22 Dekabr 2024, Bazar

Düşünməyə dəyər


...Əhalinin çox yerləşdiyi şəhər daxilində, küçə və yolların kənarında yaşıllıqlar çox azdır. Onlardan da çoxu qurumuş və ya kəsilmiş haldadır. Əksər ağacların qurumuş budaqları kəsilməmiş ağaclar kökündən çıxarılmış, yerləri boş qalmış və asfaltla örtülmüşdür. Şəhərdə son vaxtlar kooperativlərin genişləndirilməsi, təmir-bərpa işləri şəhər landşaftının pozulmasına səbəb olmuşdur. Hansısa bir kooperativin tikilməsi və ya obyektin inşası, küçə və meydanların təmiri zamanı nə qədər ağac və kollar, yaşıllıqlar məhv olmuşdur. Əlaqədar təşkilatlar isə bu işə biganə yanaşırlar. Halbuki başqa respublikalarda indi bir udum hava üçün nə qədər haray-həşir salırlar. Biz isə...

Tofiq BƏYLƏROV,
Sərvər MƏSUM
“Şərq qapısı” qəzeti
4 sentyabr 1990-cı il


Təbiətə sevgi və qayğı ilə yanaşılanda


Bəli, təbiətə sevgi və qayğı ilə yanaşılanda yuxarıdakı mənzərə kökündən dəyişilə bilər. Artıq 30 ilə yaxındır ki, bir udum təmiz havanın, bir udum suyun sorağı ilə minlərlə turist gəlir bu diyara. Milli prioritet təşkil edən yaşıllıqların sürətli bərpası və artırılması nəticəsində bu gün muxtar respublikamız yaşıllıqlar diyarına çevrilib. Hər il yeni meyvə bağlarının, meşə zolaqlarının salınması, vaxtlı-vaxtında onlara göstərilən aqrotexniki qulluq təbiətin zənginləşdirilməsi istiqamətində görülən ardıcıl tədbirlərdəndir. Təbiətin canlandığı yaz fəslində isə bu cür tədbirlər sürətlə davam etdirilir. Bunun nəticəsidir ki, 2021-ci ilin ilk rübündə 115,6 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 45 min 235 ağac və gül kolu əkilib. Yeni yaşıllıqlar, meyvə bağları həm ekoloji tarazlığı qoruyur, həm iqtisadi inkişafa, həm də sağlamlığın qorunmasına öz töhfəsini verir. 

Qeyd etməliyik ki, muxtar respublikamızda bu tədbirlərin əsası ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə – 1991-1993-cü illərdə qoyulub. “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir”, – deyən ulu öndərimizin ətraf mühiti qorumaq, yaxşılaşdırmaq məqsədilə ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində həmin illərdə blokadanın çətinliklərinə baxmayaraq, muxtar respublikamızda yaşıllaşdırma iməcilikləri keçirilir, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılırdı. Bu gün muxtar respublika ərazisinin 27 faizini təşkil edən xüsusi mühafizə olunan təbiət əraziləri – Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki və heyvan növlərinin, mədəniyyət və tarixi-memarlıq abidələrinin qorunub saxlanılması, mövcud ekoturizm potensialından səmərəli istifadə olunmasında mühüm rol oynayır. Muxtar respublika təbiətinin zənginliyini burada mövcud olan nadir bitki və heyvan növləri də sübut edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilib. Bu da sayı azalmaqda olan növlərin mühafizə edilməsi və artırılması baxımından mühüm əhəmiyyət kəsb edən addımdır.

Naxçıvan cənnətə çevrilib

Muxtar respublikamızda aparılan ekoloji siyasət, bağlarda, parklarda, yol kənarlarında əkilən yamyaşıl ağaclar, al-əlvan güllər, çiçəklər Naxçıvanımızı əsl cənnətə çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə füsunkar təbiətə malik diyarımızda əlverişli ekoloji mühitin yaradılması məqsədilə Dövlət proqramları qəbul edilib, ardıcıl tədbirlər görülüb. Son illər iməciliklər yolu ilə salınan yaşıllıqlar qədim diyarın təbiətinin zənginləşdirilməsində, sağlam ekoloji mühitin formalaşdırılmasında mühüm rol oynayıb. Muxtar respublikamızda insanın təbiətlə qarşılıqlı əlaqəsi və ekoloji məsələlərə münasibəti, ətraf mühitə qayğısı artıb. Qədim diyarımızın sakinlərinin birgə əməyi nəticəsində əkilən ağaclar, görülən təmizlik və səliqə-sahman işləri təbiətə öz töhfəsini verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri mütəmadi olaraq muxtar respublikada keçirilən iməciliklərdə, yeni meyvə bağları və yaşıllıqların salınmasında iştirak edir, yeni meyvə tingləri əkir. Cari il aprelin 17-də Ali Məclisin Sədri Naxçıvan şəhərindəki 55 hektarlıq badam bağında keçirilən iməcilikdə iştirak edib, meyvə bağlarının salınmasının davam etdirilməsi və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib. Muxtar respublika rəhbərinin keçirilən iməciliklərdə yurddaşları ilə birgə iştirakı sadə, qayğıkeş, zəhmətkeş, yorulmaz insan kimi onu naxçıvanlılara sevdirib, eyni zamanda “Təbiətə qayğı gələcəyə qayğıdır” tezisini hamımızın gözü önündə nümunəyə çevirib.

Təbiəti qorumaq, ona qayğı ilə yanaşmaq işində ekoloji təfəkkürün formalaşması və inkişafı sahəsində aparılan maarifləndirmə tədbirləri də mühüm rol oynayır. Hazırda Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, biomüxtəlifliyin zənginləşdirilməsi, təbii sərvətlərdən məqsədyönlü və səmərəli istifadəyə nəzarətin artırılması və digər ekoloji məsələlərin həlli, eyni zamanda ekoloji-hüquqi maarifləndirmə tədbirlərinin aparılması istiqamətində fəaliyyətini davam etdirir. Gənclərlə işin səmərəli təşkili məqsədilə nazirlik Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə “Ekoloji könüllülər” layihəsi çərçivəsində ekologiya könüllüləri ilə “Gələcək üçün təmizlə!” devizi altında müxtəlif ərazilərdə təmizlik aksiyası keçirir. Burada gənclərə ətraf mühitin mühafizəsi barədə geniş məlumat verilir, təbiətə qayğı və sevgi ilə yanaşmağın vacibliyi öyrədilir.

Naxçıvanın təbiəti turistləri də cəlb edir

Qədim tarixi, yaşı əsrlərlə ölçü­lən çoxsaylı abidələri, yenilməz, cəsur duruşu, gözəl mənzərələri, təhlükəsiz mühiti, təmiz, abad küçələri, özünəməxsus mətbəxi, milli-mənəvi dəyərləri, qonaqpərvərliyi ilə nümunə yaradan, qədimliklə müasirliyin vəhdətini təşkil edən gözəl Naxçıvana ilin bütün fəsillərində turistlər gəlir. Diyarımızın füsunkar təbiəti, təmiz havası isə bütün bunların fövqündə dayanan ən vacib amillərdən biridir. Hər kəsin əvvəlcə öz sağlamlığını ön planda tutduğunu düşünsək, istirahət üçün, ümumiyyətlə, uzunmüddətli yaşamaq üçün hamı həmin yerin əvvəlcə gözəl təbiətinin, təmiz havasının olmasını arzulayar. Hava təmiz olmazsa, təbiət gözəlliklərindən necə zövq almaq olar? Ona görə də təbiət həm həyat, həm də nəfəsdir. Bu gün Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələrini əhatə edən, Zaqafqaziya yaylasının cənub-şərqində yerləşən, zəngin flora və faunası, bol sulu çayları, coşub-daşan şəlalələri, sonalı gölləri, müalicə əhəmiyyətli mineral suları ilə hamının arzuladığı məkandır Naxçıvan. Dörd fəslin dördündə də maraqlı, heyrətamiz və gözəldir diyarımız. Ona görədir ki, Naxçıvanın ucalıq rəmzi Haçadağ, təbiət gözəli, “mərcan gözlü” Batabat yaylağı, onun məşhur “Üzən adası”, müasir turizm məkanı, təbiət möcüzəsi Ağbulaq, uca dağların qovuşuğunda dörd fəsli bir araya gətirən Göygöl, coşqun sulu Xan Araz, gursəsli Arpaçay, Qaplançay, uca dağların köksündən qopan Pəzməri şəlaləsi və digər bu kimi yerlər füsunkar görünüşü, bənzərsiz havası ilə turistləri valeh edir, onlar Naxçıvan təbiətinin gözəlliyindən ağızdolusu danışırlar. Bununla da Naxçıvan ilin bütün fəsillərində qəbul etdiyi xarici qonaqlarını razı yola salır.

Muxtar respublikamızda
eko­turizm və qış turizmi inkişaf edir

Qədim diyarımızda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri bu gün ən ucqar kəndlərimizdə turizmin inkişafına əlverişli şərait yaradıb. Muxtar respublikamızın ən ucqar dağ kənd­ləri fasiləsiz təbii qaz, elektrik enerjisi, sürətli internet şəbəkəsi ilə təchiz edilib, yollar asfaltlanıb, yol kənarlarında ağaclar əkilib, yaşıllaşdırılıb. Ordubadın Dırnıs, Tivi, Bist, Nəsirvaz, Şərurun Gümüşlü, Şahbulaq, Culfanın Ərəfsə, Xanəgah, Şahbuzun Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili kəndləri və başqa yaşayış məntəqələrimiz təbiətinin gözəlliyi ilə seçilir və ekoturizm üçün yaxşı məkandır. Burada təbiətə səyahət etmək, mənalı istirahət keçirmək istəyənlər üçün zəruri şərait yaradılıb.

Çox böyük turizm potensialı olan muxtar respublikamızın möcüzəli təbiəti qış turizmi üçün də əlverişlidir. Turizmin bir çox növünün inkişaf etdirildiyi Şahbuz rayonunun Ağbulaq kəndi qış turizminin də ən yaxşı ünvanlarından biridir. Burada kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb, cari ildə Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib. Turizmin inkişafına göstərilən qayğı gələcəkdə muxtar respublikamızın digər kənd­lərini də ekoturizmin, qış turizminin əsl ünvanına çevirəcək.

Ekologiya milli prioritetlər sırasında

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə nəzər salanda ekologiyaya dair gələcək üçün qarşıya məqsəd qoyulan bir sıra məsələlərin Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında artıq həll edildiyinin şahidi oluruq. Bunları sizin də diqqətinizə çatdırmaq istəyirəm. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritet sırasında “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” başlığı altında beşinci bölmədə göstərilir ki, ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslar bərpa olunmalıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün muxtar respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində ardıcıl və sistemli işlər görülüb və bu proses davam edir. Torpaqların münbitliyinin artırılması ilə bağlı məsələlər, xüsusilə diqqətdə saxlanılır və bununla bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, torpaqların əkin dövriyyəsinə qatılması muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması həm də ekoloji mühitə vurulan zərərin qarşısının alınmasında və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsində mühüm rol oynayır. Muxtar respublikada torpaqların mühafizəsi və münbitliyinin artırılması sahəsində həyata keçirilən davamlı işlər sayəsində son illərdə 22 min hektara yaxın yararsız torpaq sahəsi abadlaşdırılaraq əkin dövriyyəsinə qatılıb. Beləliklə, kənd təsərrüfatına yararlı torpaq sahələri ötən ilin əvvəlinə 177 min 317 hektara yüksəlib. Bunlar onu göstərir ki, muxtar respublikamızda bir qarış torpaq da boş qalmır, ən ucqar dağ və sərhəd yaşayış məntəqələri də daxil olmaqla, torpaqların səmərəli istifadəsi istiqamətində işlər bu gün də davam etdirilir.
Proqramda göstərilən məsələlərdən biri də keyfiyyətli suya tələbatın su resurslarından səmərəli istifadə etməklə ödənilməsidir. Bu gün muxtar respublikamızda torpaq ehtiyatlarından düzgün istifadə olunur, eyni zamanda meliorativ tədbirlərin həcmi genişləndirilir, mütərəqqi suvarma şəbəkələri qurularaq istifadəyə verilir. Son illər muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında dövlət vəsaiti hesabına 5 min hektardan artıq qapalı suvarma şəbəkələri qurularaq sakinlərin istifadəsinə verilib.
“Yaşıl enerji məkanı” adlanan bölmədə isə göstərilir ki, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir...
Onu, xüsusilə vurğulamalıyıq ki, diyarımızın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti burada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açıb. Bu gün muxtar respublikamızda elektrik enerjisinə olan tələbatın 55 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. Son illər muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən yeni su və günəş elektrik stansiyaları tikilib və bir sıra su elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu istiqamətdə aparılan işlər yekunlaşdıqdan, digər elektrik stansiyaları istifadəyə verildikdən sonra muxtar respublikanın elektrik enerjisi tələbatı demək olar ki, bərpa olunan enerji mənbələri hesabına təmin olunacaq. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”na uyğun olaraq bu istiqamətdə tədbirlər ardıcıl olaraq davam etdirilir. Bu gün qürurluyuq ki, bir vaxtlar blokada şəraitində yaşayan, işıqlı gecələrə həsrət qalan muxtar respublikamızda elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilir, eyni zamanda Naxçıvan elektrik enerjisi ixrac edir. Prezident cənab İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Bəli, bu şübhəsizdir ki, yararsız torpaqların əkin dövriyyəsinə qatılmasının, suya tələbatın ödənilməsinin, enerji təhlükəsizliyinin təmin olunmasının davamlılığı muxtar respublikamızda yüksəkkeyfiyyətli ekoloji mühitin yaradılmasına, yaşıl enerji məkanının formalaşmasına bundan sonra da öz müsbət töhfələrini verəcək. Yadda saxlamaq lazımdır ki, təbiətə atılan hər bir daş qayıdıb insanın özünə dəyir. Buna görə də özümüz üçün, sağlam gələcək üçün təbiəti sevək və qoruyaq. Bu, hamımızın borcudur…

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR