22 Dekabr 2024, Bazar

Bu gün haqqında söhbət açacağımız məkan muzey kimi fəaliyyət göstərməsə də, 2017-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə bağlı ziyarət olunan obyektlər siyahısına daxil edilən Naxçıvan Biznes Mərkəzidir. Mərkəzin həmin siyahıya salınması heç də təsadüfi deyil. Çünki Naxçıvan Biznes Mərkəzini ziyarət etməklə yerli istehsal məhsullarımız, istehsalçı şirkətlər, iri holdinqlər, ailə təsərrüfatları, bir sözlə, muxtar respublika iqtisadiyyatı haqqında ətraflı məlumat əldə etmək olar. Bu “muzeyin” eksponatları isə yerli istehsal məhsullarıdır desək, yanılmarıq.

 2013-cü ildən istifadəyə verilən Naxçıvan Biznes Mərkəzinin əsas iş istiqamətləri biznesin inkişafı məqsədilə sahibkarların maarifləndirilməsi, onlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin, o cümlədən konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işlərinin sərgi və satışının təşkilindən ibarətdir. Ümumi sahəsi 2000 kva­dratmetr olan mərkəzdə müasir avadanlıqlarla təchiz edilmiş 100 nəfərlik iclas və 200 nəfərlik konfrans zalları, tədbir iştirakçıları üçün 2 dildə sinxron tərcümə dəstinin mövcudluğu burada beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə geniş imkanlar yaradır. Sərgi ilə tanışlıq məqsədilə gələn ziyarətçilərə ixtisaslı kadrlar tərəfindən xidmət göstərilir.

Mərkəzin sərgi salonunda muxtar respublika iqtisadiyyatının dinamik inkişafını göstərən əsas sosial-iqtisadi göstəricilərinin və son illər ərzində istifadəyə verilmiş mühüm infrastruktur obyektləri haqqında məlumatların əks olunduğu tablolar, eləcə də muxtar respublikada fəaliyyət göstərən 78 emal və xidmət müəssisəsi tərəfindən istehsal olunan məhsulların nümayişi həyata keçirilir. Həmçinin mərkəzdə sərgilənən Bəhruz Kəngərli məktəbinin davamçıları olan muxtar respublika rəssamlarının rəsm əsərləri və yerli sənətkarların dekorativ-tətbiqi sənət, dulusçuluq, ağac üzərində oyma işləri ziyarətçilərin zövqünü oxşayır. Qeyd edək ki, mərkəzdə ağac üzərində oyma sənəti, rəssamlıq üzrə sənətkarların fərdi sərgiləri də təşkil olunur.

Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda Naxçıvanın yerli məhsulları olan kiçik plastik kapsul hissələrdən dam örtüyünə, tikinti materiallarından mebel məmulatlarına, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş meyvə-tərəvəz məhsullarına, xüsusi geyim formalarından kimyəvi məhsullara qədər 166 adda, 1293 çeşiddə məhsul sərgilənir. Muxtar respublikamızda özəl sektorun aparıcı təmsilçiləri olan Nəqşicahan Holdinq, Gəmiqaya Holdinq, Cahan Holdinq, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, “Zümrüd” Kiçik Müəssisəsi, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı, çox sayda orta və kiçik biznes qurumlarının məhsulları sərgi salonunun guşələrində öz yerini tutub. Burada muxtar respublikanın aqrar sektorunda özünəməxsus fəaliyyəti ilə seçilən ailə təsərrüfatlarına geniş bir guşənin ayrılmasını muxtar respublika rəhbərinin ailə təsərrüfatlarına göstərdiyi qayğının nəticəsi olaraq həyata keçirilən tədbirlərin bir hissəsi kimi, xüsusilə qeyd etmək lazımdır. Belə ki, ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsulların tanıdılması, nümayişi və ixracının stimullaşdırılması nöqteyi-nəzərindən bu guşə müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, ailə təsərrüfatlarının resurslarına qənaət, onları ucuz və keyfiyyətli taralarla təmin etmək məqsədilə mərkəzin Naxçıvan şəhərində taraların satışı mağazası da fəaliyyət göstərir.
Mərkəzdə sərgilənən istehsal sahələri xəritəsindən aydın görmək olar ki, muxtar respublikamızda müxtəlif sənaye sahələri, o cümlədən maşınqayırma, kimya, tikinti, energetika, mədənçıxarma, metallurgiya, yüngül, mebel, yeyinti, emal sənayeləri və kənd təsərrüfatı təyinatlı 1051 müəssisə təkcə Naxçıvan şəhərini deyil, muxtar respublikamızın bütün bölgələrini əhatə edir.
Naxçıvan Biznes Mərkəzində bir çox mötəbər tədbirlər keçirilib. Bunlardan Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Biznes-Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliklərinin nümayəndə heyətlərinin Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Azərbaycan Mikromaliyyə Assosiasiyasının icra etdiyi “Qadınların Dayanıqlı İnkişafı üçün Səlahiyyətləndirilməsi” layihəsinin açılış konfransı, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələrinin Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində yerli iş adamları ilə görüşünü göstərə bilərik.
Hər il ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin naxçıvanlı sahibkarlarla görüşünün məhz Naxçıvan Biznes Mərkəzində keçirilməsi buranın əhəmiyyətini bir daha vurğulayır.
Muxtar respublikada sahibkarlığın genişləndirilməsi məqsədilə hüquqi və maarifləndirici istiqamətdə mərkəzdə mütəxəssislər tərəfindən sahibkarların müraciətləri əsasında müxtəlif xidmətlər göstərilir. Sahibkarlıq subyektləri üçün kiçikhəcmli kənd təsərrüfatı, orta və irihəcmli sənaye sahələrini əhatə edən biznes-planların, biznes layihələrin işlənilməsi belə xidmətlərdəndir.

Mərkəzin sərgi salonu ilə yanaşı, bu gün muxtar respublikada istehsal olunan məhsulların, eləcə də el sənətkarlarının hazırladıqları əl işləri və sənət əsərlərinin daha geniş məkanda təbliğ edilməsi və onların satışının təşkili məqsədilə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən əl işlərinin satışı mağazasının, Saat Meydanında yerləşən hədiyyəlik – “Naxçıvan məhsulları” satış mağazasının, Əshabi-kəhf ziyarətgahında və Duzdağ Fizioterapiya Mərkəzindəki satış məntəqələrinin fəaliyyəti Naxçıvanımızın tanıdılmasında əvəzsiz rola malikdir. Bunlarla yanaşı, hər bir mağazanın sosial şəbəkələrdə daim yenilənən hesabları onların fəaliyyətinin genişlənməsinə və yerli məhsullara marağın artmasına səbəb olur.
Naxçıvan Muxtar Respublikasında qədim el sənətimiz olan xalçaçılıq ənənələrinin və milli ornamentlərin qorunub saxlanması, xalq çeşnilərinin bərpası məqsədilə həyata keçirilən kompleks tədbirlər sırasında “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılan Xalq Yaradıcılığı Emalatxanasının xalçaçılıq bölməsinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Eyni zamanda muxtar respublikanın digər rayonlarında da xalçaçılıq sənətinin yaşadılması diqqətdə saxlanılır. Belə ki, mərkəz tərəfindən Cəlilkənd buzxanasında xalçaçılıq sahəsinin yaradılması həmin bölgədə xalçaçılığın inkişafına, gənc nəsillər arasında təbliğinə öz töhfəsini verir. Həmçinin bədii tikiş üslublarının gənc nəsillərə ötürülməsi, xalçaçılıqda kadr hazırlığının təşkili məqsədilə mütəmadi olaraq Naxçıvan Biznes Mərkəzi tərəfindən kurslar keçirilir.
Xalq Yaradıcılığı Emalatxanasında xalçaçılıq sahəsi ilə yanaşı, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət sahələri də fəaliyyət göstərir. Emalatxanada əllə toxunan Naxçıvan xalçalarının, əl işləri və sənət əsərlərinin sərgi və satışı da elə Naxçıvan Biznes Mərkəzi tərəfindən təmin edilir.

Bir sözlə, bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən irimiqyaslı layihələrlə, onun zəhmətkeş insanlarının istehsal etdiyi məhsullarla, yaratdığı əl işləri və sənət əsərləri ilə tanış olmaq istəyənlər yolunu mütləq Naxçıvan Biznes Mərkəzindən salmalıdır.

Mehparə MƏMMƏDOVA
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR