Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanlarının əməkdaşları üçün “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi və sərnişin keçid zallarında işin təşkili” mövzusunda təlimlərə start verilib.
Muxtar respublika gömrük sistemində xidmətin keyfiyyətinin artırılması məqsədilə ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təşkil olunan təlimlərə Sədərək, Culfa, Şahtaxtı və Hava limanı gömrük postlarında xidmət edən əməkdaşlar cəlb edilib.
Birinci mərhələdə 10 əməkdaşın iştirak etdiyi üçgünlük təlimdə stasionar və portativ metal detektorlardan istifadə qaydaları, vətəndaşlarla rəftar, onların müayinə olunması, müşahidə üsulları və şəxsi yoxlama, HI-Scan rentgen qurğusunun istismarı qaydaları, HI-Scan rentgen qurğusunun istismarı zamanı təsvirlərin analizi qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli Qərarından irəli gələn məsələlər, sadələşmiş bəyannamələrin gömrük rəsmiləşdirilməsi, malların info-köşklərdə bəyan olunması, fiziki şəxslərdən saxlanılmış malların VAİS proqram təminatında müvəqqəti saxlanc anbarına götürülməsi, minik nəqliyyat vasitələrinin VAİS proqram təminatında qeydiyyatı, rentgen qurğusu operatorlarının diqqətinin artırılmasına dair üsullar, əşyalarda gizli saxlanc yerləri barədə məlumat, təcrübədə aşkarlanmış faktlar üzrə təsvirlərin analizi qaydası, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən gömrük sərhədindən keçirilməsi qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan mallar, narkotik vasitələr və psixotrop maddələr barədə dərslər və praktik məşğələlər keçirilib.
Təlimin proqramına uyğun olaraq stasionar və portativ metal detektorlardan istifadə, o cümlədən HI-Scan rentgen qurğusunun istismarı zamanı təsvirlərin analizi üzrə qiymətləndirmələr aparılıb. Təlim iştirakçıları 25 müxtəlif çantada gizlədilmiş silah və partlayıcıları, 18 müxtəlif çantada isə narkotikləri müəyyən etmək üzrə imtahanlara cəlb olunublar. Rentgen təsvirlərinin analizinin qiymətləndirilməsi “Sinfox” proqram təminatı vasitəsilə aparılıb. Ümumi imtahan nəticələrinə əsasən “70-85 faiz” intervalı “Məqbul”, “85-100 faiz” intervalı “Yüksək” dəyərləndirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin mətbuat xidməti