22 Dekabr 2024, Bazar

“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin iştirakçıları proqrama uyğun olaraq Ordubad şəhərinə səfər ediblər. Burada Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmməd­əliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeyləri ilə tanış olublar. Daha sonra “Duzdağ” hoteldə düşərgə iştirakçılarına Azərbaycan tarixi və mədəniyyətinə dair təlim keçirilib.

Təlimi giriş sözü ilə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov açaraq bildirib ki, güclü təməllər üzərində qurulub-yaradılan Azərbaycan-Türkiyə qardaşlığı sağlam müstəvi üzərində bu gündə davam etməkdədir. İndiyə qədər keçirilən düşərgələrin ən mötəbəri burada qardaş ölkə ilə birlikdə təşkil olunandır. Bu, gənclik üçün böyük qürur və sevincdir. Qədir Xəlilov qalib ölkə kimi iştirak etdikləri bu tədbirin yüksək səviyyədə təşkilinə görə muxtar respublika rəhbərinə, Naxçıvan Muxtar Respublikası Gənclər Fonduna və Türkiyə Gənclik Vəqfinə minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə çox­əsrlik tarixə malikdir. Müxtəlif sənət növlərimizin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Akademik İsmayıl Hacıyev Moskva və Qars müqavilələrinin önəmindən danışaraq sözügedən müqavilələrdə yer alan fərqli məsələlərə toxunaraq Naxçıvanın Azərbaycanın ərazisi kimi tanınmasında, ona muxtariyyət statusunun verilməsində hər iki tarixi sənədin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, dahi öndərin Naxçıvan muxtariyyətinin qarantı kimi Qars müqaviləsini daim gündəmdə saxlaması bu tarixi sənədin vacibliyindən xəbər verir. Bu gün də mənfur düşmənlərimizin Qars müqaviləsinin ləğvi ilə bağlı xam xəyallarından əl çəkmədiyini bildirən məruzəçi bu arzuların reallaşmayacağına əminliyini ifadə edib.

Daha sonra “Saat Meydanı” turistik istirahət mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbiri AMEA Naxchivan Bolmesinin emekdashi, filologiya uzre felsefe doktoru, dosent  Ramiz Qasimov açaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə göstərilən diqqətin bariz nümunəsidir. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvinin əsərləri dünyanın əksər mədəni xalqlarının dillərinə tərcümə olunmuşdur. Bunun nəticəsidir ki, nizamişünaslıq dünya şərqşünaslıq elminin məxsusi bir istiqamətinə çevrilmişdir. Yurdumuz Azərbaycan isə dünya nizamişünaslıq elminin əsas mərkəzidir. Nizami Gəncəvi dünya ədəbiyyatında Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir.

Daha sonra Nizami Gəncəvinin şeirləri bədii qiraət edilib, əsərlərinə həsr olunmuş kiçik tamaşalar göstərilib.
“Yunus Əmrə-700” adlı tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yazıçılar Birliyinin sədri Asim Əliyev Yunus Əmrə yaradıcılığının müxtəlif fəlsəfi cərəyanlara məxsus olan ideyalarla səsləşən aspektlərini haqqında danışıb. Asim Əliyev Əmrə yaradıcılığı və Qərb fəlsəfəsi arasında narsizim ideyası kontekstində maraqlı müqayisə apararaq türk milli-əxlaqi düşüncə sisteminin möhkəm tarixi köklərə söykəndiyini və bu dərin köklərin Qərb ideoloji buxovlarından qorunmasının zəruriliyini qeyd edib.
Sonra TÜQVA əsas mərkəzinin mətbuat katibi Ramazan Orakın Yunus Əmrənin həyat və yaradıcılığı haqqında geniş nitqi dinlənilib. Tədbirin sonunda sufi şairi Yunus Əmrənin ədəbi yaradıcılığından olan şeirlər səsləndirilib.
Daha sonra düşərgə iştirakçıları “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.

Türkiyə tarixi və mədəniyyətinə dair təlimdə isə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin və TÜQVA - Xarici əlaqələr kordinatoru Elif Habipin Türkiyə tarixi və mədəniyyətinə dair mövzu ilə bağlı çıxışları olub. Sonra gənclərin sualları cavablandırılıb.
Düşərgənin iştirakçıları ilə həmsöhbət olub səfərlə bağlı təəssüratlarını öyrəndik. İlk həmsöhbətimiz Bakı şəhərindən düşərgəyə qatılan Aydan Ağayevadır. O bildirdi ki, Zəfər Düşərgəsi layihəsinin həyata keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazandığımız qələbəni türk qardaşlarımızla birlikdə qeyd etmək və bu əlaqələri daha da möhkəmləndirməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası ideoloji-siyasi əhəmiyyət kəsb edən bir diyar olduğuna görə düşünürəm ki, ideal bir məkanda görüşmüşük. Naxçıvanın ən qədim yaşayış məskənlərindən biri sayılan Ordubad şəhərində Azərbaycan tarixində böyük önəm daşıyan görkəmli şəxsiyyətlərin ev-muzeyləri ilə tanış olduq. Ekspozisiyada nümayiş olunan Ordubadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən mühüm elmi və tarixi əhəmiyyət kəsb edən arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, dekorativ-tətbiqi sənət nümunələri çox maraqlı idi. Ümumiyyətlə, Naxçıvan qədimliyin və müasirliyin çiyin-çiyinə addımladığı ecazkar məkandır.
Türkiyə Respublikasının vətəndaşı Gürkan Demir dedi ki, mən Naxçıvanda, eləcə də onun səfalı bölgələrindən biri olan Ordubadda ilk dəfə idi olurdum. Bu şəhər tarixi bir şəhərdir. Yolboyu dağların müxtəlif rənglər fonunda misilsiz görünüşü, xoş mənzərələr məni cəlb etdi. Qədim tarix, mədəniyyət, incəsənət nümunələri, bu yurdun yetirmələri olan ziyalılar və onların fəaliyyətləri ilə bağlı ətraflı məlumat əldə etdim. Burada Naxçıvanın görkəmli şəxsiyyətlərinin ev-muzeyləri ilə tanış olduq. Biz Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin, tarixinin nə qədər qədim, zəngin və yüksək olduğunu gördük. Tarixi eramızdan əvvəl III-I min¬illiklərə söykənən, adına müqəddəs “Qurani-Kərim”də rast gəldiyimiz Əshabi-Kəhf ziyarətgahı İslam dininə xas müqəddəs dini inanc yeri kimi, Tanrının ilahi möcüzəsi kimi, bilsəniz, bizləri necə heyrətləndirdi. Mən burada Ulu Yaradandan xalqlarımız üçün sülh, əminamanlıq, firavan həyat, bir də dostluğumuzun daim var olmasını dilədim. Bura həqiqətən də, Naxçıvanın əfsanələr diyarı, müqəddəs bir yer olduğunu bir daha göstərir.
Növbəti müsahibimiz Türkiyə Respublikasının Marmara şəhərindən olan Elif Dəmirbaş qeyd etdi ki, hər kəsə Naxçıvanın gözəlliklərini görməyi tövsiyə edirəm. Buranın çox təmiz və saf havası. Xüsusən də Batabat səfəri məni daha çox cəzb etdi. Bu möcüzələr məkanına çatdığım zaman, sanki bütün təbiət gözəlliklərinin əks olunduğu ecazkar bir tablo ilə qarşılaşdım. Hər rəngində bir məna, hər mənasında bir tarix olan bu ünvan mənə çoxəsrlik tarixə malik Naxçıvanın qədim türk torpağı olduğunu bir daha xatırlatdı. Geri dönəcəyimi düşündükdə təəssüflənirəm. Bir daha bura gələcəyim günü səbirsizliklə gözləyəcəm. Ümid edirəm ki, əbədi birlik və bərabərliyi əks etdirən bu səfərlər daimi olar.
Hər iki qardaş ölkənin gənclərini qədim Naxçıvan yurdunda birləşdirən təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm deyən Türkiyə Gənclik Vəqfinin könüllüsü Mərt Can Duman bildirdi ki, Naxçıvanın qədimliyi, gözəlliyi ilə orta məktəbdə oxuduğum vaxtlardan tanış idim. Müəllimimiz Möminə xatın türbəsi ilə bağlı bizə danışarkən bu əzəmətli və tarixi tikilinin məhz Naxçıvan şəhərində olduğunu demişdi. Gözəlliyi ilə gözoxşayan bu məkanı, əzəmətli Möminə xatın türbəsini görmək isə bu günə nəsib imiş. Həqiqətən, Naxçıvan maraqlı şəhərdir. İlk qədəm qoyduğumuz andan özgə bir torpaqda deyil, elə türk torpağında olduğumuzu hiss etdik. Havası təmiz, suyu büllur kimi saf olan Batabat, dağların köksündə özünə ecazkar mənzərələr yaratmış Ağbulaq isə əsl təbiət möcüzəsidir. Ümid edirəm ki, bu səfər son olmayacaq. Çünki, həqiqətən, Naxçıvan yaddaşlardan silinməyən ünvandır.
Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan azad etdi, Qarabağa sahibləndi. Bir daha onun olduğunu, bundan sonra kimsənin ona başqasının yiyələnə bilməyəcəyini göstərdi. Xalqımız 44 gün müddətində əsl vətənpərvərlik nümayiş etdirərək Ali Baş Komandanımızın ətrafında bir “Dəmir yumruq” kimi birləşdi. Müharibənin ən çətin günlərində qardaş Türkiyə səsimizə səs verdi. Təsadüfi deyil ki, bu səfərdə türk qardaşlarla birgə iştirak etməyimiz tarixi birlik və bərabərliyin bariz nümunəsidir. Çünki geriyə dönüb xalqımızın keçdiyi qanlı-qadalı tarix yoluna baxsaq, görərik ki, ən çətin günlərimizdə türk qardaşlarımız bizi bir an belə olsun tək buraxmayıb. Bu səmimiyyətə Zəfər Düşərgəsində bir daha şahid olduq. Biz inanırıq ki, qərinələrin şahid olduğu bu əlaqələr bundan sonra da biz gənclərin uğurlu addımları ilə davam edərək dünyaya bir örnək olacaq.
Müsahiblərimizin zəngin təəssüratlarını öyrəndikcə biz də sevinir və qürurlanırdıq. Əmin olduq ki, Zəfər Düşərgəsi səfəri hər bir gəncin ürəyincədir.

Aytac CƏFƏRLİ
Məcid RƏŞADƏTOĞLU
Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR