test nəticələri pozitiv olarsa, həmin vətəndaş iki həftə müddətinə karantinə alınır, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə muxtar respublika ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır. Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. Aviaşirkətin qaydalarına əsasən qadın əl çantası, gül dəstəsi, çətir, qəzet, jurnal və digər materialların daşınmasına icazə verilir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR