22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyəti davam etdirilib.
Vurğulanıb ki, hesabat dövrü ərzində muxtar respublika gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması üçün müəyyən olunmuş 12 milyon 798 min manata qarşı, 14 milyon 275 min manat vəsait toplanaraq proqnoz-tapşırığa 111,5 faiz əməl edilib. Nağdsız əməliyyatların həcminin artırılması üçün gömrük orqanlarında ödəmə terminallarından istifadə diqqətdə saxlanılıb.

Muxtar respublikada xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 60 ölkə ilə ticarət əməliyyatı aparılıb, ixracın həcmi 57,8 faiz artıb.
Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin gücləndirildiyini vurğulayan komitə sədri yeni risk profillərinin formalaşdırılması ilə risklərin idarə olunması işinin səmərəliliyinin artırıldığını qeyd edib.
İclasda vurğulanıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyəti davam etdirilib. 2021-ci ilin muxtar respublikamızda “İxrac ili” olması ilə əlaqədar ixrac olunan bütün malların güzəştli formada rəsmiləşməsi təmin edilib, kənd təsərrüfatı məhsullarının ixracına köməklik göstərilib, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən ixracatçıların sayının artırılması ilə muxtar respublikanın ixrac potensialının gücləndirilməsinə dəstək verilib. Dövlət proqramlarının icrası ilə əlaqədar xaricdən yerli istehsal sahələrinin və ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.
Pandemiyaya qarşı mübarizə və ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin olunması məqsədilə muxtar respublikanın bütün gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya işləri müntəzəm şəkildə aparılıb, lazımi profilaktik tədbirlər davam etdirilib.
Gömrük orqanlarında kadr potensialının gücləndirilməsi və əməkdaşların peşəkarlığının artırılması məqsədilə ixtisaslaşma və təkmilləşmə proqramlarının həyata keçirildiyini vurğulayan komitə sədri “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təlimlərdə 84 əməkdaşın iştirak etdiyini, hazırda “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi və sərnişin keçid zallarında işin təşkili” mövzusunda təlimlərin davam etdirildiyini qeyd edib.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində kollektivin səy və əzmkarlıqla çalışacağını bildirən komitə sədri daxili bazarın qorunması və idxalın tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icrasının nəzarətdə saxlanılacağını qeyd edib.
Kollegiya iclasında məruzə və hesabatlar dinlənilib.

  *    *   *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası fəaliyyətini qarşıya qoyulan vəzifələrin icrası istiqamətində davam etdirib. 18 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Məclisinin birinci iclası keçirilmiş, şuranın və tabe təşkilatların 2021-ci ilə dair illik statistik hesabatları tərtib və təsdiq edilmiş, şuraya toplanan üzvlük haqlarına nəzarət gücləndirilmiş, daxil olan ərizə və şikayətlərə vaxtında və qanunun tələbləri əsasında baxılmışdır. Bu müddətdə kollektiv müqavilələr yenilənmiş, ittifaq üzvlərinin sağlamlığının qayğısına qalınmış, onlar kurort və sanatoriya yollayışları ilə təmin olunmuş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyə xarakterli məktublarının icrası təmin edilmişdir.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada gənclərin fəallığını təmin etmək, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmaq, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunması üçün əsaslı şərait yaradılıb. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sıralarında gənclərin say tərkibi 30 faizdən yuxarıdır.
Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin “2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında keçirdiyi müsabiqənin qalibi fəxri adına layiq görülmüş gənclərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri diplomu, Döş nişanı və vəsiqəsi təqdim edilmişdir.
Vurğulanıb ki, nazirlik, komitə və təşkilatların dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzində istirahətlərinin təşkili, muzeylərimizin ziyarət edilməsi, yaşıllıqlar zolaqlarında ağaclara aqrotexniki qulluq göstərilməsi və sair tədbirlər məhz Həmkarlar İttifaqı tərəfindən ardıcıl surətdə uğurla həyata keçirilir.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən iclası giriş sözü ilə açan xidmətin rəisi Ramin İsmayılov bildirib ki, 2021-ci ilin 6 ayı ərzində də əhalinin və digər istehlakçıların fasiləsiz, təhlükəsiz təbii qazla təchizatının təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 iyul 2021-ci il tarixə ümumi sayı 91884 olmuşdur ki, bunun 89054-ü əhali abonent, 2830-u qeyri-əhali abonentdir.
Muxtar respublikanın şəhər və rayon ərazilərində ilin 6 ayı ərzində daxil olan müraciətlərə əsasən cəmi 650 ədəd mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 624-ü əhali abonent və 26-sı qeyri-əhali abonentdir.
Cari ilin 6 ayında qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanılmış, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülmüş, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilmiş, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilmiş, təbii qaz istehlakçılarına əhali və qeyri-əhali qrupundan olan abonent­lərə, müəssisə və təşkilatlara (özəl sektora) istehlak olunan təbii qazın dəyərinin ödənilməsi üzrə bildirişlərin, üzləşmə aktlarının və elektron vergi hesab-fakturalarının vaxtında verilməsi təşkil olunmuş, eyni zamanda qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə ixtisas hazırlığına cəlb olunmuşlar.
Naxçıvan Muxtar Respublikası qaz təsərrüfatının istismarında olan şkaf tipli müxtəlif markalı qaztənzimləyici qurğulara, qaztənzimləyici məntəqələrə, texnoloji avadanlıqlara texniki xidmət göstərilmiş və istismara yararlılığı yoxlanılmışdır.
Qəza hallarının aradan qaldırılmasında operativliyin təmin edilməsi, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqətin artırılması, yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə edilməsi, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi və sabit ehtiyat fondunun yaradılması diqqət mərkəzində saxlanılmışdır.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində keçirilən tədbiri giriş sözü ilə agentliyin direktoru Vüqar Babayev açaraq bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra hər bir sahədə olduğu kimi, dini sahədə də ciddi dönüş yarandı, xalqımızın dini inancları uğurlu siyasət üzərində quruldu. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi dövlətin din sahəsində mövcud konsepsiyasını həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasını, “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nu, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnaməni, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman, sərəncam və tapşırıqlarını əsas tutaraq fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, agentlik tərəfindən yas mərasimlərinin keçirilməsi, burada çıxış və təbliğatların aparılmasının qanuni çərçivəyə salınması, din xadimlərinin vahid geyim formasına riayət olunmasına nəzarətin təşkili, dini və məzhəb ayrı-seçkiliyi zəmnində baş verə biləcək halların vaxtında qarşısının alınması istiqamətində profilaktik tədbirlər həyata keçirilmişdir. Nəticədə, rayon və kəndlərdə fəaliyyət göstərən məscidlərin də təmizliyinə ciddi diqqət göstərilmiş, məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil olunaraq tolerantlıq prinsipləri ciddi şəkildə qorunmuşdur.
Bildirilib ki, 2021-ci ilin birinci yarım ili ərzində muxtar respublikamızda, digər rayon və kəndlərdə dini baxımdan heç bir mənfi hal aşkarlanmamış, muxtar respublikaya daxil olan 250 kitabdan qadağan olan 217 ədədinin agentlik tərəfindən qarşısı alınmış, yararlı olanları isə “Naxçıvan” Universitetinin kitabxanasına və məscidlərə paylanılmışdır.
Qeyd olunub ki, şəhərin Sarvanlar məscidində, həmçinin Şahbuz, Şərur, Ordubad rayonlarının məscidlərində mədrəsə tipli kurslar təşkil olunmuş və 62 nəfər mədrəsələrdə dini təhsil almışdır.
Tədbir məruzə ətrafında çıxışlarla başa çatıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR