"İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə yap.org.az saytına müsahibə verib.
Həmin müsahibəni sizlərə təqdim edirik:
- Vüqar müəllim, iyulun 10-da "İki sahil” qəzetinin 30 yaşı tamam olur. Arxada qalan hər ilin hesabat kimi dəyərləndirildiyini nəzərə alsaq deyə bilərsinizmi "İki sahil” 30 yaşını hansı hesabatla və ovqatla qeyd edir?
- Belə bir məşhur deyim var: Dünənimiz bugünümüz üçün tarix, bugünümüz sabahımız üçün stimuldur. Sualınıza cavab olaraq deyə bilərəm ki, arxada qalan illərin hər birində qəzetimizin ad günlərini qeyd edərkən yeganə arzumuz işğal altındakı torpaqlarımızın azad edilməsi, bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması, mətbuatımızın bu möhtəşəm Zəfər tarixinin müjdəçisi olması idi. Bu gün milyonlarla Azərbaycan vətəndaşı kimi, mən də həm sevincli, eyni zamanda, həm də xoşbəxtəm. Fikrimi başqa sözlə ifadə etməli olsam uca səslə deyə bilərəm ki, artıq mən də qalib ölkənin vətəndaşı, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günün qəhrəmanlıq dastanı olan hər gününün qələbə xəbərlərini sonsuz sevinclə, qürur hissi ilə xalqımıza çatdıran mətbu orqanlardan birinin rəhbəri kimi uğurlarımızla fəxr edir və deyirəm: Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Vətən müharibəsinin hər günündə doğma xalqına Qələbə müjdələrini çatdıran Müzəffər Ali Baş Komandan, adını tarixə qalib ölkənin qalib Lideri kimi yazan cənab İlham Əliyevə, rəşadətli, qüdrətli, dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusuna minnətdarıq. Günü bu gün də bu il may ayının 12-13-də dünyaya səs salan, Cıdır düzündən müxtəlif millətlərin, xalqların musiqi yaradıcılığını təqdim etməklə birliyimizi, həmrəyliyimizi, tolerantlığımızı, multikultural dəyərlərin inkişafına böyük töhfələr verdiyimizi, ən əsası milli kimliyimizi, qürurumuzu, əyilməz və məğrur xalq olduğumuzu bəyan edən, dövlət başçısı İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalına qatılan mətbuat nümayəndələrindən biri kimi keçirdiyim xoşbəxlik hisslərinin unudulmaz təsiri altındayam. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Xarıbülbül” musiqi festivalının nümunəsində Fondun reallaşdırdığı bütün tədbirlər, layihələr Azərbaycanımızın təbliğində müstəsna əhəmiyyət kəsb edir. Həqiqətən də 28 ildən sonra gözəl Qarabağımızın başının tacı Şuşada olmaq, Cıdır düzündən yayımlanan milli musiqimizi, xüsusilə ecazkar muğamlarımızı dinləmək qürurverici hadisədir. Səfər çərçivəsində dövlət başçısının, qalib ölkəmizin qalib Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın jurnalistlərlə səmimi söhbətləri, xatirə şəkli çəkdirmələri hər bir media nümayəndəsi kimi, məni də çox qürurlandırdı, bir daha Şuşamızda belə bir görüşün gələcək fəaliyyətimizdə önəmini, məsuliyyətini hiss etdim.
30 ilə yaxın işğal altında olan torpaqlarımız artıq azaddır, bu cənnət diyarda yeni həyat başlayıb. Tezliklə Zəfərimizin soydaşlarımıza bəxş etdiyi Böyük Qayıdışın reallaşmasından bəhs edəcək, 30 ilin torpaq həsrətinə son qoyub öz dogma yurd-yuvalarına qayıdan vətəndaşlarımızın təəssüratlarını bölüşəcəyik.
Bəli, bu gün Azərbaycan bütün hədəflərə addım-addım irəliləyir. Şübhəsiz, ötən 29 yaşımızdan bu günə nəzər salsaq, 2020-ci ilin sentyabr ayının 27-dən Qələbə xəbərlərinin müjdəçiləri sırasında “İki sahil” qəzetinin də olması 30 yaşımızda, bundan sonrakı illərdə də ən böyük uğurumuz, yaddaşdan silinməyən tarixi hadisə olacaq.
Ümumiyyətlə, "İki sahil” qəzeti yarandığı gündən əqidəsinə, tutduğu yola sadiq olub, çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutub, ictimai fikirdə rolu var. Qəzetimizin hər bir uğuru kollektivimizin birliyinin, bütün qüvvə və bacarıqlarını bir amala, istəyə yönəltməsinin nəticəsidir. Ötən 30 ildə dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsinə töhfəmizi vermək, müasir müstəqil Azərbayanımızın daha da qüdrətlənməsinə, həqiqətlərimizin təbliğinə, diplomatik mübarizədə payımızın olmasına nail olmaq əsas hədəfimiz olub. 30 il bundan əvvəl eyni məqsəd və məramla yola çıxmışıq, bundan sonra da eyni yolu davam etdirəcəyik. Qəzetin keçdiyi 30 illik yol dövlət müstəqilliyimizin bərpasının 30 illik tarixi ilə həmahəngdir. 1991-ci il iyulun 10-dan işıq üzü görən "İki sahil” fəaliyyətini bu gün də əqidəsinə, tutduğu yolu uğurla davam etdirir. Bir sözlə, mövqeyimiz aydın, hədəfimiz bəllidir: Azərbaycanımızı daha güclü, daha qüdrətli görmək.
- “İki sahil” qəzetinin fəaliyyətə başladığı dövrə nəzər salmağınız yerinə düşərdi…
-1991-ci ilin iyulunda «İki sahil» qəzeti yarananda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. Yəni Sovetlər birliyi hələ mövcud idi. O dövrdə yaşananlar bugünkü yaşlı və orta nəslin nümayəndələrinə yaxşı məlumdur. Həmin illərdə müstəqil mətbuatın yaranmasından, fəaliyyətindən danışmaq qeyri-mümkün idi. Ümumiyyətlə, belə bir addım atmaq böyük cəsarət, siyasi iradə tələb edirdi. Çünki 90-cı illərin əvvəlləri senzuranın tüğyan etdiyi bir zaman idi. Belə bir ağır durumda biz “İki sahil” qəzetini böyük çətinliklə, maneələri dəf edə-edə yaratdıq. Qəzeti qeydiyyatdan keçirərkən problemlərlə rastlaşdıq. Niyə məhz «İki sahil»? Buna görə çox sorğu-suallarla üzləşdik. Amma yenə də məqsədimiz, məramımız, amalımız köməyimizə gəldi, bütün əngəllərə rəğmən “İki sahil”in qeydiyyatdan keçirilməsinə nail ola bildik. Qəzetimiz o gündən indiyədək fəaliyyətini uğurla davam etdirir və artıq 30 yaşını qeyd edir. İki sahil» «Vahid Azərbaycan uğrunda!» amalı ilə yola çıxdı. Qəzetimizin ilk saylarında xalqımızın Araz dərdindən, o taylı, bu taylı soydaşlarımızın problemlərindən ətraflın bəhs edən materiallar dərc olundu və bu yazılar oxucular tərəfindən böyük rəğbətlə qarşılandı. Adı ilə tutduğu yolu, məqsəd və məramını açıqlayan «İki sahil» sözsüz ki, ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qala bilməzdi. Həmin dövrün reallıqlarına diqqət yetirdikdə bu tələbi sözün qüdrəti ilə doğrultmaq məsuliyyəti, bacarığı özünü qabarıq şəkildə büruzə verdi. Bu, o dövrlər idi ki, ölkədə xaos, anarxiya, hərc-mərclik, hakimiyyətsizlik, özbaşınalıqlar baş alıb gedirdi. İctimai-siyasi, iqtisadi gərginlik bütün sahələr kimi, mətbuatdan da yan keçmədi. Jurnalistlərin döyülməsi, təqiblərə məruz qalması, redaksiyalara təzyiqlər və sair… Lakin çətinliklərə baxmayaraq «İki sahil» mətbuatın əsas missiyası olan cəmiyyətin güzgüsü rolunu oynamaq funksiyasını yüksək səviyyədə yerinə yetirdi və bu gün də həmin vəzifəsini uğurla icra edir.
-Vüqar müəllim, sizcə, 30 yaşlı “İki sahil”i bir yaşlı “İki sahil”dən fərqləndirən nədir?
- 30 ildə dəyişən yaşımız, illər keçdikcə, yaşın üstünə yaş əlavə olunduqca təkmilləşmə, yeniləşmə, oxucu auditoriyasını genişləndirmək qaçılmaz olur. Mənim fikrimcə, insan əqidəsinə, tutduğu yola sadiq olduqda hədəflərə yüksək səviyyədə nail olmaq da çətinlik yaratmır. Gündəlik maraqlı yazılarla oxucuların görüşünə gəlmək, mövzu rəngarəngliyini qorumaq təbii ki, böyük məsuliyyət, axtarış tələb etdiyi kimi, eyni zamanda, şərəflidir. Bir ildə qəzetin onlarla sayının işıq üzü gördüyünü nəzərə alıb, bunu 30 il üçün hesablasaq, həmçinin gündəlik tirajı da bura əlavə etsək düşünürəm ki, bu zaman da qəzetimizin oxucu auditoriyası barədə aydın təsəvvür yaratmaq çətin olmaz. Bəli, ötən 30 ildə “İki sahil” böyük oxucu auditoriyası, məhəbbəti qazandı. Cəmiyyətin informasiya tələbatını dolğun şəkildə ödəyən 30 yaşlı “İki sahil” bu sevgidən, bu etimaddan ruhlandı, Azərbaycanın günbəgün vüsət alan inkişafından fərəhləndi, daim irəliyə baxmağa can atan müstəqil dövlətimizin qətiyyətindən qürur duydu. Bir daha əmin olduq ki, Azərbaycana bu uğurları qazandıran əbədiyaşar Heydər Əliyev siyasətidir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni qurulan Azərbaycan qısa müddətdə Ümummilli Liderimizin təbirincə desək, dünyaya Günəş kimi doğdu. Azərbaycanın addım-addım qazandığı uğurların bələdçisi olan “İki sahil” yarandığı vaxtlarda yaşadığı, üzləşdiyi problemlərə sinə gərmək, bu mübarizədən qalib çıxmaq üçün sanki birdən-birə 10 yaş böyüdüyü halda, 1993-cü ildən başlanan Heydər Əliyev yolunun Azərbaycana bütün sahələrdə qazandırdığı uğurlar fonunda gəncləşdi, bu ocağa toplanıb zəngin təcrübə qazanan əməkdaşlarının “İki sahil” məktəbinin yetirmələri kimi pərvazlandığını, ayrı-ayrı mətbu orqanların rəhbərləri, dövlət strukturlarının mətbuat xidmətlərinin rəhbərləri, həmçinin bu və ya digər sahələrdə məsul vəzifələrdə çalışdıqlarını gördükdə daha da qürurlandı, tutduğu düzgün yolun uğurlarından sevinərək daha böyük yeniliklər axtarışına çıxdı.
Dövlətimizin uğurlu siyasəti və bunun nəticəsində əldə olunan nailiyyətlər əməkdaşlarımız tərəfindən ölkə ictimaiyyətinə faktlar əsasında çatdırılır, cəmiyyətin informasiya tələbatının ödənilməsinə «İki sahil»in töhfələri günbəgün artır. Qəzetin hansı nömrəsinə diqqət yetirsəniz, orada daim yeniləşmənin, təkmilləşmənin şahidi olarsınız. Bu, ondan irəli gəlir ki, qəzetimiz yarandığı gündən peşəkar kollektivə malik olub, yazılan hər bir sözə dəyər verilib və onun məsuliyyətini hiss etmək mühüm tələb kimi qarşıya qoyulub.
Bir sözlə, «İki sahil» Azərbaycanın müstəqillik tarixinin hər bir mərhələsinin, dövrünün reallıqlarının güzgüsü ilə yanaşı, çarçısı, təbliğatşısı olub. Qəzetimizin elektron versiyası daim yenilənir. “İki sahil TV” internet televiziyamız fəaliyyət göstərir. Zamanın, dövrün tələblərinə uyğun olaraq təkmilləşən «İki sahil» bütün hallarda əqidəsinə sadiqliyi ilə seçilir.
- "İki sahil” yarandığı gündən ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün milyonların partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyətinin həyata keçirilməsində də fəal iştirak edir…
- Müstəqilliyimizin ilk illərində Azərbaycanın hansı problemlərlə üzləşməsi, xalqın öz xilaskarını- dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırışı, bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin arzu və istəyini özündə əks etdirən 91 nəfər ziyalının Ulu Öndərə müraciəti «İki sahil»də geniş şəkildə dərc olundu, oxuculara çatdırıldı. O çətin illərdə Heydər Əliyev ideyalarının təbiliğində ön sıralarda addımlayan «İki sahil» üzərinə düşən məsuliyyəti bu gün də yüksək səviyyədə dərk edərək uğurlu addımları ilə cavablandırır. Ölkədə anarxiyanın, xaosun, özbaşınalığın tüğyan etdiyi dövrdə ulu öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini imzalayan "91-lər”dən biri kimi heç bir təzyiqə, çətinliyə baxmadan rəhbərlik etdiyim qəzetin səhifələrində Azərbaycanı düşdüyü ağır durumdan çıxara biləcək yeganə şəxsin ulu öndər Heydər Əliyev olacağını xüsusi qeyd etmişəm. Və zaman göstərdi ki, bu, belədir. Əgər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün qüdrətli Azərbaycan dövlətinin mövcudluğundan söhbət gedə bilməzdi. Bəli, Heydər Əliyev gəldi, Azərbaycanımızı, xalqımızı qorudu…
"91-lər”in müraciəti qəzetimizin 15 oktyabr 1992-ci il tarixli sayında dərc olunub. Həmin müraciətdə qeyd olunan "Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsil üçün də siyasi yetkinlik məktəbi olar” fikri bu gün öz təsdiqini tapıb. Bunu fəxrlə qeyd edirəm ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan vəziyyəti təhlil edərkən həqiqətlərin təbliğində "İki sahil” qəzetinin rolunu yüksək qiymətləndirərək demişdir: «O vaxt «İki sahil» qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin «İki sahil» qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.»
Bəli, 30 illik yolu inamla, əqidəsinə, məsləkinə sadiqliklə qət edən “İki sahil” ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının bütün təşəbbüslərini, qərarlarını, həyatında əhəmiyyətli rol oynayan qurultaylarını, şəhər və rayon təşkilatlarının fəaliyyətini, keçirdikləri silsilə tədbirləri, ən əsası ölkəmizin həyatında əhəmiyyətli rol oynayan seçkilərdə Yeni Azərbaycan Partiyasının hazırlıq mərhələsindən başlamış səsvermə prosesinə qədər bütün məqamları geniş şəkildə işıqlandırır, YAP-ın qələbələr partiyası kimi nüfuz qazanmasını konkret faktlar əsasında ölkə ictimaiyyətinə çatdırır. Qəzetimiz Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu, tarixin sınaqlarından şərəflə çıxaraq cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini, YAP-a xidmət etməyin xalqa, dövlətə xidmət etmək olduğunu əsaslı şəkildə analitik yazılar, partiyanın yarandığı dövrün şahidlərinin vasitəsilə indiki və gələcək nəsillərə çatdırılmasına ardıcıl fəaliyyət göstərir.
Bu gün Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət Azərbaycanı daha müasir şəkildə dünyaya təqdim edir. Artıq Azərbaycan sözün həqiqi mənasında təkcə regionda deyil, dünyada böyük söz sahibinə çevrilib. Hər birimiz var gücümüzlə çalışmalıyıq ki, bu siyasətə dəstək olaq, həyata keçirilən uğurlu işlərə əlimizdən gələn köməyi əsirgəməyək. “İki sahil”çilər Heydər Əliyev siyasətinə sadiqdirlər, Prezident İlham Əliyevin təkmil islahatlarının təbliği ilə Azərbaycanın dünya çapında qazandığı uğurlara, beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyinə əsas verən ən islahatçı ölkə imicinə hər gün, hər ay olunan əlavələrdən məmnundurlar. 2021-ci ilin martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayının qəbul etdiyi təkmil qərarlar qəzetimizin səhifələrində geniş işıqlandırıldı, müxtəlif kateqoriyalardan olan vətəndaşlarımız yeni qərarların gələcək üçün vəd etdiyi uğurlar barədə dolğun məlumatlandırıldı. “İki sahil” hər zaman Azərbaycanın bu gününün, dünəninin və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının yorulmaz təbliğatçısıdır.
- Vüqar müəllim, bəs "İki sahil” təsisçisi olduğu SOCAR-ın keçdiyi inkişaf yolunun mənzərəsini necə yaradır?
- "İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə müstəqil ictimai-siyasi qəzet olaraq digər sahələr kimi, dövlətin iqtisadi siyasətini, bu sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı qarşısına mühüm vəzifə kimi qoyub. Əgər biz bu gün 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərindən, infrastruktur layihələrinin uğurlu icrasından, Qarabağın tezliklə cənnət məkana çevrilməsindən bəhs ediriksə, bu, ulu öndər Heydər Əliyevin iqqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək bugünümüz üçün möhkəm iqtisadi baza yaratmasına əsaslanır. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kim daxil olan neft sazişinin imzalanması, SOCAR-ın ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlu icrasına töhfələrini verməsi təqdirəlayiqdir. Bu gün SOCAR dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirərək dünyanın modern şirkətləri ilə bir sırada dayanır, həyata keçirdiyi investisiya layihələri ilə Azərbaycanın nəinki investisiya cəlb edən, eyni zamanda, investisiya yatıran ölkə imicinə əlavələr edir. “İki sahil” SOCAR-ın, onun ayrı-ayrı strukturlarının hər birinin fəaliyyətini yüksək səviyyədə işıqlandırır və beynəlxalq səviyyədə tez-tez səslənən “SOCAR-ı yalnız uğur müşayiət edir” fikrinin reallığa əsaslandığını ictimaiyyətə çatdırır. Təsadüfi deyildir ki, bu gün SOCAR təkcə ölkə deyil, dünya iqtisadiyyatında böyük təsir gücünə malik olan nəhəng və modern bir quruma çevrilib. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir. “İki sahil” yalnız təsisçi olaraq deyil, ölkə iqtisadiyyatına, Azərbaycanın davamlı inkişafına böyük töhfələr verən qurum olaraq SOCAR-ın fəaliyyətinin ardıcıl təbliğatçısıdır.
- Günümüzün əsas tələblərindən biri də gənclərin potensial imkanlarından düzgün bəhrələnərək onların irəli çəkilməsinə dəstək göstərməkdir. Gənclik dövrünü yaşayan bir mətbu orqanın rəhbəri olaraq qəzetinizdə gənclərə diqqət və qayğı hansı səviyyədədir? Ümumiyyətlə, gənclərin fəallığını necə dəyərləndirirsiniz?
- “İki sahil” 1991-ci ildə kiçik bir kollektivlə yola çıxdı. 30 il sıralarını zənginləşdirdi, ailə tərkibini genişləndirdi. Hazırda “İki sahil” böyük bir ailədir. Bu ailədə böyüklərin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdət yaradılır. Bu da öz növbəsində fəaliyyətimizdə uğurlara, dövrün tələblərini düzgün cavablandırmağa əsas yaradır. Hazırkı dövrün yeni texnologiyaların inkişaf etdiyi bir mərhələ olduğunu nəzərə alsaq bilikli, savadlı, peşəsini sevən, ən əsası yeni texnologiyaları və xarici dilləri bilən kadrlara böyük ehtiyac var. “İki sahil” olaraq 30 ildə gəncliyin böyük enerji ilə çalışmaq istəyini görmüşük. Bu isə internet televiziyasının inkişafında, qəzetin elektron versiyasının təkmilləşməsində, yeniləşməsində, “İki sahil”in hər yaşda oxucunun marağında olan yazılarla fərqliliyini qorumasında özünü göstərir. Gənclər “İki sahil” məktəbindən yüksək səviyyədə bəhrələnir, özlərinə gələcəkləri üçün möhkəm baza toplayırlar.
- Vüqar müəllim, 30 il özündə bütün məqamları ehtiva edir. Təbii ki, sualların sıralanmasını nə qədər davam etdirsək də ötən 30 ilin uğurlarını tam əhatə etmək qeyri-mümkündür. Tarixi Zəfərimizin müjdəçiləri sırasında olmağınızı 30 illik fəaliyyətinizin ən böyük uğuru kmi dəyərləndirdiniz. Bəs 30 ilin işığında qarşıdakı illərə baxdıqda hansı hədəfləri müəyyənləşdirirsiniz? “İki sahil” qarşıdakı dövrə hansı planlarla addımlayır?
- “İki sahil” gənclik illərini yaşasa da, 100 ilə bərabər yol qət edib desəm, şübhəsiz heç bir mübaliğəyə yol vermiş olmaram. Qeyd etdiyim kimi, qəzetimiz bütün çətinliklərə sinə gərərək mövqeyindən, əqidəsindən bir addım da belə geri çəkilməyib, daim dövlətçiliyimizin qorunmasında öz dəst-xətti ilə seçilib. Əvvəldə də qeyd etdiyim kimi, 30 ilə yaxın dövrdə torpaqlarımızın işğaldan azad edilməsi arzusu ilə yaşadıq. Artıq bu gün bu arzumuz, istəyimiz reallıqdır. Müstəqil Azərbaycanımızı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Bütün bölgələrimizin malik olduğu potensial imkanlardan istifadə edərək dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Bütün sahələrdə təkmilləşmə, yeniləşmə qaçılmaz olacaq. Media sahəsində də islahatlar uğurlu gələcəkdən xəbər verir. “İki sahil” həmişə olduğu kimi, qarşıdakı illərin də tələblərini lazımi səviyyədə dəyərləndirəcək, inkişafında daim yeni mərhələlərə yol açacaq. Xüsusi qeyd etməliyəm ki, dövlətimiz “İki sahil”in fəaliyyətini daim yüksək dəyərləndirib. Bir qrup əməkdaşımız ayrı-ayrı vaxtlarda fəxri adlar və medallarla təltif olunub. Dövlət başçısı İlham Əliyevin jurnalistlərin mənzil- məişət şəraitinin yaxşılaşırılması ilə bağlı sərəncamlarına uyğun olaraq tikilib istifadə verilən iki binada mənzil alanlar sırasında «İki sahil»in əməkdaşları da vardır. Bütün bunlara görə bir daha möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Əməkdaşlırımızın əməyinə verilən bu qiymət ümumilikdə qəzetimizə verilən dəyər, məsuliyyətimizin daha da artmasına stimuldur.
Əziz “İki sahil”çilər! Qələminiz daim iti, sözünüz kəsərli, oxucu auditoriyanız daha da geniş olsun! Bu gün, həmçinin çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutan, öz dəst-xətti ilə seçilən, daim irəliyə addımlayan və bundan qürur duyan «İki sahil»ə yüksək dəyər verən, hər sayını, səhifələrində yer alan hər bir məqaləni, informasiyanı izləməkdən, oxumaqdan zövq alan və redaksiyaya ünvanladıqları məktublarda məmnunluq hisslərini ifadə edən, fikirlərini paylaşmağa geniş şərait yaratdığımız üçün təşəkkürlərini bildirən oxucuların da bayramıdır. Mətbu orqan üçün oxucu auditoriyasının genişliyi, oxucu məhəbbəti böyük stimuldur. Bu baxımdan bayram sevincimizə qatılan hər kəsi təbrik edir, daim bizimlə olmağı arzulayıram!