Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün iyun ayında bir sıra tədbirlər görülmüş, su istifadəçilərinə 50,2 milyon kubmetr su verilmiş, bunun müqabilində 41 min 998 hektar torpaq sahəsi suvarılmış, 8 kilometr beton və torpaq kanal, 24 kilometr ara arxlar və 6 kilometr kollektor lildən təmizlənmiş, 11 kilometr uzunluğunda yeni suvarma boru xətti çəkilmişdir. Qeyd olunan dövrdə Şərur, Babək və Sədərək rayonlarında, ümumilikdə, 153,7 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi sahəsində görülən işlər ötən ay da diqqətdə saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndinin 339 hektar ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 10,5 kilometr suvarma xətti çəkilmiş, 150 hovuz və hidrant quraşdırılmışdır.
Muxtar respublikada su təminatının həyata keçirilməsində subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə olunur. Qeyd olunan dövrdə 103 subartezian quyusunda təmir-bərpa işləri aparılmış, 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilmişdir.
İyun ayında həyata keçirilən tədbirlər sırasında əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması da diqqətdə saxlanılmış, 520 metr yeni içməli su xətti çəkilmişdir. Bu dövrdə “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində, Kəngərli rayonunun Qarabağlar və Yurdçu kəndlərində tikinti işləri davam etdirilmiş, Xok kəndində 6,9 kilometr yeni içməli su xətti çəkilmiş, 232 evin içməli su xəttinə birləşməsi aparılmış, 300 su sayğacı quraşdırılmışdır. Həmçinin Sədərək rayonunun Dəmirçi kəndində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikinti işləri davam etdirilmiş, 19,4 kilometr müxtəlif borularla su xətti quraşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti