22 Dekabr 2024, Bazar

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə universitetin rektoru Elbrus İsayev qardaş ölkənin səfirini salamlayıb və ali təhsil ocağında olmaqdan məmnunluq duyduğunu ifadə edib. Rektor hər iki ölkə arasında olan qardaşlıq münasibətlərinin elm və təhsilin inkişafına əhəmiyyətli təsirindən danışıb. Çıxışda universitetin maddi-texniki bazası, müasir tədris üsulları, fakültələri və mövcud ixtisasları, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlar, Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə qurulmuş əlaqələrdən danışılıb. Qeyd olunub ki, Türkiyə ilə imzalanan ikili diplom layihələrinin universitetin gələcək perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor universitetdə təməli qurulan Texnopark layihəsindən danışaraq bu sahədə qardaş ölkənin təcrübəsinin mühüm əhəmiyyətə malik olacağını, ümumiyyətlə, ali təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə edildiyini diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ali təhsil ocağında olmaqdan məmnunluğunu ifadə edib. Səfir birgə təcrübələr, ortaq yayımlar, elmi araşdırmaların əhəmiyyətindən danışıb. Bildirilib ki, universitetləri uğura aparan yolun təməlində ortaq yayımlar, elmi araşdırmalar əsas yer tutur. Diplomat iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz da görüşdə iştirak edib.

Naxçıvan Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə
əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR