22 Dekabr 2024, Bazar

Yaşı yüzilliklərin bağrını dələn çinarları, nostalji duyğuların cövlan etdiyi, qədim, maraqlı, klassik quruluşlu məhəllələri ilə seyrinə dalanları sehrinə salan, barlı-bəhərli bağları ilə şöhrət tapan, adı dilləri, bərəkəti elləri bəzəyən Ordubadda hansı evin qonağı olsan, bir-birindən ləziz təamlarla zəngin süfrə açılar qarşında. Qonaqpərvərliyin simvolu sayılan o süfrəyə nələr düzülər, nələr. Saymaqla bitməyən təbii məhsullar, yağ, pendir, bal, mürəbbə, paxlava, şorqoğal, şəkərbura, ballı qayğanaq və bir də ordubadlıların olmazsa olmazlardan hesab etdiyi, brend adını qazanan limon. Hələ rayon mərkəzində qocaman çinarların kölgəsində qurulan çay məkanından yolunu salsan, lap əntiqə olar. Bu zaman əlavə təmtərağa lüzum da qalmayacaq, bölgənin büllur kimi saf havasında elə armudu stəkanda çay, qənd, bir də təbii, dillər əzbəri Ordubad limonu kifayətdir ki, bu çay süfrəsi ətrafında vaxtın mənalı, söhbətin şirin, xoş əhvali-ruhiyyədə keçsin...

Dünyanın müxtəlif ölkələrində becərilən sortlardan kəmiyyət və keyfiyyət göstəricilərinə görə daha üstün olan Ordubad limonunun sorağıyla yaxın günlərdə üz tuturuq bu bölgəmizə. Rayon mərkəzində Cabbarovlar ailəsinə məxsus limon təsərrüfatı sahəsinə baş çəkir, xüsusi dad-tamı olan bu şəfalı meyvənin yetişdirilmə üsulları haqqında, necə deyərlər, işi biləndən məlumat öyrənməyə çalışırıq. Ailənin başçısı, yaşı 75-i adlamış Zöhrab kişi 50 ildir ki, doğulub boya-başa çatdığı torpağın yetirib-bitirdiyi bu məhsulu becərməklə dədə-babadan miras qalan qədim təsərrüfatçılıq işini uğurla davam etdirir. Günün əksəriyyətini həyətində xüsusi zövqlə saldığı limon bağına qulluq edərək fidanların bağrına sığal çəkməklə keçirən zəhmət adamı deyir ki, hər kim özünə uzun, sağlam ömür arzulayırsa fiziki işlə yanaşı, təbiətin bütün naz-nemətlərini, xüsusilə də bal və limonu süfrəsindən əskik etməməlidir. VIII əsrdən başlayaraq ölkəmizin müxtəlif bölgələrində bu məhsul yetişdirilsə də, nəfis görünüşü, bihuşedici ətri, lətafətli tamı ilə fərqlənən Ordubad limonu hər zaman adla deyilib, burada bitən yerli sortun tayı-bərabəri olmayıb və bu gün də əvəzolunmazdır. Rayonumuzun bəzi təsərrüfatlarında Lənkəran, özbək sortları yetişdirilsə də, onların heç biri yerli məhsula məxsus ətrin, dad-tamın yerini vermir. Əsas səbəb torpağımızın faydalı elementlərlə zənginliyi, suyun və havanın saflığıdır, bunun üçün də əgər Ordubad limonunu da aparıb başqa yerdə yetişdirmək fikrin olsa, arzuladığın məhsulu almayacaqsan. Yerli məhsulun üstün cəhətləri çoxdur. Digər sortların qabığı qalın, acı olduğu halda, Ordubad limonunun üz örtüyü nazik və dadlıdır. Xanımlarımız ondan ləziz mürəbbə də hazırlayır. Hələ qədimdən gözəl bir simvol kimi evlərimizi, həyət-bacamızı bəzəyən xoşətirli limon ağacından qız köçürən zaman cehizə də əlavə olunar, başqa eldə yaşayan qohum-əqrəbaya, dost-tanışa qiymətli hədiyyə kimi pay da tutular.
Limonun artırılma üsullarından danışan təsərrüfatçı bildirir ki, bu bitkinin dənəsini və çubuqlarını kəsib torpağa basdırmaqla da çoxaltmaq mümkündür. Lakin bizim elin insanları, əsasən, qabığının müəyyən hissəsini qoparıb dibçəyə salmaqla yetişdirirlər. Gözəl nəticə əldə etmək üçün isə müntəzəm olaraq qulluq göstərilməlidir. Limon susevər olsa da, necə deyərlər, hər şeyi qədərində etsən, yaxşıdır. Belə ki, isti havalarda az miqdarda hər gün sulaya bilərsən. Qış aylarında isə torpaq nəmini itirdikcə, təxminən, 15-20 gündən bir su verilməsi məsləhətdir. Limonların yarpaq tökməsi ən çox rast gəlinən problemlərdəndir ki, bunun başlıca səbəblərindən biri torpağın gərəyindən artıq suvarılmasıdır. Digər vacib amil isə ev şəraitində dibçəkdə yetişdirilən limonun havalandırılmasına diqqət yetirməkdir. Bu yazda dibçəyə qoyulan limon qabığı gələn yazadək kök atır və ili tamam olduqda çıxarıb daha böyük qaba yerləşdirilməlidir. Elə ki, böyüdü, qol-budaq atdı, ağac formasına düşdü, torpağa salınır və həftədə bir-iki dəfə suvarmaqla, zərərvericilərə qarşı aqrotexniki qulluq göstərməklə növbəti illərdə yaxşı məhsul əldə etmək mümkündür. Ordubad brendinin alıcısı da başının üstündədir, şəxsən mənim bağımda yetişən məhsulları elə qapıdaca gəlib alırlar, bazara çıxarmağa ehtiyac qalmır.
Limonun faydaları barədə də söhbət açan Zöhrab kişi deyir ki, vətəni qədim Hindistan olan limonun müsbət keyfiyyətləri haqqında tarixi mənbələrdən, dədə-babadan kifayət qədər maraqlı faktlar öyrənmişəm. Limonu sağlamlığın qorunmasında güclü bir vasitə sayan əfsanəvi hind yoqlarının fikrincə, hər adam özünü gündə bir limon yeməyə və şirəsini içməyə öyrətməlidir. XVIII əsrdə ingilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 qram limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə hesab edirdilər. Qafqazda belə bir qədim əfsanə var ki, hökmdarın sevimlisi ağılsız hərəkət edərək qəzəbə düçar olur və həbsxanaya düşür. Ona həbsxanada yemək seçməyi təklif edirlər. Məhbus limon seçir və bu hamının təəccübünə səbəb olur. O deyir ki, limonun ətri ruh yüksəkliyi yaradır, qabığı və toxumları ürəyə faydalıdır, ləti qidadır, şirəsi isə susuzluğu yatırır. Təbabətdə geniş istifadə olunan limonun qabıq və yarpaqlarında efir yağları mövcuddur, təzə sıxılmış şirəsi isə C vitamini ilə zəngindir. Bu şəfalı bitkinin tərkibində R vitamini də vardır ki, insan orqanizmində onun qıtlığı qanaxmalara, ayaq ağrılarına, dərialtı qansızmalara, ümumi zəifliyə gətirib çıxara bilər. Bu vitamindən damar şişməsində və tropik yaralarına qarşı dərman kimi istifadə edilir, limonlu çayın çox içilməsinin də böyük müalicəvi əhəmiyyəti vardır. Limon həm də antibakterial təsirə malik olduğu üçün immunitetin möhkəmləndirilməsində, xüsusilə də dövrün bəlası sayılan yoluxucu xəstəliklərdən müdafiə olunmaqda, eləcə də angina və avitaminoz xəstəliklərinə qarşı effektli vasitədir...
Ömrünü ümumi evimiz sayılan təbiətin mühafizəsi, təbii sərvətlərin qorunub yaşadılması kimi ümumbəşəri missiyaya həsr edən görkəmli alim, akademik Həsən Əliyev deyirdi: “Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim “çörək ağacımız” olmaqla yanaşı, həm də yaşayışımızın ibtidaisini təşkil edir. Məhz buna görə də torpaq bizim üçün əzizdir, doğma və müqəddəsdir..., torpaq Vətən deməkdir”. Bərəkətli yurd yerinin yetirib-bitirdiyi naz-nemətin, yaradılan əlverişli şəraitin qədir-qiymətini bilən zəhmətkeş ordubadlılar da görkəmli akademikin ideyalarını əldə rəhbər tutaraq əsrdən-əsrə, nəsildən-nəslə ötürülən limonyetişdirmə ənənəsini davam etdirməklə həm diyarın şan-şöhrətini qoruyub saxlayır, həm də “çörək ağacı”ndan halal çörəklərini qazanırlar. Elə yazımızın qəhrəmanı Zöhrab Cabbarov kimi...

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR