21 Dekabr 2024, Şənbə

Muxtar respublikada müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlıqlarının qorunması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. İnsanların sağlamlıqlarına qovuşmalarına köməklik etmək kimi humanist addımlara isə diyarımızda tez-tez rast gəlirik. Hər gün olmasa da, qəzet səhifələrində və ya televiziya efirlərində naxçıvanlı həkimlər tərəfindən rayonlarda humanitar tibbi aksiyaların keçirildiyinə dair xəbərlərlə tanış oluruq. Yüksəkixtisaslı həkim briqadalarının yurdumuzun hər bir kəndinə, şəhərinə gedərək humanitar tibbi aksiyalar keçirməsi də artıq ənənə halını alıb.

 Belə tədbirlərindavamı olaraq iyulun ikisində Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin bir qrup həkimindən ibarət briqada sərhəd bölgəmiz olan Sədərək rayonunda ödənişsiz həkim qəbulları həyata keçirib. Həkimlər onlara müraciət edən xəstələri müayinə edib, alınan nəticələrə uyğun lazımi tövsiyələr veriblər.

Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəmalə İbrahimova fikirlərini belə bildirir:
– Aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı layihələr belə deməyə əsas verir ki, muxtar respublikamızda tibbi xidmətin səviyyəsi yeni, daha mükəmməl mərhələyə qədəm qoyub. Diyarımızda həkimlər tərəfindən keçirilən humanitar tibbi aksiyalar da görülən bu işlərin tərkib hissəsidir. Bu zaman həm də həkimlər arasında təcrübə mübadiləsi imkanı yaranır. Onu da deyim ki, xəstəliklərin müayinə və müalicəsində daim yeni metodların öyrənilməsi və tətbiq edilməsi hər bir tibb işçisinin gündəlik fəaliyyətinin tərkib hissəsi hesab olunur. Bu baxımdan da belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Yaradılan bu unikal şəraitə görə kollektivimiz adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm.
Diaqnostika Müalicə Mərkəzinin baş həkimi Nihad Seyidov:
– Biz həkimlərin ən ümdə borcu insanlara tibbi xidmət göstərmək, onların sağlamlığının keşiyində dayanmaqdır. Bu işdə dövlətimizə arxalanırıq. Çünki sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsində aparılan islahatlar, qoyulan investisiyalar bir məqsədə xidmət edir: insanlar sağlam olsunlar, onlara ən yüksək səviyyəli tibbi xidmət göstərə bilək. Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəlik aşkar olunduğu halda pasiyentlər yerində, zərurət yarandığı halda isə bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar. Baxmayaraq ki, yurdumuz 30 ildən artıqdır, blokadada yaşayır, muxtar respublika rəhbərinin sosial siyasətinin əsas prioriteti olan səhiyyə sistemində qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilir.

Aksiyanın iştirakçısı ümumi cərrah, tibb elimləri doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi İsa Abdullayev bu cür humanitar aksiyalarda iştirak etməyin ona mənəvi rahatlıq gətirdiyini deyir: – Səhiyyə sistemində son illər uğurlu islahatlar aparılıb, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə, səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib. Dövlət başçısının sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi uğurla həyata keçirilir. Tələbəlik illəri və yeni həkim işlədiyi vaxtlar sovetlər dönəminə təsadüf edən səhiyyənin dünənini görən İsa həkim onu, xüsusilə qeyd edir ki, həmin vaxtlarda belə yüksək şəraitə malik səhiyyə ocaqlarından söhbət gedə bilməzdi. Bu gün səhiyyə ocaqlarımıza girəndə insan qürurlanır, bilirsən ki, burada yaradılan şərait xəstələrə düzgün diaqnoz qoymağa kömək edəcək. İnsanların sağlamlığının qayğısına qalmaq, onların narahatçılığını xoşbəxtliyə çevirməyə and içən həkimlər üçün bundan böyük sevinc ola bilməz.
Həkim-terapevt Aygül Məmmədova:
– Sədərəkdə belə bir xeyirxah işdə iştirak etdiyim üçün çox qürurluyam. Qətiyyən yorğunluq hiss etmədim. Xəstəxanadakı müasir şərait, xəstə müayinəsi zamanı dəqiq diaqnoz qoymamız üçün lazımi tibbi prosedurların düzgün yerinə yetirilərək bizə təqdim edilməsi işimizi yaxşı qurmağımıza imkan verdi. Doğma diyarımızın hansı kəndi, hansı şəhərində olduğumuzun fərqi yoxdur, harada oluruqsa-olaq, insanların sağlamlıqlarının qayğısına qalmaq, onların nigaran baxışlarını sevinclə əvəz etmək böyük xoşbəxtlikdir.
Müayinə üçün müraciət edənlər göstərilən bu diqqət və qayğıya görə əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirirlər.
61 yaşlı sakin Sara xanım:
– Belə aksiyaların təşkili, muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə başlanılması biz sakinlərin sağlamlığına göstərilən ən böyük qayğıdır. Növbəti aksiyada müayinələr nəticəsində müraciət edənlərin sağlamlıqları ilə bağlı problemlərin aşkara çıxarılmasının, müalicələrinin təşkil edilməsinin şahidi oldum. Naxçıvan şəhərindən gələn həkimlərdən Nail Mehbalıyevin, Elvin Əsədovun qəbulunda oldum, müayinədən keçdim. Əvvəllər xarici ölkələrdə şəfa axtarırdıq, indi isə sağlamlığımızı öz həkimlərimizə əminliklə etibar edirik. Nəticə isə göz qabağındadır: Profilaktika, müayinə, diaqnoz və müalicənin düzgün təşkili, peşəkar və yerli tibbi kadrların işə əsl vətəndaş həssaslığı ilə yanaşması başlıca amillərdəndir. Allah dövlətimizin bayrağını həmişə uca eləsin.
67 yaşlı Elman Musayev də bu gün buraya üz tutanlardandır:
– Son illərdə muxtar respublikada istifadəyə verilən sağlamlıq ocaqları, onların təcrübəli kadrlarla, ən müasir texnologiyalarla təmin edilməsi dövlətimizin insan amilinə diqqət və qayğısından xəbər verir. Dünyanın inkişaf etmiş ölkələrinin xəstəxanalarında tətbiq edilən texnologiyalara indi muxtar respublikamızın hər bir səhiyyə müəssisəsində rast gəlmək olur. Blokadanın ilk illərindəki çətinliklərin canlı şahidi kimi bu gözəl ənənəni yaradan və yaşadan böyük ürəkli insanlara minnətdarlığımı bildirirəm. Həkimlərdən Mətanət Səfərovanın, İntiqam Fətullayevin qəbulunda oldum.
Qeyd edək ki, bu aksiyada endokrinoloq, invaziv kardioloq, ürək-damar cərrahı, ümumi cərrah, həkim-terapevt, neyrocərrah, dermatoveneroloq, travmatoloq-ortoped, oftalmoloq, otorinolorinqoloq ixtisaslı həkimlər, EKQ üzrə tibb bacısı iştirak ediblər. Ümumilikdə, 187 sakin aksiya çərçivəsində müxtəlif müayinələrdən keçib.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR