22 Dekabr 2024, Bazar

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin I yarımilində polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasını Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov giriş sözü ilə açaraq geniş məruzə edib.
Bildirilib ki, 2021-ci ilin I yarımili muxtar respublikanın ictimai-siyasi və sosial həyatına müsbət təsir göstərən əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, məhz Vətən müharibəsindən sonra, ümummilli lider Heydər Əliyevin ilk doğum günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri əhali arasında yüksək əhval-ruhiyyə yaratmaqla yanaşı, muxtar respublikanın ölkəmizin və regionun iqtisadi-siyasi həyatında nə qədər önəmli olmasını bir daha dünyaya bəyan edib.

Vurğulanıb ki, 2021-ci ilin I yarımili ərzində muxtar respublika ərazisində qeyri aşkar şəraitdə törədilmiş cinayət hadisələrinin isti izlərlə açılması və cinayət törətməkdə təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması 100 faiz təmin edilib, yetkinllik yaşına çatmayanlar tərəfindən törədilən və ya insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb. Eyni zamanda borclu fiziki şəxslərin və cavabdehlərin axtarışının təşkili istiqamətində 116 nəfər şəxsə axtarış işi açılaraq həmin şəxslərin hamısı tutulub və axtarış işinin göstəricisi 100 faiz təmin olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 1 cinayət və 12 inzibati fakt aşkar edilib, vətəndaşlardan 130 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursаtı təhvil götürülüb.
Bu dövrdə vətəndaş-polis münasibətlərinin qurulmasında, eləcə də ictimai asayişin tənzimlənməsində əsas amil olan polis sahə inspektorlarının fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, işin günün tələbləri səviyyəsində qurulması istiqamətində yeni metodlar tətbiq edilib. Əməkdaşlar tərəfindən təhsil müəssisələrində müxtəlif mövzularda 314 dəfə profilaktiki söhbət aparılıb, Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa və Sədərək rayonları ərazisində fəaliyyət göstərən orta məktəblərdə 86 şagirdə şəxsiyyət vəsiqələri təntənəli surətdə təqdim edilib.
Vətəndaş məmnunluğunun təmin edilməsi çərçivəsində Azərbaycanın digər bölgələrində yaşayan muxtar respublika sakinlərinin biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə hesabat dövründə Bakı şəhərinə ezam olunmuş aidiyyəti xidmət əməkdaşları tərəfindən 4098 nəfərə biometrik şəxsiyyət vəsiqəsi verilib.
Nazir 2021-ci ilin I yarımilində cinayətkarlığa qarşı mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin qоrunması sahəsində əldə edilən uğurlarla yanaşı, bəzi xidmət sahələrinin fəaliyyətində nöqsanlar müşahidə olunması da diqqətə çatdırıb.
Vurğulanıb ki, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar bundan sonra da tam həcmdə yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin edilərək Naxçıvanın cinayətsiz region statusu qorunub saxlanılacaqdır.
Məruzə ətrafında müzakirələr olub.
Sonra nazirliyin digər xidmət rəisləri və ərazi polis orqanlarının rəisləri görülən işlərlə bağlı məlumat veriblər.

*   *   *

İyulun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir Rəhman Məmmədov məruzə edərək bildirmişdir ki, hesabat dövründə iki müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olunublar. Bununla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təhsil və şahmat sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
Diqqətə çatdırılmışdır ki, 2021-ci ilin birinci yarısı təhsildə tətbiq edilən innovasiyalarla yadda qalmışdır. Belə ki, Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmiş, 2021-ci ilin yanvar ayının 1-dən etibarən Televiziya və Radio Verilişləri Redaksiyası muxtar respublikada həyata keçirilən təhsil siyasətinə, təhsil quruculuğuna, cəmiyyətin elm və təhsil üzrə ümumi maraqlarının təmin edilməsinə yönəlmiş televiziya və radio proqramlarının yayımına başlamışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin STEAM təhsil metodunun muxtar respublikada tətbiqi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq 15 təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, ilk dəfə olaraq bu metod əsasında şagirdlərin hazırladıqları layihələrin texnosərgisi keçirilmişdir. Nazir bildirmişdir ki, bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamın icrası istiqamətində görüləcək işlər barədə də məlumat vermişdir.
Təhsil naziri təhsildə aparılan yeni struktur dəyişikliklərindən də danışaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 19 mart tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilmişdir. Bununla yanaşı hesabat dövründə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 186 idman klubu yaradılmış, “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı hazırlanmışdır.
Hesabat dövründə 5412 müəllim sertfikasiyaya, 687 müəllim isə müxtəlif təlim, konfrans və kurslara cəlb olunmuş, məllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə uğurlu nəticə göstərən 47 müəllim işlə təmin edilmiş, 2021-2022-ci tədris ili üçün 214 yer müsabiqəyə çıxarılmışdır.
Qeyd edilmişdir ki, bəhs olunan dövrdə keçirilən VI və VII sinif şagirdləri arasında Respublika fənn müsabiqələrində 36 şagird, Respublika fənn olmipiadalarında isə 26 şagird qalib olmuşdur.
Buraxılış imtahanlarının nəticələri haqqında da danışan Təhsil naziri qeyd etmişdir ki, muxtar respublika şagirdləri buraxılış imtahanlarında fəallıq göstərmiş, uğurlu nəticə göstərmişlər. Tədrisdə və burxılış imtahanlarında əldə etdikləri nəticələrə görə məzunlardan 17-si Qızıl, 17-si Gümüş nişana, 41-i isə Fərqlənmə attestatına, IX siniflər üzrə isə 123 şagird Fəqlənmə attestatına layiq görülmüşdür.
Sonra məruzə ətrafında çıxıəşlar olub.

*  *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq geniş məruzə ilə çıxış edib. Bildirib ki, xidmətin fəaliyyət istiqamətlərində prioritet yer tutan qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri I yarımil ərzində də uğurla həyata keçirilib. Belə ki, həyata keçirilən tədbirlər zamanı muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 77 əcnəbi aşkarlanıb. Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 1 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılıb.
Vurğulanıb ki, hesabat dövründə əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı, ümumilikdə, xidmətə 2096 müraciət daxil olub. Həmin müraciətlərdən 1306-sı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub.
Diqqətə çatdırılıb ki, I yarımil ərzində Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və elektron hökumət portalına ümumilikdə 529 müraciət daxil olub, hər biri xidmət tərəfindən dəqiq və operativ qaydada cavablandırılıb. Həmçinin hesabat dövründə xidmətə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 435, daimi yaşamaq üçün icazənin verilməsi məqsədilə 3, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 9, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi məqsədilə 109, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 140 müraciət daxil olub. Müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Muxtar respublikada reallaşdırılan çoxşaxəli, uğurlu siyasətin nəticəsi olaraq, I yarımil ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 3 müraciət daxil olub. Hazırda həmin müraciətlər icra mərhələsindədir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində cari ilin birinci yarısının yekunlarına dair kollegiya iclasını Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat ilinin yaz əkin mövsümündə ümumilikdə 283 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Aparılan əkin işlərində ümumilikdə 175000 ədəd meyvə, meşə, həmişəyaşıl tingləri, üzüm, bəzək və gül kolları əkilib. 2021-ci ildə muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirləri zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 182,2 ha olmaqla ümumilikdə 283 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb.
Vurğulanıb ki, muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində tingə olan təlabatın davamlı təmin edilməsi məqsədilə 2 hektar ərazidə toxmacarlıq və qələmkökləndirmə sahələri yaradılıb, tinglik təsərrüfatlarında növ müxtəlifliyi diqqətdə saxlanılıb, həmçinin təcrübə məqsədilə əkinlər aparılıb. Mövsüm ərzində 7650 ədəd üzüm, 7400 ədəd iydə, 2200 ədəd çinar qələmləri əkilib, bərpa işlərinin fasiləsiz aparılması məqsədilə dibçəkdə 3060 ədəddən artıq ting yetişdirilib, 573 ədəd cır meyvə ağaclarına calaq vurulub.
Diqqətə çatdırılıb ki, 130 hektar sahədə toxumla əkin aparılıb, 1300 kiloqram həmərsin, yemişan, badamça, iydə toxumları əkilib.
Qeyd olunub ki, muxtar respublika ərazisində yaz mövsümündə 7 hektarı üzüm olmaqla 72 hektar sahədə meyvə bağı, yaşıllıq zolaqları salınıb. Meyvə bağlarının salınmasında yerli sortlara üstünlük verilib, lazımi aqrotexniki işlər görülüb, yerli şəraitdə yetişdirilmiş püstə tingləri ilə 2 ha sahədə yeni püstə bağı salınıb.
Bildirilib ki, hesabat dövründə 3500 kiloqramdan artıq meyvə toplanaraq, sanitar qırıntı işləri aparılması nəticəsində çıxan 270 m3 oduncaq hərbi hissələrə təhvil verilib.
Diqqətə çatdırılıb ki, görülən tədbirlərin nəticəsi olaraq muflon, bezoar keçiləri və su quşlarının say tərkibində artım dinamikası müşahidə edilib, nadir növ olan bəbir ailələrində yeni fərdlər qeydə alınıb. 2021-ci ilin yanvar-fevral aylarında biotexniki tədbirlər icra edilib, 3300 kiloqram daş-duz, 200 kipdən artıq qaba yem, 5200 kiloqram meyvə-tərəvəz məhsulları ərazilərə paylanıb.
Vurğulanıb ki, 2021-ci ildə təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 61 müəssisəyə 81 min 861 manat məbləğində ekoloji ödəniş tətbiq olunub və bunun 65 faiz icrası təmin edilib.
Sonda məruzə atrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR