22 Dekabr 2024, Bazar

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konsert proqramında şair Xanəli Kərimli çıxış edərək Aşıq Ələsgərin həyat və yaradıcılığından söhbət açıb. O, qeyd edib ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər möcüzəsi ilə sazın, sözün yeni ömrü başladı.

“Haqq aşığı” ifadəsi Dədə Ələsgərin simasında yenidən dirilib gerçəkləşdi. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan Ələsgəri atası Alməmməd kişi böyük külfətini dolandıra bilmədiyindən 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir. Ələsgər Kərbəlayı Qurbanın qızı Səhnəbanuya aşiq olsa da, bu sevda baş tutmur. İllər keçir, Ələsgər nakam məhəbbətin ağrı-acısını yaşayır, uzun illər ilk məhəbbətini unuda bilmir, çətinliklərdən, sınaqlardan keçə-keçə sazla-sözün qovuşduğu dəryaya can atır. Dövrünün qüdrətli sənətkarı Aşıq Alı onun gələcək taleyini büsbütün dəyişir. Fitri istedadı, kəskin hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər beş il Aşıq Alıya şəyirdlik edir, saz dünyasının sirlərinə bələd olur, sirlər qapısını açıb, ustadlıq mərtəbəsinə yetişir.
Konsert Naxçıvan Aşıqlar Birliyinin üzvü Aşıq Aydın Cəfərovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əli İsmayılovun, Gülizar Əhmədlinin, Naxçıvan Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovun, Pünhanə Hüseynovanın, Zeynəb Hüseynovanın, Naxçıvan sazçalanlar qrupunun maraqlı ifaları ilə davam edib.

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR