20 Aprel 2024, Şənbə

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası tərəfindən AMEA Naxçıvan Bölməsinin sədri, tarix elmləri doktoru, akademik İsmayıl Hacıyevin anadan olmasının 70 illiyinə həsr edilmiş biobiblioqrafik göstərici işıq üzü görüb. “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasına daxil olan kitab AMEA Rəyasət Heyətinin qərarı ilə “Elm” nəşriyyatında çapdan çıxıb.

 Nəşrin elmi redaktoru tarix elmləri doktoru, professor Oktay Sultanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri isə dosentləri Emin Şıxəliyev və Samir Quliyev, Türkan Vahidovadır.

Kitabın ilk səhifələrində Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin akademikə fəxri ad və mükafatların verilməsi, təltif edilməsi haqqında sərəncamlarının, AMEA Rəyasət Heyətinin İsmayıl Hacıyevin 70 illik yubileyi ilə bağlı qərarının mətnləri yer alıb.
Tanınmış tarixçi alimin 1975-2020-ci illərdə elmi və ictimai fəaliyyətinin əsas məlumatlarının toplandığı kitabda Azərbaycan, türk, rus, ingilis, ispan və italyan dillərində nəşr olunmuş elmi əsərləri, eləcə də dövrü mətbuatda dərc edilmiş məqalələri əksini tapıb. Biblioqrafiyaya daxil edilmiş materiallar müvafiq bölmələr üzrə və xronoloji ardıcıllıqla yerləşdirilib.
Əsərin birinci bölməsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbib­bəylinin görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş “Elmə xidmətin miqyası və missiyası”, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli və Vəli Baxşəliyevin “Elmi-pedaqoji fəaliyyətin mənalı illəri” başlıqlı oçerkləri ana dilimizlə yanaşı, rus və ingilis dillərində də oxuculara təqdim olunur.
Növbəti bölmələrdə alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, akademik Mahmud Kərimov, İsa Həbibbəyli, Nailə Vəlixanlı və digərləri kimi görkəmli elm və mədəniyyət xadimlərinin akademik İsmayıl Hacıyev haqqında söylədikləri fikirlər verilib.
“Əsərlərinin biblioqrafiyası” başlıqlı bölmədə isə akademikin Azərbaycanşünaslıq elminin zənginləşməsinə xidmət edən kitab, mono­qrafiya, elmi məqalə və tezisləri, publisistik məqalələri, müsahibələri, ön söz yazdığı, redaktoru, rəyçisi, elmi məsləhətçisi olduğu nəşrlər, eyni zamanda elmi məsləhətçisi, yaxud rəhbəri və opponenti olduğu dissertasiyalar, Azərbaycan Respublikası Milli Məclisinin iclas və sessiyalarında çıxışları yer alıb. Kitab və mono­qrafiya adlarının toplandığı bölmədə hər bir əsərin bəhs etdiyi mövzu haqqında yığcam məlumat verilir.
Biobiblioqrafik göstəricidə, həmçinin soraq-axtarış aparatı tərtib edilib ki, bu da, öz növbəsində, nəşrdən istifadəni asanlaşdırmağa xidmət edir.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR