Yay fəslinin insan səhhəti üçün törətdiyi fəsadlardan ən çox müşahidə olunanı günvurma və istivurmadır. Son vaxtlar respublikamızda havaların çox isti keçməsi bu problemin aktuallığını daha da artırır. Bu isə, öz növbəsində, yüksək hərarətin törədə biləcəyi fəsadların qarşısını almaq, baş verdikdə isə lazımi tədbirləri görmək üçün əhali arasında müxtəlif söhbətlər aparılması zərurətini yaradır.
Günvurma və istivurma terminləri ilk baxışda eyni təəssürat yaratsa da, həm yaranma səbəbinə, mexanizminə, həm də profilaktika və tələb olunan həkiməqədərki yardım elementlərinə görə bir-birindən tamamilə fərqlənirlər.
Belə ki, istivurma bütün bədən səthinə yüksək hərarətin (isti, bürkü havanın) təsirindən yaranırsa, günvurma ancaq Günəş şüalarının bilavasitə baş nahiyəsinə təsirindən meydana çıxır. Günvurma ancaq açıq havada, günəş şüaları altında uzun müddət başıaçıq qaldıqda yaranır və yalnız baş beyinin xəstələnməsi əlamətləri – kəskin başağrısı, başın şişməsi, gözlərin “qabarması” hissi, toxunduqda üz-baş dərisində gizilti, keylik, mədə bulanması və sair əlamətlərlə müşahidə olunur. Ağır hallarda huşun itməsi, burundan qanaxma, sifətdə nöqtəvi qansızmalar, hətta beyinə qansızma (insult) və sair fəsadlaşma əlamətləri yarana bilər. İstivurma isə isti havada, yaxud qızmar Günəş altında uzun müddət həyətdə, çöldə işləmək, çimərlikdə uzanmaq, yatmaq, uzaq yol getməklə yanaşı, ümumiyyətlə, Günəşin düşmədiyi qapalı, bürkü, havası dəyişilməyən otaqda keçirilən müəyyən mərasimlər, kollektiv tədbirlər, ocaq, təndir başında uzun müddət oturmaq və başqa hallarda da yarana bilər. Xatırlatmağa dəyər ki, yorğunluq, yuxusuzluq, sərxoşluq, qocalıq, qanazlığı və sair hallar istivurmaya kömək edən amillərdir.
Günvurmadan fərqli olaraq istivurma hərarətin bütün bədənə təsirindən yarandığı üçün ürək-damar və tənəffüs sistemi fəaliyyətinin pozulması əlamətləri meydana çıxır. Bu əlamətlərə bütün bədənin, sanki keyiməsi hissi, ürəkdöyünmə, nəbzin tezləşməsi, selikli qişaların quruması, mədə bulanması, tənəffüsün tezləşməsi və səthiliyi, tərləmə, süstləşmə, şüurun tutqunlaşması, lakin itirilməməsi aiddir. Hər iki halda beyin qan dövranının, ürək-damar və tənəffüs kimi həyativacib funksiyaların pozulması üzündən həyat üçün təhlükə törənə bilər.
Təbabətin əsas qanununa görə, hər hansı xəstəliyin qarşısını almaq, onu müalicə etməkdən olduqca asandır. Odur ki, Günəş şüalanmasının yüksək vaxtlarında, adətən, gündüz saat 1000-1700 arasında açıq havada qalmaq zərurəti yaranarsa, özü ilə çətir götürmək, yüngül, şüaları əks etdirən, istini buxarlandıran ağ rəngli, nazik pambıq parçadan paltar geymək, baş örtüklərindən (yaylıq, şlyapa və sair) istifadə etmək, heç olmazsa, cib dəsmalı, yaxud istənilən parçanı tez-tez isladaraq başa sarımaq, uzaq yola, çöl işlərinə çıxarkən müxtəlif ehtiyat mayelər götürmək, tez-tez həmin içkilərdən qurtum-qurtum içmək, üzü, boyunu islatmaq, imkan daxilində, arabir kölgəlikdə dincəlmək məsləhətdir.
Kütləvi tədbirləri qapalı otaqlarda keçirmək zərurəti yarandıqda, heç olmazsa, qapı-pəncərənin açıq saxlanması, sərinləşdirici qurğulardan (sərinkeş, kondisioner) istifadə kömək edə bilər.
Əgər sadalanan tədbirlər kömək etməmişsə, yaxud laqeydlik üzündən fəsadlaşma əlamətləri yaranmışsa, hər iki halda zərərçəkənlər təcili həmin mühitdən uzaqlaşdırılaraq kölgə yerə keçirilməli, sıxıcı vasitələr açılmalı, baş nisbətən hündürdə olmaqla uzaldılmalıdır. Qusmaya meyillilik olarsa, xəstənin başı yana əyilməlidir ki, möhtəviyyat ağızdan asanlıqla boşala bilsin, boğulma ehtimalı aradan qalxsın. İstivurma qapalı mühitdə baş vermişsə, qapı-pəncərələr açılaraq havalanmaya şərait yaradılmalı, vəziyyət imkan verirsə, zərərçəkənin təmiz havaya çıxardılması vacibdir.
Günvurmadırsa, xəstənin başına, üz və boynuna soyuq su çiləmək, isladılmış dəsmalla silmək, buz qovuqcuqları – buz və ya soyuq su doldurulmuş sellofan torbalar, şampun qabları və sair qoymaq, az-az sərin su içirtmək, huşunu itirmişsə, naşatır spirti iylətmək olar.
İstivurmada isə xəstəni sərin su ilə isladılmış parçaya, adyala bürmələmək, soyuq su çiləmək, boyun, sinə, qoltuqaltı və iri səthi damarların üzərinə buz qovuqları döşəmək, sərin su və şirələr içirtmək məsləhətdir. Ehtiyac yaranarsa, ürək və tənəffüs fəaliyyətini yaxşılaşdıran dərmanlar işlətmək və təcili yardım çağırmaq lazımdır.
Adil MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının
Əməkdar həkimi, dosent