Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin I yarım ilinə həsr olunmuş iclasda komitənin sədri Vaqif Rəsulov çıxış edərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasında statistika işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 1 iyun tarixli Sərəncamının icrası istiqamətində inzibati ərazi dairələrində çalışan statistika işçiləri tərəfindən hər bir təsərrüfatın 2020-ci il üzrə göstəriciləri vaxtında dəqiqləşdirilərək təsərrüfatbaşına kitablara işlənilmişdir. Bununla yanaşı, 2020-ci il üzrə təsərrüfatbaşına kitablardakı hər bir təsərrüfat üzrə göstəricilərin xüsusi proqram təminatına işlənilməsi müəyyən olunmuş vaxtda başa çatdırılmışdır. Müvafiq Sərəncamın icrasına uyğun olaraq 2021-2025-ci illəri əhatə edən dövr üzrə yeni təsərrüfatbaşına kitablar nəşr edilərək şəhər və rayon statistika idarələrinə verilmişdir.
Vurğulanmışdır ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamının icrası istiqamətində muxtar respublikada arıçılıq təsərrüfatlarının və arı ailələrinin uçotu aparılmışdır. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası istiqamətində şəhər və rayon icra hakimiyyətlərindən rüblük dövrlərdə daxil olmuş məlumatlar əsasında ailə təsərrüfatlarının və onların istehsal etdikləri məhsulların ümumi uçotu aparılmışdır.
İclas məruzə ətrafında çıxışlarla davam edib.
* * *
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən tədbiri giriş sözü ilə idarənin rəisi Hafiz İslambəyli açaraq bildirib ki, 2021-ci ilin birinci yarısında Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi qarşıya qoyulmuş tapşırıqların icrasını müvafiq qaydada təsdiq edilmiş iş planına əsasən həyata keçirib. İdarənin iş planı Hesablama Palatası haqqında Qanun, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin Əsasnaməsinə və digər müvafiq normativ-hüquqi sənədlərə uyğun tərtib edilib.
Diqqətə çatdırılıb ki, idarənin iş planına uyğun olaraq cari ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası büdcəsinə kənar dövlət maliyyə nəzarəti tədbirləri çərçivəsində 5 müəssisə, idarə və təşkilat üzrə tədbirlərin planlaşdırılması, proqramları, işçi planları hazırlanaraq maliyyə və uyğunluq auditləri həyata keçirilib. Eyni zamanda dövr ərzində 4 müəssisə, idarə və təşkilatlar üzrə analitik təhlil aparılıb, nəticələri müvafiq qaydada rəsmiləşdirilib.
Hafiz İslambəyli qeyd edib ki, gələcək dövrlərdə də Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi qarşısında qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədilə kənar dövlət maliyyə nəzarətinin qanunvericiliklə müəyyən edilmiş ekspert-büdcə ekspertizası ilə bağlı audit aparılmasının təmin edilməsi üçün işlər daha da gücləndiriləcək.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin müşavirəsində xidmətin rəisi Əli Hüseynəliyev çıxış edərək Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində nəqliyyat sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Bildirib ki, bəhs olunan dövrdə muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün 704 sahibkara lisenziya, 734 avtonəqliyyat vasitəsinə isə lisenziya kartı verilib. Həmçinin yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilib, yükdaşımalarda təhlükəsizlik tədbirləri haqqında həmin sürücülərlə müxtəlif vaxtlarda profilaktik söhbətlər aparılıb. Sərnişin və yükdaşıma fəaliyyəti göstərilməsi üçün avtonəqliyyat vasitəsi sahibləri tərəfindən 2021-ci ilin altı ayı ərzində, ümumilikdə, 95 min 300 manat vergi və 88 min 666 manat məcburi dövlət sosial sığortahaqqı ödənilib, 6 min 251 ədəd fərqlənmə nişanı alınıb.
Vurğulanıb ki, ötən müddət ərzində kеçirilən rеydlər zаmаnı qаnunsuz sаhibkаrlıq fəаliyyəti göstərən, eləcə də fərqlənmə nişanı almaqdan yayınan аvtоnəqliyyаt vаsitələri aşkar edilib, cəzа tədbiri görülməsi üçün, ümumilikdə, 129 avtonəqliyyat vasitəsinin sahibi hаqqındа məlumаt aidiyyəti оrqаnlаrа göndərilib.
Sonra çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən iclası giriş sözü ilə fondun sədri Əli Quliyev açıb. Bildirib ki, 2021-ci ilin 6 ayı ərzində sığortaedənlər və sığortaolunanlar tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə fondun xəzinə hesabına 55 milyon 431 min 900 manat vəsait köçürülmüşdür. Bu isə proqnoz üzrə nəzərdə tutulduğundan 1 milyon 611 min 900 manat və ya 3 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqlarının 40 milyon 306 min 830 manatı büdcə təşkilatlarından, 15 milyon 125 min 70 manatı isə qeyri-büdcə sektoru üzrə sığortaedənlərdən daxil olmuşdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitlərin 58 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılmışdır.
Qeyd olunub ki, 2021-ci ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 97 milyon 364 min 917 manat icra olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 472 min 646 manat, yaxud 5,9 faiz çoxdur.
Vurğulanıb ki, 2021-ci ilin I yarım ilində pensiya və müavinətlərin maliyyələşdirilməsinə cəmi 95 milyon 601 min 323 manat, o cümlədən 93 milyon 509 min 437 manat pensiya ödənişinə, 2 milyon 91 min 886 manat məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 219 min 621 manat, yaxud 5,8 faiz çoxdur. 2021-ci ilin 6 ayı ərzində bank xidmət haqqı və plastik kartların dəyərinin ödənilməsinə 418 min 341 manat, fondun aparatı və onun yerli qurumlarının saxlanılmasına isə 1 milyon 345 min 253 manat ayrılmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olan şəhidlərin ailə üzvləri və yaralanan hərbi qulluqçuların sosial müdafiəsi diqqətdə saxlanılmışdır. Hesabat dövründə 38 şəhidin 85 ailə üzvünə ailə başçısını itirməyə görə, 3 hərbi qulluqçuya xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirdiyinə görə əmək pensiyası təyin edilmişdir.
Sonda məruzə ətrafında çıxışlar olmuşdur.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən iclası xidmətin rəisi Vəli Novruzov açaraq bildirib ki, bəhs olunan dövrdə Kəngərli Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın tikilməsinə başlanılması, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən kənd mərkəzlərində sahə baytar məntəqələri üçün yeni otaqların ayrılması qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə imkan verib.
10 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edərkən Süni Mayalanma Mərkəzinin açılışında iştirakı bu sahəyə qayğının ifadəsi kimi məsuliyyətimizi daha da artırıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq işlər görülüb. Yeni müalicə üsullarına üstünlük verilməsi, baytarlıq klinikalarının yaradılmasının, heyvandarlıq – arıçılıq əczaxanalarının açılmasının dəstəklənməsi, səyyar süni mayalanma xidmətinin həyata keçirilməsi, özəl iri damazlıq təsərrüfatlarının yaradılması, heyvandarlıqda sığorta işinin təşkili, yerli arı genofondunun mühafizəsi diqqətdə saxlanılıb.
Təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq yarım il ərzində iribuynuzlu heyvanlarda qarayara, dabaq, emkar, pasterellyoz və başqa xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, bradzot, bruselyoz, təkdırnaqlı heyvanlarda qarayara, itlərdə quduzluq, quşlardan yukasl xəstəliklərinə qarşı peyvəndləmə, obyektlərdə isə profilaktik məqsədlə dezinfeksiya tədbirləri aparılıb və hazırda bu işlər davam etdirilir.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində keçirilən müşavirəni cəmiyyətin sədri Yəhya Allahverdiyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlara maksimum 249,9 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 139,6 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində təkrar suvarma ilə116 min 795 hektar torpaq sahəsi su ilə təmin olunub. Bu dövrdə Heydər Əliyev Su Anbarının qəza suburaxıcı qurğu tunelinin 143 metr hissəsində təmir-bərpa işləri başa çatdırılıb, rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilib.
Diqqətə çatdırılıb ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, yanvar-iyun ayları ərzində 3,4 kilometr ana xətt, 34,4 kilometr müxtəlif diametrli borularla paylayıcı boru xətti çəkilib, 250 hidrant və üç istiqamətdə çıxışı olan dəmir-beton hovuzlar quraşdırılıb. Bununla yanaşı, Şahbuz rayonunun Külüs, Nursu və Mahmudoba kəndlərinə aid 340 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb. Davamlı olaraq lildən təmizləmə işləri yerinə yetirilib, təmir-bərpa və tikinti işləri aparılıb. Torpaqların şoranlaşmasının qarşısını almaq məqsədilə drenaj kanalları və kollektorlar lildən təmizlənib, yeni drenaj kanalları qazılıb.
Müşavirə məruzə ətrafında çıxışlarla yekunlaşıb.
* * *
Yarım ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar “Naxçıvanpoçt” publik hüquqi şəxsin yığıncağını giriş sözü ilə direktor Səxavət Bağırov açıb. Bildirib ki, yaradılan şəraitdən səmərəli istifadə edilərək cari ilin 6 ayı ərzində əhaliyə fasiləsiz xidmət göstərilib. Belə ki, istifadə edilmiş elektrik enerjisinə görə 3 milyon 175 min 459 manat, istehlak edilmiş təbii qaza görə 6 milyon 887 min 889 manat, istehlak edilmiş suya görə 1 milyon 190 min 620 manat, rabitə xidmətlərindən istifadəyə görə 1 milyon 89 min 526 manat, internet istifadəçilərindən 1 milyon 49 min 693 manat, bələdiyyə ödənişlərindən 72 min 918 manat, məişət tullantısının yığılmasına görə 79 min 713 manat, Yeni Azərbaycan Partiyasının üzvlük haqqından 442 min 691 manat, Dövlət Yol Polisi cərimələrindən 38 min 477 manat vəsait yığılıb. Bağlamalar üzrə 46 min 394 manatlıq xidmət göstərilib, 6 milyon 36 min 270 manat pul baratı qəbul olunub, 5 milyon 436 min 213 manat pul baratı ödənilib.
Bildirilib ki, cari ilin altı ayında pensiyaçılara 1 milyon 26 min 507 manat pensiya ödənilib. Əvvəllər məktub və bağlamalar siyahı əsasında əlyazma ilə qəbul olunurdu. Artıq muxtar respublika ərazisində məktub və bağlamaların dünyada geniş yayılmış elektron kolver sistemi üzərindən işlənməsi tam təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş zərf və poçt markalarının çap olunması istiqamətində işlər davam etdirilir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən iclası giriş sözü ilə açan idarənin rəisi Mehman Məmmədov bildirib ki, komplektləşdirmə mənbəyi olan idarə, müəssisə və təşkilatlarda formalaşan arxiv fondu sənədlərinin dövlət arxivlərinə daimi mühafizə üçün təhvil verilməsi, arxiv işçilərinin bu sahədə təlimatlandırılması, maarifləndirilməsi məqsədilə 24-25 may 2021-ci il tarixlərində, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən müxtəlif idarə və təşkilatların bir qrup arxiv əməkdaşları üçün “Arxiv işinin təşkili və təkmilləşdirilməsi yolları” mövzusunda ixtisasartırma kursu keçirilib.
Dövlət Arxivinin müvafiq şöbəsinin əməkdaşlarının və rayon dövlət arxivlərinin müdirlərinin peşə biliklərinin, həmçinin nəzəri və praktik bacarıqlarının artırılması məqsədilə 25 iyun 2021-ci il tarixdə Dövlət Arxiv İdarəsində “Arxiv fond sənədlərinin komplektləşdirilməsi işinin təşkili” mövzusunda seminar təşkil edilib.
2021-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Arxivinə yeni qəbul edilmiş 9,617 saxlama vahidinin siyahılarının elektron kataloqu hazırlanıb, həmçinin arxiv fondlarının elmi-məlumat aparatının zənginləşdirilməsi və informasiya-axtarış imkanlarının genişləndirilməsi məqsədilə arxivdə tərtib edilən 7,239 tematik kartda təsvir olunan məlumatlar kompüterə köçürülüb.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Turizm Departamentində keçirilən iclası giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açaraq bildirib ki, Ali Məclis Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilib, təbliğat sahəsindəki fəaliyyət gücləndirilib.
Vurğulanıb ki, hesabat dövründə muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələrinin müasir standartlar səviyyəsində fəaliyyət göstərmələri və peşə biliklərinin artırılması məqsədilə ardıcıl tədbirlər görülüb. Turoperatorların və mehmanxana nümayəndələrinin iştirakı ilə seminarlar təşkil edilib. Cari ilin fevral ayında istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzinin daha geniş kütləyə tanıdılması məqsədilə Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet saytına Ağbulaq Xizək Mərkəzinin baneri yerləşdirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi