22 Dekabr 2024, Bazar

İnformasiya texnologiyalarının inkişafı sahəsində müəyyənləşdirilən dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İnformasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən bir sıra qurumlara elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə yaradılmış “Elektron hökumət” portalına müvafiq qurumların xidmətləri portala inte­qrasiya edilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında vətəndaşların müraciətləri üzrə elektron qeydiyyat və idarələrarası elektron sənəd dövriyyəsi sistemlərinin fəaliyyəti davam etdirilmiş, bir sıra qurumların sistemə qoşulması təmin olunmuşdur.

Nazirlik aparatının məsul şəxslərinin iştirakı ilə rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində monitorinqlər aparılmış, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması üçün operativ və zəruri tədbirlər həyata keçirilmiş, istismar zamanı sıradan çıxmış rabitə dirəklərinin, rabitə xətt və abunə qurğularının bərpası istiqamətində müvafiq işlər görülmüşdür.
Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsində vacib amillərdəndir. Bu gün muxtar respublikada fiber-optik telekommunikasiya xətlərinin çəkilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində həyata keçirilən “Evədək optika” layihəsi uğurla davam etdirilmişdir. Optik şəbəkənin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını da xeyli artırmışdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlər internetə qoşulmuşdur. Hazırda muxtar respublikanın bütün yaşayış məntəqələrində genişzolaqlı və simsiz internet xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadə olunması informasiya-məlumatlandırma işinin səmərəliliyini xeyli artırmaqla “Naxtel” mobil operatorunun yeni inzibati binada fəaliyyət göstərməsi bu sahəyə yeni stimul vermişdir. Bütün bunlar informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələridir. Həmçinin 2021-ci ilin mart və aprel ayları ərzində telekommunikasiya şəbəkəsinin inkişafına dair layihələr icra olunmuş, şəhər, rayon mərkəzlərində və kəndlərdə fəaliyyət göstərən avtomat telefon stansiyalarına internet plataları əlavə edilmişdir ki, nəticə etibarilə, muxtar respublika üzrə 6000-ə yaxın internet istifadəçisinin tələbatının ödənilməsinə imkan yaranıb. Gündəlik daxil olan müraciətlərə əsasən abonentlər yüksəksürətli ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) internetlə təmin olunurlar.
Bunlarla yanaşı, 2020-ci il və 2021-ci ilin müvafiq dövründə Culfa rayon ərazisində, Ordubad rayonunun Vənənd, Nüsnüs və Yuxarı Əndəmic kəndlərində, Şərur rayonunun Muğancıq-Mehrab, Şəhriyar və Məmmədsabir kənd mərkəzlərində, Babək rayonunun Nəcəfəlidizə, Culfa rayonunun Camaldın kənd­lərində və Kəngərli rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə evləri, Dəstə Radio-Televiziya Verici Stansiyasının və Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binaları istifadəyə verilmişdir.
Nazirlik tərəfindən qeyd olunan dövrdə kadr hazırlığı da diqqət mərkəzində saxlanılmış, nazirlik aparatının, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin və rayon (şəhər) idarələrinin işçilərinin aidiyyəti sahələr üzrə müasir standartlara cavab verən yeni nəsil telekommunikasiya sistemləri və xüsusiyyətləri, avtomat telefon stansiyaları və onların iş prinsipləri, rəqəmli televiziya və peyk yayımı, tezlik diapazonları və zolaqları, şəbəkə inzibatçılığı, proqramlaşdırma dilləri, informasiya təhlükəsizliyi, serverlər, məlumat bazaları, məftilli və fiber-optik xətt sahəsində zəruri biliklərə yiyələnmələri, eləcə də bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilmişdir.
Həmçinin Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslarda iştirak edən dinləyicilərə kompüterin daxili və xarici qurğuları, onların iş prinsipləri, kompüterin proqram təminatı, əməliyyat sistemləri, antivirus proqramları barədə hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumatlar verilməklə “Microsoft Windows” əməliyyat sistemi, “Microsoft Office”, internet və qrafik dizayn proqramları, eləcə də ingilis dili kursları üzrə dərslərin tədrisi davam etdirilmişdir.
Muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə etmişdir. Müasir informasiya texnologiyalarının tətbiqi, poçt sisteminin yenidən qurulması, yenitipli elektron xidmətlərin göstərilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Keyfiyyətli televiziya yayımı, elektron medianın inkişafı informasiya cəmiyyətinin qarşıya qoyduğu əsas tələblərdəndir. Muxtar respublikada 2012-ci ilin mart ayından etibarən rəqəmsal yayıma başlanılmışdır. Hazırda muxtar respublikanın bütün yaşayış məntəqələrində televiziya kanallarının və radiodalğaların rəqəmsal formatda yayımı təmin edilmişdir. Muxtar respublika ərazisində IP televiziyanın yayımı təşkil edilərək sakinlərə yeni nəsil telekommunikasiya sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.
Muxtar respublikada informasiya texnologiyalarının ayrı-ayrı sahələrdə də tətbiqinə diqqət yetirilir. Belə ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Naxçıvan Dövlət Universiteti kitabxanasının bazalarında elektron kitabxanalar yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi və AMEA Naxçıvan Bölməsi üçün isə elektron kitabxana və elektron arxiv sistemi istifadəyə verilmişdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud olanlar üçün audiokitabxana, eşitmə məhdudiyyəti olanlar üçün elektron kitabxanalar, habelə 150 şagird yerlik Distant Təhsil Mərkəzi fəaliyyətini uğurla davam etdirmiş, muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı barədə demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Belə ki, muxtar respublikada bundan sonra da informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR