22 Dekabr 2024, Bazar

Ulu Öndərin xatirəsinə göstərilən ən böyük ehtiram özünü həm də muxtar respublikanın inkişafında təcəssüm etdirir

14 iyul ölkəmizin yüksəliş tarixinin ən əlamətdar günlərindən biridir. Çünki 1969-cu ildə məhz bu gün Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev respublika rəhbəri seçilib və həmin gündən Vətənimizdə bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub. 1969-cu ildən başlanan kompleks quruculuq işləri Naxçıvan Muxtar Respublikasını da əhatə edib. Həmin ildən sonra muxtar respublikada sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunub, emal və hasilat şəbəkəsi genişlənib. Naxçıvan şəhərində şüşə və alüminium qablar zavodları, alt trikotaj fabriki, tütün-fermentasiya və ət-süd kombinatları, Ordubad və Şərur rayonlarında konserv zavodları tikilərək istismara verilib. Ümumilikdə, regionun inkişaf perspektivlərini artırmaq məqsədilə 250-dən çox müxtəlif təyinatlı müəssisələr yaradılıb, əhalinin işlə təminatına və sosial rifahının yaxşılaşdırılmasına nail olunub, hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində 35 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Muxtar respublikanın şəhər, rayon və kəndlərində məktəb binaları, xəstəxanalar, suvarma tədbirlərini yaxşılaşdırmaq məqsədilə 20-dən artıq su anbarı tikilib. Əgər o illərdə muxtar respublikanın hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmasaydı, Ermənistan ilə sərhəddə yerləşən bu ərazi zaman-zaman boşaldılacaq və ermənilərin işğalına məruz qalacaqdı. 1969-cu ildən başlayaraq Ulu Öndərimiz bu məkrli planın da qarşısını məharətlə aldı. Xüsusilə qeyd etmək lazımdır ki, 1969-cu ildə Azərbaycan özünün böhranlı günlərini yaşayanda da, 1993-cü ildə dövlət müstəqilliyimiz məhvə sürüklənəndə də Ümummilli Liderimiz xilaskarlıq missiyası ilə Azərbaycanı bütün sınaqlardan qətiyyətlə çıxardı. Biz Milli Qurtuluşumuza Heydər Əliyev siyasəti nəticəsində qovuşduq, onunla yüksəldik, zəfərlər əldə etdik.

 

1990-1993-cü illərdə - mürəkkəb tarixi-siyasi şəraitdə Naxçıvan Muxtar Respublikasını işğala məruz qalmaqdan, daha sonra isə doğma Azərbaycanımızı parçalanmaqdan, yox olmaqdan xilas etmiş görkəmli dövlət xadiminin əsasını qoyduğu strateji inkişaf siyasətinin uğurla davam etdirilməsi, gərgin, ardıcıl və səmərəli fəaliyyət, quruculuq əzmi bu gün muxtar respublikanı gülüstana çevirib. Heydər Əliyev yolunun uğurla davam etdirilməsi nəticəsində tarixinin intibah və tərəqqi dövrünü yaşayan Naxçıvanın inkişaf tarixi şərəfli salnaməyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir... Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Üçrəngli dövlət bayrağımız muxtar respublikanın bütün bölgələrində əbədi yüksəkliyə ucaldılır

Dövlətimizin başçısının rəhbərliyi ilə bu gün muxtar respublikamızın hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasirləşir. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.

Bu gün Azərbaycanın hər yerində dövlət bayrağımız qürurla dalğalanır. Çünki bayraq dövlətlərin müstəqillik, suverenlik simvolu, öz yurdumuza hakimliyimizin rəmzidir. Ona görə də bütün qələbə və zəfərlərimiz Azərbaycan Bayrağı ilə ifadə olunub. İyunun 3-də Şərur rayonunda Bayraq Meydanının istifadəyə verilməsi gənclərin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Hər bir ölkənin müstəqillik rəmzi hesab olunan bayrağı o ölkə üçün müqəddəsdir. Ona görə də müstəqillik, torpaqların qorunması, dövlətçilik uğrunda şəhidlik zirvəsinə ucalanlar da bayrağa bükülür. Şərur rayon ərazisində qurulan bu Bayraq Meydanı da bir neçə gün əvvəl qeyd olunan 28 May - Respublika Günü münasibətilə və şəhidlərimizin əziz xatirəsinə qaldırılır”, - deyən Ali Məclisin Sədri qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Muxtar respublika rəhbəri Bayraq Meydanında müxtəlif tədbirlərin keçirilməsi, abadlığa və təmizliyə diqqət edilməsi, yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Avtomobil yollarının yenidən qurulması iqtisadiyyatın inkişafına töhfə verir

Avtomobil yollarının yenidən qurulması muxtar respublikada iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, həm də insanların rahatlığına xidmət edir. Dövlətimizin başçısının Naxçıvana səfəri zamanı dediyi kimi, yollar çox keyfiyyətlə tikilir, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir.

İyunun 3-də Şərur şəhər avtomobil yolları yenidənqurmadan sonra istifadəyə verilib. Görülən işlərlə tanış olan Ali Məclisin Sədri deyib ki, Şərur muxtar respublikanın ən qədim tarixə malik olan bölgələrindəndir. Şərur şəhəri tarixinin heç bir dönəmində müstəqillik illərində olduğu qədər inkişaf etməyib. Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir. O gün olmasaydı, bu işlər də həyata keçirilə bilməzdi. Şəhərin yolları su və kanalizasiya sistemləri işlənib tamamilə başa çatdıqdan sonra yenidən qurulub. 11 min 200 metrlik yolun 3 min metri iki, 8 min 200 metri isə dördzolaqlıdır. Bu da imkan verəcək ki, bu yollardan uzun illər sıxlıq olmadan istifadə etmək mümkün olsun.

“Yolların yenidən qurulması abadlığın əsasını təşkil edir”, - deyən Ali Məclisin Sədri Şərur rayonunda yeni yolların qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, yol kənarında yaşıllıqların artırılması barədə tapşırıq verib. Həmin gün Ali Məclisin Sədri Şərur Şəhər Avtovağzal binasının tikintisi ilə də maraqlanıb, müvafiq göstərişlər verib.

Məskunlaşma artır, gənclərin sosial mənzil şəraiti yaxşılaşdırılır

İyunun 3-də Şərur şəhərində “28 May” və “Nizami” küçələrini birləşdirən yeraltı piyada keçidi istifadəyə verilib. Piyada keçidinin açılışında iştirak edən Ali Məclisin Sədri keçiddə təmizliyə riayət olunması barədə tapşırıq verib.

Piyada keçidlərinə elə yaşayış məntəqələrində zərurət yaranır ki, orada əhalinin sayı daim artır, çoxsaylı avtomobillərin hərəkəti intensiv hal alır. Bu, birbaşa iqtisadi inkişafla, əhalinin yaşayış şəraitinin yaxşılaşmasıyla, demoqrafik artımla bağlı olan məsələdir. Şərur şəhəri də bu baxımdan gündən-günə inkişaf edən, əhalisinin sayı artan şəhərlərimizdəndir.

Muxtar respublikada yeni yaşayış binalarının istifadəyə verilməsi məskunlaşmanın artmasının və gənclərin sosial mənzil şəraitinin yaxşılaşdırılmasının göstəricisidir. İyunun 3-də Şərur şəhərində 6 mərtəbədən və 40 mənzildən ibarət olan yeni yaşayış binası istifadəyə verilib. Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb.

Yaşayış binasının zirzəmi qatında yerləşən xidmət mərkəzində gözəllik salonu, bərbərxana, dərzi, məişət, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Bu həm də yeni iş yerlərinin açılması deməkdir.

Əhalinin sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılır

Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, sanitariya-gigiyenik tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət muxtar respublikada daim diqqət mərkəzindədir. Bu tədbirlərin davamı kimi Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün hərtərəfli iş şəraiti yaradılıb.

İyunun 3-də bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri Milli Qurtuluş Gününün bəhrələri olan yeni obyektlərin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik edərək deyib: “Gigiyena və epidemiologiya bu gün ən vacib sahələrdən biridir. Dünyada yayılan virusun epidemiyadan pandemiyaya çevrilməsi bu sahənin vacibliyini bir daha göstərdi. Muxtar respublikada hələ bir neçə il əvvəl bu istiqamətdə əsaslı işlər görülmüşdü. Lakin dünyada son illər müxtəlif virusların yayılması, xüsusilə mövcud pandemiyanın yaratdığı problemlər bu sahədə yeniliklərin tətbiqini zərurətə çevirdi. Muxtar respublikanın əksər rayonlarında Gigiyena və Epidemiologiya şöbələri üçün yeni iş şəraiti yaradılmış, müasir avtomobillər alınıb verilmişdir. Hazırda Culfa rayonunda və Naxçıvan şəhərində bu sahədə işlər davam etdirilir.

Ali Məclisin Sədri kollektivin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəyinə, əhalinin maarifləndirilməsinə ciddi səy göstərəcəklərinə, muxtar respublikada epidemioloji vəziyyətin daim sabit saxlanacağına əminliyini bildirib, muxtar respublikanın epidemioloji pasportunun hazırlanması, dezinfeksiya tədbirlərinin fəsillərə uyğun aparılması, sanitar-gigiyenik qaydalara əməl olunması və kadr işinə diqqətin artırılması barədə tapşırıqlar verib.

Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 7 nəfərlik işçi heyətinin eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil təqdim olunub.

Qonşu ölkələrlə iqtisadi-ticarət əlaqələri genişlənir

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında sənaye, kənd təsərrüfatı, enerji, səhiyyə, ticarət, nəqliyyat, mədəniyyət, turizm sahələrində əməkdaşlıq inkişaf edir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərində bu məsələlər daim diqqət mərkəzində olur, əlaqələrin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılır.

İyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri nəqliyyat sahəsindəki əməkdaşlığa diqqəti çəkib. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvan duzunun istehsal həcmi və xarici bazarlara çıxış imkanı artır

1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıdıb, müstəqilliyimizi və dövlətçiliyimizi xilas edib. Həmin gün ölkəmizin taleyində dönüş anı olub və böyük Qurtuluşa doğru mühüm addım atılıb. O addım suverenliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirib, xalqımızı nicat yoluna çıxarıb.

İyunun 9-da - Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxta istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın təbii sərvətləri təkcə neft və qazdan ibarət deyildir. Biz bir çox başqa yeraltı sərvətlərə də malikik... Bu sərvətlərdən də səmərəli istifadə etməliyik”. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Ulu Öndərin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi təbii sərvətlərimizdən xalqımızın rifahı və ölkəmizin inkişafı naminə səmərəli istifadə olunur. Duzdağda yeni şaxtanın istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır”.

Muxtar respublika rəhbərinin qeyd etdiyi kimi, 2018-ci ildən etibarən Duzdağda axtarış və kəşfiyyat işləri aparılıb, duz ehtiyatı 15 milyon ton olan şaxta qazılıb, ərazidə yeni istehsal kompleksinin tikintisinə başlanıb, duz mədənləri xüsusi qorunan ərazilərin kateqoriyasına aid edilərək xəritəsi hazırlanıb. Yeni duz şaxtasının və istehsal kompleksinin muxtar respublika üçün böyük iqtisadi əhəmiyyəti vardır. Belə ki, muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra isə birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaq. Bu da daxili tələbatı ödəməklə yanaşı, həm də böyük ixrac potensialı deməkdir. Ümumiyyətlə, uzun illər bu şaxtadan istifadə olunacaq, Naxçıvan duzunun istehsal həcmi artacaq, daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də xarici bazarlara çıxış imkanı yaranacaq.

Duz ehtiyatından səmərəli istifadə, keyfiyyət göstəricilərinə nəzarət və digər məsələlərlə bağlı müvafiq qurumlara tapşırıqlar verən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb, Qurtuluş bayramı ərəfəsində yeni duz şaxtasının istifadəyə verilməsi münasibətilə kollektivi və tədbir iştirakçılarını, eləcə də bütün muxtar respublika əhalisini təbrik edib, bu işdə əməyi olanlara təşəkkürünü bildirib.

Ali Məclisin Sədri Duzdağ duz mədəni tunelinin tikintisi zamanı çəkilən fotoşəkillərə və duz mədənləri ərazisindəki şaxtaların sxematik planına da baxıb. Sonra şaxtanın qazılmasında əməyi olanlara hədiyyələr təqdim olunub. Ali Məclisin Sədri şaxtada yaradılan şəraitlə maraqlanıb, muxtar respublikada satışı həyata keçirilən duz məhsullarına, eləcə də şaxtanın istismar planına baxıb.

Muxtar respublika rəhbəri idarəetmə qurğusunu işə salıb, şaxtada ilk partlayış olub və duzun çıxarılmasına başlanılıb. Ali Məclisin Sədri muxtar respublikada tunel-qazıntı işlərinin yerli şirkətlər tərəfindən uğurla həyata keçirildiyini bildirib, təhlükəsizlik qaydalarına əməl olunması və işçilər üçün kursların keçirilməsi barədə tapşırıqlar verib.

Naxçıvan Dövlət Universitetinin nəzdində Texnologiyalar Parkının yaradılması zamanın tələbidir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulub. Yeni qurulacaq texnoparkda energetika, gülkarlıq, tingçilik, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq sahələri, tədris otaqları və sərgi biopark, texnopark binaları, eləcə də Nəbatət bağı fəaliyyət göstərəcək. Texnopark üçün zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət yeni bina inşa olunacaq. Zirzəmidə texnoservis, nano araşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma, kafe və təsərrüfat otaqları nəzərdə tutulub. Birinci mərtəbədə Şərur sənaye məhəlləsinin, Naxçıvan Məhsullarının, Microsoft şirkətinin, Naxtel 4G operatorunun, CİSCO, KOİCA, Bakunity və digər gələcək rezident şirkətlərin ofisləri yerləşəcək. İkinci mərtəbədə innovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları xidmətləri, süni intellekt elmi-tədqiqat mərkəzləri, incəsənət, dizayn və memarlıq layihələri xidməti, elektronika və digər iş otaqları olacaqdır. Üçüncü mərtəbədə biznes inkubatoru, ideya bankı, Co-working mərkəzi, startap mərkəzləri nəzərdə tutulub. Dördüncü mərtəbədə 3 müzakirə otağı və 240 nəfərlik akt zalı yerləşəcək.

Biopark binasında Naxçıvan faunasına aid nümunələrin yerləşdiyi muzey, APİAİR müalicə sahəsi, arı südü, arı zəhəri analizləri laboratoriyası, arı mayalandırma, barama, dovşan, ağ siçan və zəli yetişdirmə sahələri fəaliyyət göstərəcək.

İyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Tədbirdə iştirak edən Ali Məclisin Sədri çıxış edərək deyib: “Naxçıvan Dövlət Universitetinin nəzdində Texnologiyalar Parkının yaradılması zamanın tələbidir. Çünki XX əsr texnika, XXI əsr isə texnologiyalar əsridir... Ölkəmizdə ilk dəfə olaraq bu layihəyə ağıllı texnologiyaların əlavə edilməsi texnoparkın tələblərinə tam cavab verəcəkdir. Ona görə də dünya təcrübəsinə əsaslanaraq burada universitetin profilinə və ixtisaslara uyğun nümunələr seçilib tətbiq olunmalıdır. Bu da imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti dünya universitetləri içərisində öz reytinqini artırsın. Universitetdə tədris yüksək səviyyədə ola bilər. Lakin əsas tələb dünya universitetləri sırasında öz yerini tutmaq və müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməkdir. Müasir dövrün tələbləri də gəncləri yaradıcı təfəkkürə sövq edən yeni texnologiyalardır”.

Hər il ölkəmizdə elm, təhsil, incəsənət və digər sahələrdə xüsusi fərqlənən gənclərə Prezident mükafatları təqdim olunur. Bu il isə “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən layihənin müəllifi İsmayıl İsmayıllı da mükafata layiq görülüb. Ali Məclisin Sədri Prezident mükafatını İsmayıl İsmayıllıya təqdim edərək təbriklərini çatdırıb.

Ali Məclisin Sədri Texnologiyalar Parkının təməlini atıb, tikintinin keyfiyyətlə aparılması və tələblərə uyğun qurulması barədə tapşırıqlar verib.

Heydər Əliyev adına Hərbi Lisey Azərbaycanda ixtisaslı hərbçi kadrların hazırlanması işinə mühüm töhfə verir

Göstərilən yüksək dövlət qayğısı nəticəsində Heydər Əliyev adına Hərbi Lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. Görülən işlərin nəticəsidir ki, ixtisaslı hərbçi kadrların hazırlanması üçün bütün imkanlar var. Hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı ilbəil artır. Liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar.

Ötən buraxılış mərasimlərinin birində Ali Məclisin Sədri deyib ki, bu torpaq böyük şücaətlər göstərən generallar, hərbi xadimlər yetirmişdir. Onların keçdiyi yol hər bir gənc üçün vətənpərvərlik nümunəsidir. İnanırıq ki, bu gün Heydər Əliyev adına Hərbi Liseyin müdavimləri olan kursantlar şərəfli zabit adını doğruldacaq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanacaqlar. Bu fikirləri özləri üçün əsas tapşırıq-vəzifə kimi qəbul edən lisey məzunları 2020-ci il 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsində öz qanları və canları ilə tarix yazıb, orden və medallarla təltif olunublar.

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılışı münasibəti ilə tədbir keçirilib. Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılış mərasiminin Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ilə qeyd olunduğunu, Qələbənin qazanılmasında və torpaqlarımızın işğaldan azad edilməsində hərbi liseyin məzunlarının da qəhrəmanlıq göstərərək şəhid olduqlarını bildirib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: “Zabit peşəsi çətin və şərəfli peşədir. Ulu Öndərimiz öyrədirdi ki, hərbi peşə insandan həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, Vətənə, ölkəyə, doğma torpağa əsl sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq və mətinlik tələb edir. Göründüyü kimi, üzərinizə mühüm vəzifələr düşür. İlk növbədə, vətənpərvər olmalı, hərbi nizamnamənin tələblərini öyrənməli, silah və hərbi texnikandan istifadə vərdişlərinə yiyələnməlisiniz. Bu peşəni seçən hər bir gənc həm də Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyətini dərk etməli, tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmalı, ümummilli lider Heydər Əliyev siyasi xəttinə sədaqət ruhunda yetişməlidir. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və təminata malikdir. Gələcəkdə müasir hərbi hissələrdə xidmət edəcək, ailələriniz hərtərəfli sosial-məişət şəraiti ilə təmin olunacaqlar. Ona görə də hərtərəfli ali hərbi təhsil almaq, peşəkar zabit kimi yetişmək və göstərilən etimadı doğrultmaq qarşınızda duran əsas vəzifələrdir”.

Ali Məclisin Sədri bu yolda kursantlara uğurlar arzulayıb, hərbi liseyin 21-ci buraxılışı münasibəti ilə bütün kursant, zabit və müəllim heyətini, tədbir iştirakçılarını təbrik edib. Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb. Muxtar respublika rəhbəri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib, liseydə yeni yaradılmış STEAM kabinəsinə baxıb. Kursantlar hazırladıqları minaaxtaran qurğu, ağıllı hərbi baza, xətt izləyən və kəşfiyyat robotları, qaz sensoru, elektron tank, su səviyyəsini ölçən qurğuların modellərini Ali Məclisin Sədrinə təqdim ediblər. Muxtar respublika rəhbəri müəllimlərlə, daha sonra valideynlərlə də görüşüb, vətənpərvər övladlar yetişdirdikləri üçün onlara təşəkkürünü bildirib.

Muxtar respublikada ilk dəfə olaraq Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev deyib: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, külək, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir.

İyunun 18-də Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib. Ali Məclisin Sədri stansiyanın istifadəyə verilməsi münasibətilə istehlakçıları təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək deyib: “Muxtar respublikanın ərazisində ilk dəfə olaraq Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilir. Hər bir ölkənin inkişafının əsas göstəricisi enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın inkişafının əsas hərəkətverici qüvvəsi elektrik enerjisinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsidir. Enerji harada varsa, orada inkişaf var, həyat var. Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxu bərpaolunan enerji mənbələri hesabına ödənilir. Bu da imkan verir ki, həm əhalinin, həm də sənayenin və iqtisadiyyatın digər sahələrinin enerji təminatı davamlı olsun. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin ucuz qiymətə elektrik enerjisi istehsal etməsi imkan verəcək ki, gələcəkdə elektroenergetika sahəsi daha da inkişaf etdirilsin. Culfa rayonunun ərazisi həm küləkli, həm də günəşlidir. Sınaq məqsədilə yaradılan elektrik stansiyası gələcəkdə növbəti külək elektrik stansiyalarının qurulması üçün əsas verəcək”.

Ali Məclisin Sədri yeni qurulacaq Culfa yarımstansiyasının layihəsinə baxıb, işlərə başlanılması barədə tapşırıq verib. Həmin gün Ali Məclisin Sədri Culfa rayonunun Yaycı kəndinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı layihənin hazırlanması barədə tapşırıq verib.

Taktiki-xüsusi təlim Naxçıvan Qarnizonu Qoşunlarının qüdrətini bir daha nümayiş etdirdi

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlim keçirilib. İyunun 22-də Ali Məclisin Sədri təlimi izləyib, Türkiyə Respublikasında pilotsuz uçuş aparatı sistemləri kursunu müvəffəqiyyətlə bitirən zabit və gizir heyəti ilə görüşüb, xatirə şəkli çəkdirilib.

Ali Məclisin Sədri qoşunların idarə edilməsini təmin edən rabitə vasitələrinə və döyüş raketlərinin saxlanılma anbarına baxıb, ultraqısa və qısa dalğalı radiostansiyalar dəsti, döyüşü idarəetmə qrupunun iş yeri, kompleks və mobil rabitə stansiyaları, döyüşü idarəetmə və komanda-qərargah maşınları ilə tanış olub.

Daha sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahında Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə keçirilən taktiki-xüsusi təliminin praktiki fəaliyyətlərinin icrasını izləyib. Taktiki-xüsusi təliminin planı ilə tanışlıqdan sonra təlimə start verilib.

Ali Məclisin Sədri Coğrafi Analiz Sisteminin yaradılmasına görə heyətə təşəkkür edib. Muxtar respublika rəhbəri sonra qərar qəbul edilmə, görüntü izləmə otaqlarına baxıb.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasında sanitar-epidemioloji xidmətin formalaşması və inkişafı göstərilən yüksək dövlət qayğısı nəticəsində mümkün olub. Son illər Sədərək, Babək, Şahbuz, Ordubad, Şərur rayon gigiyena və epidemiologiya şöbələri bütün növ müasir tibbi avadanlıqlarla təmin edilmiş yeni binalara köçürülüb. Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin isə yenidən qurulması həyata keçirilir. İyunun 24-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binasının istifadəyə verilməsi də görülən işlərin davamıdır. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Mərkəzə baxışdan sonra iclas zalında tədbir keçirilib. Ali Məclisin Sədri muxtar respublikada sanitar-epidemioloji vəziyyətin qorunub saxlanılmasında səmərəli fəaliyyətlərinə görə Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivinə təşəkkür edib, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, mərkəzin yeni binasının istifadəyə verilməsi və avtomobillərin təqdimatı münasibətilə tədbir iştirakçılarını və mərkəzin bütün kollektivini təbrik edib. Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müvafiq ixtisasının Gigiyena və Epidemiologiya Mərkəzinə hamiliyə verilməsi ilə bağlı tapşırıq verib.

Sonra 2-si Gigiyena və Epidemiologiya Mərkəzi, 7-si rayon şöbələri, 1-i Naxçıvan Şəhər Bələdiyyəsi üçün olmaqla, 10 avtomobilin təqdimatı olub. Ali Məclisin Sədri avtomobillərə baxıb və açarları təqdim edib.

Müstəqillik illərində muxtar respublikada 300-ə yaxın hərbi təyinatlı obyekt istifadəyə verilib, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilib

İyunun 25-də - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib, Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub, qüsursuz xidmət edən hərbçilərə mənzillər verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, onları təltiflərin təqdimatı, yeni yaşayış və xidmət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib.

Ali Məclisin Sədri çıxışında deyib: “Bu gün ölkə Prezidentinin Ümummilli Liderin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, müstəqilliyimizin və dövlətçiliyimizin qarantı olan güclü ordumuz vardır. Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyinin təmin olunması, hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 300-ə yaxın hərbi təyinatlı obyekt istifadəyə verilmiş, hərbi qulluqçuların və ailələrinin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu gün istifadəyə verilən yeni yaşayış və xidmət kompleksi, eləcə də təqdim olunan mənzillər ordu quruculuğu tədbirlərinin tərkib hissəsidir. Muxtar respublikada hərbi qulluqçuların döyüş hazırlığı da artırılmışdır. Qarşıya qoyulan istənilən vəzifə və tapşırıqlar yüksək hərbi səriştə, peşəkarlıq və vətənpərvərliklə yerinə yetirilir”.

“Ordu dövlətin əsas sütunu, hərbi xidmət isə Vətən qarşısında müqəddəs borcdur”, - deyən Ali Məclisin Sədri çıxışını ümummilli liderimiz Heydər Əliyevin müdrik fikirləri ilə tamamlayıb: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir”.

Sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına Azərbaycan Respublikasının ordenlərini, tədbir iştirakçıları isə medalları təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təqdimatına əsasən Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi general-mayor Ağalarov Fazil Köçəri oğluna Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “general-leytenant” ali hərbi rütbəsi verilib. Ali Məclisin Sədri “general-leytenant” ali hərbi rütbəsini Fazil Ağalarova təqdim edib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillərin orderlərinin təqdimatı olub. Ali Məclisin Sədri mənzillərin orderlərini polkovnik Cəlal Mehdiyevə və ehtiyatda olan gizir İlqar Rəhimova təqdim edib. Sonra Ali Məclisin Sədri hərbi hissələrdə yaradılan şəraitlə tanış olub.

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi tədbirləri sırasında xidməti avtomobillərə olan tələbatın ödənilməsi mühüm yer tutur. İyunun 25-də Əlahiddə Ümumqoşun Orduya 22 “Mitsubishi L200” markalı xidməti avtomobil təqdim olunub. Ali Məclisin Sədri yeni avtomobillərə baxıb, təyinata uyğun istifadə olunması barədə tapşırıq verib.

Muxtar respublika rəhbəri Əlahiddə Ümumqoşun Ordunun Texnika parkına, silah və optik cihazlar anbarına baxıb. Ali Məclisin Sədri muxtar respublikada ordu quruculuğu işlərinin kompleks şəkildə aparıldığını və əhalinin təhlükəsizliyinin təmin olunduğunu bildirib, “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”,- müdrik fikri xatırladaraq bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb, Türkiyə Silahlı Qüvvələrinin ordu quruculuğu tədbirlərindəki fəaliyyətindən bəhs edib. Güclü dövlətimizin güclü lideri və ordusu sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirən Ali Məclisin Sədri Silahlı Qüvvələr Gününün böyük Qələbə ilə qeyd olunduğunu diqqətə çatdırıb.

Şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilir, onlar mənzillərlə təmin olunurlar

Muxtar respublikada şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilir. İyunun 26-da - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillərin təqdim olunması da dövlətimizin göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür. Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Şərur, Babək, Şahbuz və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarının müdafiəsi yolunda şəhid olanlar bizim ən əziz insanlarımızdır. Onların qəhrəmanlıqları, Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaqdır. Eyni zamanda şəhid ailələrinə daim diqqət hər bir vətəndaşın və dövlətin borcudur. Biz bu borcumuzu heç vaxt unutmamalıyıq” sözlərini xatırladaraq deyib: “Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid adı uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Həmçinin şəhid ailələrinə də hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, mənzillər verilir. 26 İyun Silahlı Qüvvələr Günündə Naxçıvanda şəhid ailələrinə yeni mənzillərin təqdim olunması da bu tədbirlərin davamıdır”.

“Vətənə, torpağa və xalqa sevginin ən ali məqamı şəhidlikdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, İkinci Qarabağ müharibəsində igid oğullarımız torpaqlarımızı işğaldan azad edərək böyük Qələbə qazanıb, qəhrəmanlıq və şücaət göstərərək ən ali məqama - şəhidlik zirvəsinə yüksəlib, ailələrinə isə şəhid adının şöhrətini qazandırıblar. Ali Məclisin Sədri qəhrəman şəhidlərimizin əziz xatirəsini yad edib, şəhid ailələrinə yeni mənzillərdə xoş və rahat həyat arzulayıb, mənzillərin orderlərini şəhid ailələrinə təqdim edib.

Şəhid ailələri dövlətin onlar üçün yaratdığı şəraitə və göstərilən qayğıya görə minnətdarlıq ediblər. Tədbir çay süfrəsi arxasında davam edib.

Strateji ərzaq məhsulu olan taxılçılığın inkişafına hərtərəfli şərait yaradılıb

Torpaq və su ehtiyatlarından səmərəli istifadə ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu sahədə mühüm tədbirlər görülür. Qapalı suvarma şəbəkələrinin qurulması uzun illər əkilməyən torpaqların əkin dövriyyəsinə qatılmasına şərait yaradıb. Bu da kənd təsərrüfatının, xüsusilə strateji ərzaq məhsulu olan taxılçılığın inkişafına imkan verir.

Bu ilin məhsulu üçün muxtar respublikada 32 min 721 hektar sahədə taxıl biçini aparılacaq ki, onun da 20 min 930 hektarı buğda, 11 min 791 hektarı isə arpa əkinləridir. Əkinlərin 3040 hektarı dəmyə sahələrdir. Hazırda biçin aparılır. Məhsuldarlıq 30 sentnerdir. Ali Məclis Sədrinin tapşırığına əsasən buğdanın hər kiloqramı 45, arpa və qarğıdalının isə hər kiloqramı 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödənilir. Taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 99 taxılbiçən kombayn, 276 qoşqu, 308 kipvuran, 85 özüboşaldan avtomaşın, 653 traktor, 43 toxumtəmizləyən aqreqat saz vəziyyətə gətirilib.

İyunun 30-da Ali Məclisin Sədri “Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində olub, muxtar respublikada taxıl biçininin gedişi ilə maraqlanıb. Məhsuldarlığın artırılması, əkin zamanı aqrotexniki qaydalara əməl olunması, məhsuldar toxumlardan istifadə edilməsi barədə tapşırıqlar verən Ali Məclisin Sədri kənd təsərrüfatı işçilərinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb, birgə fəaliyyətin yaxşı nəticə verdiyini, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edildiyini, bu işləri daha da genişləndirməklə ixrac imkanlarını da artırmağın mümkün olduğunu bildirib.

Ali Məclisin Sədri biçin zamanı yanğın təhlükəsizliyinə ciddi nəzarət olunması, əkin kvotasının hazırlanması, muxtar respublikanın iqlim şəraitinə uyğun toxumların alınması və toxum bankının yaradılması ilə bağlı tapşırıqlar verib.

İnkişafın Naxçıvan möcüzəsi

Ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha əminliklə demək olar ki, müasir Naxçıvan Ulu Öndərin dövlətçilik ideallarının işığında yaradıcı təfəkkürün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir diyar kimi şan-şöhrət qazanmaqda, bütün istiqamətlərdə zəfər yürüşünü davam etdirməkdədir. Bugünkü Naxçıvan məhz dahi şəxsiyyətin arzularındakı Naxçıvandır. Gündən-günə inkişaf edən, abadlaşan, yeni-yeni zirvələr fəth edən Naxçıvan. Dahi şəxsiyyətin yoluna sədaqətin nəticəsidir ki, qlobal, planetar xarakterli amillərin həyatın, demək olar ki, bütün sahələrində – iqtisadi, sosial, siyasi, humanitar-mədəni sahələrdə gedən proseslərə nüfuz etdiyi bir dövrdə muxtar respublika inkişafının davamlılığını təmin edib. Əslində, bu, möcüzədir Çünki dünyada ikinci belə bir nümunə yoxdur ki, blokadada yaşayan, üstəlik pandemiyanın yaratdığı müəyyən çətinliklərlə qarşılaşan bir diyar özünün tərəqqisini nəinki qoruyub saxlasın, hətta onu yeni mərhələdə davam etdirsin. Bəli, ekspertlər bunu inkişafın “Naxçıvan möcüzəsi” adlandırırlar.

 

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR