Bu gün ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini uğurla həyata keçirilməkdədir. Ulu öndər fəaliyyətinin hər iki dövründə sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini mühüm vəzifə kimi daim diqqət mərkəzində saxlamaqla yanaşı, gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsinə vacib məsələ kimi yanaşırdı. Bu sahədə hüquqi bazanın yaradılması və gənclərlə işin daha da təkmilləşdirilməsini diqqət mərkəzində saxlayan ümummilli liderimiz onların potensialından düzgün istifadə olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini də təmin etmişdir. Bunun nəticəsidir ki, ölkəmizin fəal gənclərinin sorağını, onların uğurlu addımlarını diyarımızın hər yerində görmək, eşitmək mümkündür.
Bu mənada, xəbər verdiyimiz kimi, iyulun 23-də Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər fondlarının dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərləri muxtar respublikamıza səfər ediblər.
İyulun 23-dən, 25-nə kimi nəzərdə tutulmuş səfərin ikinci günündə qonaqlar əvvəlcə Naxçıvan Dövlət Universiteti ilə tanış olublar. Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev qonaqlara ali təhsil ocağındakı müasir təhsil infrastrukturu və tədris binası barədə məlumat verib.
Universitet səfəri çərçivəsində Könüllü Təşkilatların rəhbərləri ali təhsil ocağının tələbələri ilə də görüşüblər.
Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev bildirib ki, muxtar respublikada könüllü gənclərin, o cümlədən tələbələrin könüllülüyü proqramına cəlb edilməsi daim diqqətdə saxlanılır. Onlar bir sıra xidmət sahələrində könüllü olaraq iştirak edir və bir çox uğurlu layihələr hazırlayırlar. İnanırıq ki, Könüllü Təşkilatlarının rəhbərləri ilə görüşümüz bu sahədə atılan addımlara stimul verəcək və muxtar respublikamızın gəncləri hazırladıqları uğurlu layihələrlə və dünya miqyaslı nailiyyətlər qazanacaqlar.
Könüllük proqramı haqqında fikirlərini bizimlə bölüşən, Azərbaycan Könüllü Təşkilatları İttifaqlarının sədri Tural Hümbətov qeyd edir ki, Könüllü Təşkilatı olaraq bizim məqsədimiz ölkədəki bütün könüllüləri, eləcə də Naxçıvan könüllülərini təşkilatımıza cəlb etməkdir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə olduğu kimi, gənc nəslin rifahı, onların cəmiyyətə sağlam inteqrasiyasının təmin edilməsi yolunda atılan hər bir uğurlu addım göz qabağındadır. İnanırıq ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə imzalanan memerandumdan sonra bu sahəyə olan maraq daha da artacaq və kiçik bir təşkilat böyüyərək könüllülər şəbəkəsini yaradacaq.
Naxçıvan Muxtar Respublikasında gənc nəslin mütəşəkkil formada yetişməsi üçün hər cür şərait mövcuddur, – deyən Azərbaycan Könüllü İttifaqının baş katibi Emiliya Bayramova bildirdi ki, Naxçıvanda olduğum bu iki gün müddətində, həqiqətən, maraqlı, yaddaqalan bir o qədər də sevindirici hallarla qarşılaşdım. Naxçıvan Dövlət Universitetində marağımı daha çox cəlb edən isə Tibb fakültəsi oldu. Hər cür şəraitlə təchiz olunmuş laboratoriyalar, işıqlı sinif otaqları, yüksək və keyfiyyətli təhsil təbii ki, bura xarici tələbələrin axınını gücləndirən əsas amildir. Yaxın gələcəkdə burada yaradılacaq Texnologiyalar Parkı isə gənclərə göstərilən diqqətin ən gözəl nümunəsidir. İnanıram ki, buradan qayıtdıqda yaxınlarımızla bölüşəcəyimiz təəssüratlardan sonra onlar da Naxçıvana səfər etməyi arzulayacaqlar.
Daha sonra qonaqlar muxtar respublikamızın bir sıra gəzməli yerlərinə, o cümlədən qədim Ordubad şəhərinə, Duzdağ Fizioterapiya Mərkəzinə və Əcəmi seyrəngahına ekskursiyalar ediblər.
Gəzinti ilə bağlı təəssüratlarını bizimlə bölüşən Gənc Könüllülər Təşkilatının nümayəndəsi Pərvin Qasımov deyir ki, işimizlə əlaqədar olaraq ölkənin bir çox yerlərində olmuşam. Amma Naxçıvana ilk dəfədir gəlirəm. Bu səfər çərçivəsində Naxçıvanı və Naxçıvanlıları daha yaxından tanımaq fürsətini qazanım. Həqiqətən, bu şəhər tamam başqadı. Düşünürəm ki, Naxçıvan gənc nəslin inkişafı üçün ideal məkandır. Səfərimiz çərçivəsində Naxçıvanla bağlı deyilən xoş sözlərin bir daha şahidi oldum. Şahidi oldum ki, qədim Ordubad şəhəri, həqiqətən də, tariximizin ən qədim dövrlərindən boylanan zəngin mədəniyyəti, adət-ənənələri ilə zəngin məkandır. Milli mətbəxinin ləziz təamları, insanların gülərüzü, qonaqpərvərliyi, bir sözlə, özünəməxsusluğu ilə seçilir bu ünvan. Duzdağ Müalicə Mərkəzində yaradılan şərait isə, həqiqətən, təqdirə layiqdir. Elə bunun üçün gələcək səfərimdə Naxçıvana bir nəfəsdə insana şəfa olan Duzdağ Fizioterapiya Mərkəzində müalicə almaq üçün gələcəyəm.
Azərbaycan könüllü təşkilatlar ittifaqının sədr müavini Ruslan Mirzəyev bizimlə həmsöhbət zamanı bildirdi ki, Naxçıvanın tarixi ilə bizim tanış olmağımız çox maraqlı oldu.
Buranın saymaqla bitməyən zəngin tarixi var. Buna misal olaraq Mömünə xatın türbəsinə yaxınlaşdıqda o əzəməti, tarixi hiss etməmək mümkün deyil. Həmçinin də Naxçıvanın yaxın müddətli tarixi barəsində biz Xan sarayında olarkən tanış olduq. Digər yollandığımız məkan Duzdağ Fizioterapiya Mərkəzi də bizlərdə möcüzə təəssüratı yaratdı.
Heydər Əliyev fondu Regional inkişaf-ictimai birliyinin bölmə rəhbəri Nərgiz Qurbanova qeyd etdi ki, biz artıq iki gündür ki, Naxçıvan şəhərindəyik. Proqram çərçivəsində Naxçıvan Dövlət Universitetində səfərdə olduq. Mənim diqqətimi ən çox çəkən məqamlardan biri isə universitetdə hər bir fakültənin ayrıca binasının olması idi. Bu çox xoş haldır. Çünki Azərbaycan da çox az universitet vardır ki, onun fakültələrinin binası ayrı-ayrı olsun. Məlumat verildi ki, universitetdə regionlarımızdan və xaricdən gələn tələbələr də təhsil alırlar. Bizim daha sonra Naxçıvandan olan tələbələrlə görüşümüz keçirildi. Bu görüşdə biz imkan əldə etdik ki, bərpa olunmuş təşkilatlarımız barəsində tələbələrə dolğun məlumat verək. Eyni zamanda gənclərlə tövsiyələrimizi də bölüşdük ki, könüllülük fəaliyyətinə aktiv olaraq qoşulsunlar. Çünki bu fəaliyyət onların gələcəyi üçün bir çox istiqamətlərin başlanğıcını qoyur. Daha sonra üz tutduğumuz məkan Duzdağ Fizioterapiya Mərkəzi oldu. Mərkəzdə hansı xəstəliklərin müalicə alınması barəsində məlumat verildi. İl ərzində yalnız azərbaycanlıların deyil, xaricdən gələn turistlərin də müalicə olunduğu bildirildi.
Səfərin sonuncu günü, Könüllülər Təşkilatları İttifaqının üzvləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Ağbulaq İstirahət Mərkəzi və Batabat iqlim kurort zonası ilə yaxından tanış olublar. Elə növbəti müsahibimiz, Aqrar inkişaf könüllülər təşkilatının sədri Kamran Əliyevlə Ağbulaq İstirahət mərkəzində həmsöhbət oluruq.
Səfər çərçivəsində bir çox tarixi yerlərdə, muzeylərdə olduq, ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini özündə əks etdirən muzeydə olduq. Qədim abidələrlə zəngin olan Ordubad rayonu ilə yaxından tanış olduq. Atam Ordubad rayonuna 5 kilometr məsafədə yerləşən Zəngəzur mahalından olduğuna görə bu yerlər haqqında uşaqlığımdan məlumat toplayırdım, bu rayonla tanışlıq isə məndə çox böyük təəssüratlar yaratdı. Ümumiyyətlə, Naxçıvan haqqında onu deyə bilərəm ki, qədimliyi qorunmaqla müasirləşən diyarlarımız arasında Naxçıvanın ön sırada olduğununun şahidi oldum.
Ağbulaq İstirahət Mərkəzində dağlıq ərazidə, dəniz səvviyyəsindən 200 metr yüksəklikdə belə bir şəraitin yaradılması insanı valeh edir. Kəndin təmiz havası, sərin suları ilə yanaşı, bu mərkəzdə milli dəyərlərimizi tanıtmağa hesablanmış guşələr onların diqqətini cəlb edib.
Ümumiyyətlə, muxtar respublikada 3 gün ərzində fürsət tapıb getdiyimiz hər bir bölgədə ən çox diqqətimizi çəkənsə getdiyimiz bütün bölgələrdə yol infrastrukturunun bu cür müasir standartlara cavab verməsidir. İnsanları haqqında isə onu deyə bilərəm ki, çox qonaqpərvər və müasir düşüncəli sakinləri var bu yurdun.
Daha bir müsahibim Bəxtiyar Rəhimov Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq və Gənclərlə iş şöbəsinin əməkdaşıdır. O deyir ki, özü mədəniyyətimizin beşiyi sayılan Şuşadan olsa da, bu yerlər də ona yad deyil. Çünki 2012-ci ildə hərbi xidmətini məhz Batabat dağlarında başa vurub.
– Hələ hərbi xidmət vaxtından buranın heyranıyam. Xidmətimi başa vurduqdan sonra da fürsət tapdıqca Naxçıvana gəlir, gəzməli-görməli yerləri təkrarən gəzirəm. Bu gün də təşkilatın xəttilə burada olmaqdan çox şadam.
Onu deyə bilərəm ki, yaşıllığa qərq olan bu yaylağın saf, təmiz, sərin suları insanları ona daha da valeh edir. Gördüklərimizdən belə bir nəticəyə gəlmək olar ki, muxtar respublikanın istər dağlıq, istərsə də aran rayonları, hətta ən ucqar dağ kəndlərinə belə ciddi dövlət qayğısı göstərilir. Burada turistlərin istirahəti üçün geniş şərait yaradılır.
Qonaqlar naxçıvanlı könüllülərlə gələcək dostluq, əməkdaşlıq əlaqələrinin əsası qoyulan bu səfərdən muxtar respublikamızda gənclərə yaradılan hərtərəfli şərait diyarımızın zəngin tarixi, turizm potensialı ilə bağlı zəngin təəssüratlarla ayrılıblar.
- Telli MƏMMƏDOVA
- Aytac CƏFƏRLİ
- Məcid RƏŞADƏTOĞLU