Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə müxtəlif medallarla təltif olunan Azərbaycan Ordusunun şəhid zabiti, baş leytenant Elnur Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeninə layiq görülüb. Ordenin şəhidin atası Elsevər Zeynalova təqdim edilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və muxtar respublikamızda ordu quruculuğuna xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən əməliyyatlarda hərb tarixinə yenilik kimi düşən strategiya ortaya qoyan Azərbaycan Ordusu ən müasir silahlardan istifadə etməklə qısa müddətdə Ermənistan silahlı qüvvələrini darmadağın etdi, tarixi ədaləti bərpa edərək işğala son qoydu, torpaqlarımızı düşməndən geri aldı, üçrəngli bayrağımızı Şuşa qalasına sancdı.
Qeyd olunub ki, Vətən müharibəsində xalq öz rəhbərinin ətrafında sıx birləşərək onun hər addımını dəstəklədi, hər çıxışını səbirsizliklə gözlədi, cəbhədən gələn qələbə xəbərlərinə sevindi. Ölkənin hər yerində gənclər cəbhəyə getmək, ümumi qələbəmizə öz payını vermək üçün səfərbər oldu. Müharibədə ölümü gözə alıb Vətən uğrunda qəhrəmanlıqla vuruşan, şəhid olan və savaşdan qəhrəman kimi ayrılan, hər birimizə qalib ölkənin vətəndaşı kimi başıuca gəzməyi bəxş edən minlərlə cəsur və igid Azərbaycan əsgərini gördük.
Vurğulanıb ki, Şanlı Qələbəmiz Qarabağı heç vaxt görməyən 19 yaşlı əsgərin torpaq sevgisi, Birinci Qarabağ müharibəsində silahdaşlarını itirən zabitin qisas yanğısı, hər bir azərbaycanlının azadlıq arzusu idi. Müharibəyə atılan həmin igid oğullarımızdan biri də Naxçıvan şəhərindən olan Zeynalov Elnur Elsevər oğludur. O, xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Elnur Zeynalov “Qarabağ” ordeni ilə təltif olunub.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi Anar Aqilov çıxışında “Qarabağ” ordenli şəhid baş leytenant Elnur Zeynalovun keçdiyi şanlı döyüş yolundan söhbət açıb, ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığından danışıb.
Sonra “Qarabağ” ordeni şəhidin atası Elsevər Zeynalova təqdim olunub.
Şəhid atası övladına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
* * *
Babək Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov deyib ki, Vətən müharibəsində qazandığımız tarixi qələbədə naxçıvanlı döyüşçülər də yaxından iştirak edib, Şuşa şəhərinə qədər şərəfli döyüş yolu keçiblər. Çıxışda 44 günlük Vətən müharibəsində Babək rayonundan olan 16 əsgər və zabitin şəhidlik zirvəsinə ucalmasından, rayonun Kalbaoruc Dizə kəndindən olan şəhid leytenant Rəhman Əjdərovun döyüşlərdəki qəhrəmanlıq və şücaətindən bəhs olunub.
Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş şəhid leytenant Rəhman Əjdərovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunduğu “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı anası Məhrubə Əjdərovaya təqdim olunub. Şəhid anası göstərilən diqqətə görə dövlətimizə minnətdarlığını bildirib.
Xəbərlər şöbəsi