AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin yarım ilin yekunlarına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında qarşıya qoyulan mühüm vəzifələrə həsr olunmuş iclası olub.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, hesabat dövründə bölmə əməkdaşlarının, ümumilikdə, 378 elmi əsəri çap olunmuş, bir xəritə tərtib edilmişdir. Əsərlərdən 3 monoqrafiya, 49 məqalə, 50 konfrans materialı xaricdə nəşr olunub. Məqalələrin 33-ü impakt faktorlu jurnallarda çapdan çıxmışdır. “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin 2 nömrəsi nəşr olunub. Bölmə əməkdaşlarının müxtəlif qəzetlərdə və internet portallarında məqalələri dərc olunub, 30 əməkdaş 35 beynəlxalq tədbirdə məruzə edib. İlin birinci yarısında AMEA Naxçıvan Bölməsi üzrə 2 beynəlxalq səviyyəli Qrant layihəsinin icrası davam etdirilib.
Bölmə 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələrin alim ləri ilə sıx elmi əlaqələrdə оlmuş, 15 elmi konfransa ev sahibliyi etmişdir. Əlamətdar hadisələrlə əlaqədar 8 tədbir baş tutmuş, oxunması zəruri olan 5 kitabın müzakirəsi və 8 təqdimat keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalara başlanılmış, “Naxçıvan” jurnalının Qars müqaviləsinin 100 illiyinə həsr edilən nömrəsi üçün elmi məqalələr hazırlanaraq sistemləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit olunmuş ərazisinin xəritəsinin ilkin variantı hazırlanmışdır.
Çıxışda Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin məktubu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması ilə bağlı həyata keçirilən layihə çərçivəsində görülən işlərdən də bəhs olunub.
Qeyd olunub ki, əməkdaşlardan 1 nəfər elmlər doktoru dissertasiya işini müvəfəqiyyətlə müdafiə etmiş, 4 nəfər isə doktorluq dissertasiyalarını bitirərək uyğun müdafiə Şuralarına təqdim etmişdir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 5 ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə seminarlar, açıq dərslər, laboratoriya məşğələləri keçirilmiş, elmi dərəcəsi olan 50 əməkdaş muxtar respublikanın 29 ümumtəhsil məktəbində 8 fənn üzrə nümunəvi dərslər tədris etmişlər. AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində uğurlu nəticələr əldə olunmuşdur.
Ötən dövrdə bölmənin 8 əməkdaşı orden, medal, fəxri fərman, diplom və sertifikatla təltif olunmuş, müxtəlif beynəlxalq təşkilatların və jurnalların üzvü seçilmişdir.
Bölmə rəhbəri Ali Məclis Sədrinin tapşırığının icrasını təmin etmək məqsədilə Nəbatat bağında və Aşağı Əylis kəndindəki ərazidə, Ordubad rayonunun Əylis kəndi ərazisində yerləşən Biokimyəvi tədqiqatlar laboratoriyasında yeni və məhsuldar meyvə sortlarının əldə edilməsi və istehsalı üçün görülən işlərdən danışıb.
Sonra çıxışlar olub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti
* * *
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclası kollecin direktoru Asəf Ruşanov açaraq bildirib ki, 2020-2021-ci tədris ilinin II yarım ilində əyani və qiyabi şöbələrdə, ümumilikdə, 8 ixtisas üzrə 486 nəfər tələbə təhsil almışdır ki, onların da 243 nəfərini oğlan, 243 nəfərini isə qız tələbələr təşkil etmişdir. Tələbələrin 252 nəfəri ödənişli əsaslarla, 234 nəfəri isə dövlət hesabına təhsil almışlar. 2020-2021-ci tədris ilinin II yarım ili üzrə kollecdə kredit sistemi ilə təhsil alan qruplarda hər fənn üzrə təlimata əsasən ayda bir dəfə olmaqla, ümumilikdə, 3 kollokvium, semestrin sonunda yaz imtahan sessiyası çərçivəsində fənlər üzrə imtahanlar, kurikulum sistemi ilə tədris aparılan birinci kurslarda isə 3 həftədən bir olmaqla, 5 və 6 kiçik summativ qiymətləndirmə, tədris ilinin sonuncu həftəsində isə böyük summativ qiymətləndirmə keçirilib. Ümumiyyətlə, əyani şöbədə təhsil alan tələbələr üçün keçirilən imtahanlarda 29 qrup üzrə 429 nəfər tələbə iştirak edib. Onlardan 21 nəfər bütün fənlərdən 91-100 intervalında bal toplayaraq əlaçı, 64 nəfər 71-100 intervalında bal toplayaraq yarım əlaçı adına layiq görülüb. Dərsmənimsəmənin səviyyəsi 97 faiz, keyfiyyət göstəricisi isə 26,1 faiz olub. Qiyabi şöbədə bir ixtisas – Yol hərəkətinin təşkili üzrə 4 qrupda 60 nəfər yaz imtahan sessiyasına buraxılıb ki, onlardan 10 nəfər bütün fənlərdən 91-100 intervalında bal toplayaraq əlaçı, 13 nəfər 71-100 intervalında bal toplayaraq yarım əlaçı adına layiq görülüb. Dərsmənimsəmənin səviyyəsi 96 faiz, keyfiyyət göstəricisi isə 39 faiz olub. İmtahanların nəticələri ümumiləşdirilib və tələbələrin hazırlıq səviyyəsini yaxşılaşdırmaq, lazımi nəticələr çıxarmaq üçün təhlil edilib.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
Telli MƏMMƏDOVA