22 Dekabr 2024, Bazar

Tarixin bütün dövrlərində hər bir dövlətin qarşısında duran və bu gün də öz aktuallığını qoruyub saxlayan ən vacib vəzifələrdən biri əhalinin ərzaq məhsulları ilə etibarlı təminatıdır. Məhz buna görə də ölkəmizdə, eləcə də muxtar respublikamızda ərzaq təhlükəsizliyinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 

 Bu məqsədyönlü siyasətin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edildi. Dövlət proqramının əsas strateji hədəfi kimi ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi müəyyən olunaraq bu hədəfə nail olmaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirildi.

Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə qəbul edilən üç Dövlət pro­qramı bu sahədə böyük uğurların qazanılmasına şərait yaradıb. Əminliklə demək olar ki, dördüncü Dövlət proqramının icrası da ərzaq təminatı sahəsində ciddi nailiyyətlərə səbəb olacaqdır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiqlənmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” da uğurla icra olunur. Bu proqramlar muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir.
Muxtar respublikada həyata keçirilən səmərəli və dəqiq hədəflərə hesablanmış sosial-iqtisadi siyasətin real nəticələridir ki, 2015-ci illə müqayisədə 2020-ci ildə ümumi daxili məhsul istehsalı real ifadədə 17,8 faiz, sənaye məhsulu istehsalı 13,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitlər 9,4 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 33,4 faiz, yükdaşımalar 5,4 faiz, informasiya və rabitə xidmətləri 18,3 faiz, pərakəndə ticarət dövriyyəsi 36,1 faiz artıb.
Makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin təməl prinsiplərini təşkil edir.

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında sənaye müəssisələrinin mühüm rolu var. Bu gün muxtar respublika sənayesi həm texnoloji, həm də innovativ baxımdan inkişaf edir. Bununla yanaşı, ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması sənayenin inkişafına yeni imkanlar açıb. Belə ki, sənaye məhəlləsi istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi modeldir.
Sənaye məhsulu istehsalının ildən-ilə artması muxtar respublikanın iqtisadi təhlükəsizliyinin əsas şərtlərindəndir. Sənaye məhsulu həcminin artması mövcud istehsal müəssisələrinin öz fəaliyyətini bərpa etməsi ilə yanaşı, həm də yeni istehsal müəssisələrinin istifadəyə verilməsi nəticəsində mümkün olub. Sənaye sahəsində həyata keçirilən irimiqyaslı islahatların uğurlu yekunudur ki, 1990-cı ilin əvvəlində muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, ötən dövr ərzində bu müəssisələrin sayı 400-ü ötüb. 2021-ci ilin ilk beş ayında dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına müasir texnoloji avadanlıqla təmin olunan 45 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına da əhəmiyyətli təsir göstərib. Belə ki, 2021-ci ilin ötən dövründə sənaye məhsulunun həcmi artaraq 459 milyon 458 min 500 manat olub, sənayedə özəl sektorun payı isə 92,5 faiz təşkil edib.
Cari ilin ötən dövrü ərzində dövlətin güzəştli kredit dəstəyi və özəl investisiya hesabına 38 sənaye və kənd təsərrüfatı yönümlü istehsal müəssisəsinin qurulması və genişləndirilməsi davam etdirilir.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 127 növdə, 608 çeşiddə ərzaq, 257 növdə, 922 çeşiddə qeyri-ərzaq məhsullarının istehsalı üçün bütün imkanlar yaradılıb və 108-i ərzaq və 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilib.
Muxtar respublikada sənayenin inkişafında qarşıya qoyulan əsas vəzifələrdən biri də yerli xammala əsaslanan müəssisələrin fəaliyyətinin dəstəklənməsidir. Çünki ərzaq təhlükəsizliyinin etibarlı təminatında məhz yerli xammalla çalışan qida sənayesi müəssisələrinin rolu böyükdür. Bu istiqamətdə cari ilin ötən dövründə Duzdağda ehtiyatı 15 milyon ton olan yeni şaxtanın istismara verilməsi əhalinin duz məhsuluna olan tələbatının dolğun şəkildə ödənilməsi ilə yanaşı, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin genişlənməsinə, istehsal həcminin artmasına, ixrac potensialının yüksəlməsinə və duz məhsulunun dünya bazarlarına çıxarılmasına geniş şərait yaradır.
Son illərdə muxtar respublikada sənaye sahəsində reallaşdırılan islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsalından, sənayenin dayanıqlı və davamlı inkişafını təmin etməkdən ibarətdir. Bütün bunlar tarixən aqrar region kimi formalaşan Naxçıvan Muxtar Respublikasının aqrar-sənaye regionuna çevrilməsi üçün ciddi təkan verib.
Məlum olduğu kimi, aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyi üçün başlıca amildir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilən Dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan verməklə, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələrin qazanılmasını şərtləndirib. Qəbul edilən Dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər təsərrüfatların müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirməklə yanaşı, məhsul bolluğuna zəmin yaradıb. Belə ki, muxtar respublikada geniş sahələrdə qapalı suvarma şəbəkələrinin tikintisi, yeni suvarılan sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi, məhsul istehsalçılarının mineral gübrə ilə təmin olunması, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının güzəştli lizinq şərtləri ilə fermerlərə verilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara bu sahəni inkişaf etdirmək üçün güclü stimul verib.
Həmçinin muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dövlət dəstəyinin göstərilməsi, geniş soyuducu anbar və istixana şəbəkəsinin yaradılması, heyvandarlığın inkişafı üçün kompleks tədbirlərin görülməsi, yüksək gəlirli sahə olan arıçılığa xüsusi diqqət yetirilməsinin nəticəsidir ki, bu günədək təkcə güzəştli şərtlərlə verilən kreditlər hesabına 460 heyvandarlıq, 88 quşçuluq, 14 balıqçılıq, 159 arıçılıq, 74 bağçılıq, 14 üzümçülük təsərrüfatı yaradılıb.
Fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları və əhalinin ilin soyuq fəsillərində kənd təsərrüfatı məhsullarına olan tələbatını dolğun şəkildə ödəmək məqsədilə əksər rayonlarda iritutumlu soyuducu anbarlar, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanalar tikilib. Belə ki, 2021-ci ilin yanvar-may aylarında dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 3 soyuducu anbarın və 2 istixana təsərrüfatının yaradılması başa çatdırılıb, 1 soyuducu anbarın, eləcə də 2 istixana təsərrüfatının genişləndirilməsi isə davam etdirilib.

Ümumilikdə, son illər ərzində muxtar respublikada ümumi tutumu 19 min 700 ton olan 46 soyuducu anbar, ümumi sahəsi 150 min 817 kvadratmetr olan 34 istixana kompleksi fəaliyyətə başlayıb.
Bu gün aqrar sektorda məhsul istehsalının həcmində xüsusi çəkiyə malik olan ailə təsərrüfatları muxtar respublikada ərzaq təhlükəsizliyinin təminatında əvəzsiz rola malikdir. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası və 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması bu sahənin inkişafına böyük təkan verib. Ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2019-cu ildə 87 ailə təsərrüfatına 820 min manat, 2020-ci ildə 49 ailə təsərrüfatına 604 min manata yaxın, 2021-ci ilin ilk beş ayında 21 ailə təsərrüfatına 321 min 700 manat həcmində güzəştli kredit verilib, “Ailə təsərrüfatı məhsulları” yarmarkasının keçirilməsi təmin olunub.
Göstərilən dövlət dəstəyi kənd təsərrüfatı sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə imkan verib, yüksəkkeyfiyyətli toxum istehsalının təşkili, müasir əkin və suvarma üsullarının tətbiqi, heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafının stimullaşdırılması istehsal edilən məhsulun həcmini və keyfiyyətini artırıb, eləcə də əhalinin ərzaq məhsullarına olan tələbatının əhəmiyyətli hissəsinin yerli istehsal hesabına ödənilməsinə səbəb olub. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2021-ci ilin ilk beş ayında 59 milyon 320 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.
Rayon və kəndlərdə kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini də təmin edib.
Sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyi, əsasən, Naxçıvan Muxtar Respublikasının daxili imkanlarına və sosial-iqtisadi inkişafın prioritetlərinə görə diqqəti cəlb edir. Belə ki, muxtar respublika iqtisadiyyatına investisiya qoyuluşunu sürətləndirmək, ənənəvi sahələrin işini canlandırmaq üçün görülən işlər çox qısa zaman içində öz bəhrəsini göstərib. Artıq Naxçıvan Muxtar Respublikası özünün investisiya cazibədarlığı ilə ölkəmizin digər iqtisadi rayonları arasında birinci yeri tutur ki, bu da sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına göstərilən hərtərəfli qayğı, bu sahəyə real kredit dəstəyi nəticəsində mümkün olub. 2021-ci ilin yanvar-may aylarında muxtar respublika iqtisadiyyatına bank və kredit təşkilatları tərəfindən 85 milyon 314 min 500 manat kredit yönəldilib. Bu kreditlərin tərkibində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara güzəştli şərtlərlə verilən kreditlərin xüsusi əhəmiyyəti var. 2021-ci ilin yanvar-may aylarında iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, ümumilikdə, fond tərəfindən 1 milyon 116 min manatdan çox güzəştli kredit verilib. Cari ildə verilən kreditlərin 90 faizi aqrar sektorun, 10 faizi müxtəlif sənaye sahələrinin inkişafına yönəldilib. Ümumilikdə, 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən 1550 layihənin maliyyələşdirilməsinə 169 milyon 722 min manatdan çox güzəştli kreditlər ayrılıb.
Ərzaq təhlükəsizliyinin ən mühüm tərkib hissəsi ərzaq məhsullarının keyfiyyətinə nəzarətin təmin olunmasıdır. Bu sahədə dövlət nəza­rətini təmin etmək və muxtar respublikada istehsal olunan məhsulların, eləcə də idxal olunan qida məhsullarının keyfiyyətinin müvafiq standartlara uyğunluğunun təhlili sistemini təkmilləşdirmək məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Latviya Respublikasının Latviya Milli Akkreditasiya Bürosu Dövlət Agentliyi (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçmiş Mərkəzi Qida Sınaq Laboratoriyası yaradılıb. Qeyd edək ki, cari ilin ilk beş ayında laboratoriya tərəfindən 63 mal çeşidini əhatə edən 238 halda səyyar və 832 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, aparılmış laboratoriya təhlilləri, əsasən, 624 yerli istehsal məhsulunu və 208 idxal məhsulunu əhatə edib. Nəticədə, 832 hаldа məhsulun kеyfiyyət göstəricilərinin qüvvədə olan nоrmаtiv tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi müəyyən edilib.

Bu gün qarşıya qoyulan vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada sabit və adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsulları ilə etibarlı təminatına zəmin yaradıb.

Mehparə MƏMMƏDOVA
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR