27 Aprel 2024, Şənbə

Xəbər verdiyimiz kimi, iyulun 26-da Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə muxtar respublikamızda “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nə start verilib. İkinci gün qonaqlar əvvəlcə Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar, burada onlara müalicə mərkəzi ilə bağlı ətraflı məlumat verilib. Daha sonra “Duzdağ” hoteldə Düşərgə iştirakçılarının İkinci Qarabağ müharibəsinin qaziləri ilə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qazilərimizlə görüşümüzün məqsədi gənclərimizə örnək olan qəhrəman müharibə iştirakçılarımızın timsalında gəncliyə əsl vətənpərvərlik ideologiyasını aşılamaqdır. Bilirik ki, II Qarabağ müharibəsində xalqımız Ali Baş Komandanın ətrafında birləşərək birlik, bərabərlik, bir sözlə, əsl vətəndaşlıq nümayiş etdirdi. Rəşadətli ordumuzun gücü, qüdrəti, qorxmazlığı ilə əzəli-əbədi torpaqlarımız olan Dağlıq Qarabağ Azərbaycana qovuşdu. Vətən müharibəsinin ən çətin, məşəqqətli günlərində yanımızda olan qardaş Türkiyə Respublikasının daim səsimizə səs verməsi tarixi birlik və bərabərliyin sübutudur.
Gənclər Fondunun Könüllüsü, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasının tələbəsi Rəhim Novruzov qeyd edib ki, Türkiyə və Azərbaycan Respublikası prezident­lərinin tarixi Şuşa səfərindən və Şuşa Bəyannaməsi kimi əhəmiyyətli bir sənədin imzalanmasından sonra Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və ölkə gəncləri arasında sıx əməkdaşlığın yaranması məqsədilə təşkil olunmuş belə tədbirlər hər bir gənc üçün qürurvericidir. Biz həm də ona görə sevinirik ki, bu tədbirdə qalib xalq kimi iştirak edirik. Şanlı ordumuzun və Ali Baş Komandanımızın erməni işğalçıları üzərində qazandığı böyük qələbə çoxəsrlik tariximizin səhifələrinə yazılmış əsl qəhrəmanlıq dastanıdır. Vətən müharibəsi qazisi, Şuşanın, “Xocavəndin azad olunması uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunan mayor Təbriz Zeynalov qazilər adından çıxış edərək bildirib ki, dövlətimiz 44 günlük müharibədə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız, nəhayət, qələbəyə çatdı. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu bizim üçün böyük qürur və sevincdir. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bir şeyi də diqqətə çatdıraq ki, müharibənin ən şiddətli anlarında belə, qardaş Türkiyə Respublikası bizdən maddi və mənəvi dəstəyini heç zaman əsirgəmədi. Bu tarixin bütün dövrlərində belə olub və olacaq. İnanırıq ki, bu dostluq və qardaşlıq olduğu müddətcə biz heç vaxt məğlub dövlət olmayacağıq.
Sonra iştirakçıları maraqlandıran suallar Vətən müharibəsi iştirakçıları tərəfindən cavablandırılıb.
Zəfər düşərgəsinin təşkilatçı rəhbərləri və iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibələrində tədbirin önəmindən, birgə əməkdaşlığın gələcək perspektivlərindən geniş söhbət açıblar.
Fərid Cəfərov – Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru:

– “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” adından da məlum olduğu kimi, ötən il ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı şanlı Qələbəyə həsr edilib. Düşərgənin təşkilinin əsas məqsədi bu zəfərin, eyni zamanda da ölkələrimizin ortaq tarixinin, mədəniyyətinin hər iki qardaş ölkənin gəncləri arasında geniş şəkildə təbliğ olunmasıdır. Tədbir üçün Naxçıvanın məkan seçilməsinin xüsusi əhəmiyyəti isə buranın həm Azərbaycanla Türkiyəni yaxınlaşdıran bir diyar olması, eləcə də Türk dünyasında əhəmiyyətli mövqeyə malik olması ilə bağlıdır. Düşərgə çərçivəsində hər iki ölkənin gəncləri muxtar respublikanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə yaxından tanış olacaqlar.
Bildiyimiz kimi, 2021-ci il ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi ili” elan olunub, Türkiyədə isə bu il “Yunus Əmrə ili” kimi qeyd edilir. Bu baxımdan gənclər həm də Türk dünyasının iki böyük klassikinin yaradıcılığı ilə yaxından tanış olacaq, eyni zamanda müxtəlif tədbirlər vasitəsilə bu dəyərli irsin təbliği həyata keçiriləcək. Qeyd edim ki, düşərgənin gələcəkdə daha geniş miqyasda keçirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Türkiyə Gənclik Vəqfi ilə müzakirələrdə gələcəkdə Naxçıvanda Türk dünyası gənclərinin forumunun keçirilməsini də qarşıya məqsəd qoymuşuq.

Onu da bildirim ki, istənilən beynəlxalq tədbirlər qarşılıqlı prinsip əsasında keçirilir. Yəqin ki, növbəti ildə Türkiyədə də analoji tədbir reallaşdırılacaq. Ümumiyyətlə, Azərbaycan Respublikası Gənclər Fondu və Türkiyə Gənclik Vəqfi iki ilə yaxındır ki, sıx əməkdaşlıq edir, bu əməkdaşlıq çərçivəsində hər iki ölkədə bir sıra tədbirlər, layihələr həyata keçirilib. Həmin tədbirlərin keçirilməsində məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq işində gənclərin iştirakını təmin etməkdir. Məhz 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Gənclik Vəqfi böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etdi, bu addım, xüsusilə ermənilərin təcavüzünə məruz qalmış Tərtər, Bərdə və Gəncədəki mülki vətəndaşların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Gələcəkdə ikitərəfli əməkdaşlığımızda qarşıya qoyduğumuz məqsədlər naminə gənclərin maarifləndirilməsi, ortaq mədəniyyətimizin təbliğ olunması, eyni zamanda iki ölkənin haqq səsinin dünyaya çatdırılması üçün daha da səylə çalışacağıq.
Deyim ki, Azərbaycan Respublikasının Gənclər Fondu son 3 illik fəaliyyətində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə bir sıra layihələrə imza atıb. Bunların sırasında 2018-ci ildə “Gənclik Naxçıvanda” düşərgəsini də xüsusi qeyd etməliyəm. O zaman da, indi də nəzərəçarpan xüsusi məqam Naxçıvanda keçirilən tədbirlərə bütün ölkə gəncliyinin xüsusi maraq göstərməsidir. Bu da həm muxtar respublikanın qədim, zəngin tarixi, mədəniyyəti, həm də ölkə həyatındakı xüsusi yeri və rolu ilə bağlıdır. Eyni zamanda son illərdə muxtar respublikada gedən inkişaf prosesləri, abadlıq-quruculuq işləri də gənclərin buraya xüsusi marağının yaranmasına səbəb olub. Naxçıvan gəncliyi barədə isə onu deyə bilərəm ki, apardığımız monitorinqlər çox müsbət nəticələr verib, buradakı gənclərin könüllülük fəaliyyətinə aktiv qoşulması təqdirəlayiqdir və gələcəkdə ali təhsil müəssisələrindəki tələbə-gənclər təşkilatlarının daha da gücləndirilməsi, gənclərin potensialının artırılması üçün bir sıra layihələr reallaşdırmağı nəzərdə tutmuşuq. İnanırıq ki, birgə əməkdaşlığımız öz müsbət nəticələrini verəcək.
Enes Eminoğlu – Türkiyə Gənclik Vəqfinin baş direktoru:

– Azərbaycanın bu qədim diyarına gəlişimizin əsas məqsədi “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ni həyata keçirməkdir. Ötən ay Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycanda səfərdə olmuşduq. Həmin vaxt Qarabağa, Şuşaya getdik. Təxminən, bir ay sonra yenə qardaş ölkədəyik. Türkiyə Gənclik Vəqfi kimi budəfəki səfərin hər iki qardaş ölkəni daha da yaxınlaşdıran, strateji ərazi sayılan Naxçıvan Muxtar Respublikasına olması, burada Zəfər Düşərgəsinin təşkili olduqca önəmlidir. Düşərgəyə 100 gənc Türkiyədən, 55-i Azərbaycanın digər bölgələrindən, 50-si isə muxtar respublikadan qatılıb. 5 gün müddətində gənclər tarix, mədəniyyət, idman və digər sahələri əhatə edəcək tədbirlərə qoşulacaq, müxtəlif səpkili proqramlar, konsertlər həyata keçiriləcək. Zəfər Düşərgəsi hər iki qardaş ölkənin gənclərinin daha da yaxınlaşmasına, qardaşlıq əlaqələrinin möhkəmlənməsinə vəsilə olacaq, birgə geniş fikir mübadiləsi aparıb dolğun nəticəyə varmaqla gələcək fəaliyyət perspektivləri müəyyənləşdiriləcək.
Onu da deyim ki, düşərgənin Naxçıvanda keçirilməsi Türkiyə gəncləri tərəfindən böyük rəğbətlə qarşılandı. Ümumiyyətlə, Türkiyə gəncliyi həm Azərbaycanı, həm də onun Naxçıvan Muxtar Respublikasını çox sevir. Həm məsafə baxımından, həm də digər özünəməxsus xüsusiyyətləri ilə muxtar respublikanın tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi çox təqdirəlayiq addımdır. Gələcəkdə belə layihələrin sayı daha da artacaq. Yaxın zamanlarda düşərgəni Azərbaycanın işğaldan azad edilmiş, Qarabağın ürəyi sayılan Şuşa şəhərində gerçəkləşdirməyi planlaşdırırıq. İnanırıq ki, birgə səylərimiz nəticəsində nəzərdə tutduğumuz hədəflərə çatacağıq.

Türkiyə Respublikasının vətəndaşı Mustafa Çətin deyir ki, buranın təbiət gözəllikləri göz oxşayır, insanda xoş hisslər oyadır. Naxçıvana gəldiyimiz andan etibarən insanların qonaqpərvərliyi və bizə göstərilən diqqət Türkiyə-Azərbaycan qardaşlığının, “bir millət iki dövlət” şüarının ən parlaq təzahürüdür. Bu gün biz səfər çərçivəsində Qarabağ zəfərinin xoşbəxtliyini yaşayırıq. Çünki qardaş Azərbaycanın qazandığı tarixi qələbə bütün Türk dünyasının sevinci, xoşbəxtliyidir. II Qarabağ müharibəsində bir daha bu qardaşlığın şahidi olduq. İnanırıq ki, bu dostluq, qardaşlıq bundan sonra da davam edəcək, bizdən sonra gələn nəsillər də bu birliyin himayəsində əsl vətəndaş kimi yetişəcək.
“Bu möhtəşəm görüşün səbəbkarları Vətən müharibəsində canını qurban verən şəhidlərimiz, qazilərimizdir”, – deyən İlkin Həsənov diqqətə çatdırdı ki, Azərbaycan-Türkiyə gənc­lərinin sarsılmaz dostluğu gələcək uğurların və böyük qələbələrin təminatçısıdır. Eynilə böyük Qarabağ qələbəmiz kimi. Burada vaxtımız çox səmərəli keçir. Naxçıvana ilk dəfədir gəlirəm, amma, sanki bu diyarla lap əvvəlcədən tanışam. Şəhərin gözqamaşdıran gözəlliklərindən zəngin tariximizin, milli-mənəvi dəyərlərimizin izləri duyulur. Burada adını çox eşitdiyim, lakin səfər çərçivəsində tanış olduğum Duzdağ isə Uca Yaradanın Naxçıvana verdiyi ən gözəl nemətdir. Buradan ayrılacağımı düşünəndə çox təəssüf hissi keçirirəm. Bir daha buraya gəlməyi səbirsizliklə gözləyirəm.

 Nail ƏSGƏROV
 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR