Muxtar respublika kəndlərinin füsunkar təbiət mənzərələri həyata keçirilən quruculuq tədbirləri ilə vəhdət təşkil edir. İndi hansı səmtə üz tutsan, kənd yaşayış məntəqələrində, ancaq rahat yollarla, müasir memarlıq üslubunda ucaldılan binalarla və şübhəsiz, gözəl təbiət mənzərələri ilə qarşılaşacaqsan. Bu da turizmin inkişafında başlıca amillər sırasındadır. Şahbuz rayonunun ucqar dağ kəndi olan Ağbulaq da geniş turizm potensialına malik olan yaşayış məntəqələrindən biridir. Kəndin təmiz havası, saf suyu, ekoloji təmiz məhsulları və əlverişli iqlim şəraiti burada turizmin inkişafı üçün böyük imkanlar açmışdır. Ağbulaq İstirahət Mərkəzi malik olduğu zəruri infrastruktura görə ilin hər fəslində burada asudə vaxt keçirmək istəyənlər üçün belə, şərait vəd edir. Mərkəz kənd turizminin tətbiq olunduğu ilk məkan kimi diqqəti çəkir. Həmin mərkəzin yerləşdiyi bu kənd gözəl mənzərəsi, flora və faunasının zənginliyi ilə seçilir.
Qeyd etdiyimiz kimi, mərkəz son illərdə qədim diyarımıza gələn qonaqların, tələbə və məktəblilərin ən çox üz tutduqları ünvanlardan birinə çevrilib. Hər il burada gənclərin “Yay məktəbi” təşkil olunur, onlar arasında müxtəlif intellektual və idman yarışları keçirilir. Həftənin şənbə, bazar günləri isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzinə yollanması artıq ənənə halını alıb. Qeyd edək ki, bundan əvvəl – iyunun 5-6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, 12-13 iyun tarixlərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə və Vergilər nazirliklərinin kollektivləri, 19-20 iyunda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, 26-27 iyun tarixlərdə isə Naxçıvan Muxtar Respublikası Qarnizonunun kollektivləri mərkəzdə olublar. İyulun 3-4-də isə Naxçıvan Muxtar Respublikası Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları həftəsonu istirahətlərini burada keçiriblər. İstirahət müddətində dövlət qulluqçuları mərkəzlə yaxından tanış olub, onlar üçün yaradılan bütün şəraitdən istifadə ediblər. Rahat və geniş istirahət mərkəzində müxtəlif stolüstü və əyləncəli oyunlarda iştirak edib, film izləyiblər. Qonaqlara milli mətbəximizin zəngin və ləziz təamları təqdim olunub. Mərkəzdə istirahət edənlərlə görüşüb onların təəssüratlarını öyrəndik.
İlk həmsöhbətimiz Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşı Qəzənfər Abdullayev dedi ki, dövlətimizin qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə hər il mütəmadi olaraq dövlət qulluqçularının istirahəti Ağbulaq İstirahət Mərkəzində təmin edilir. Ağbulaq kimi havası təmiz, gözəl, sərin bir məkana gəlməsi onların vaxtlarının xoş və mənalı keçməsinə səbəb olur. Bu da muxtar respublikamızda dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əmrulla Quliyev dağların qoynunda yerləşən Ağbulaq İstirahət Mərkəzinin muxtar respublikada kənd turizminin ən gözəl ünvanı olduğunu qeyd etdi. Bildirdi ki, burada bizim yaxşı vaxt keçirməyimizə, istirahətimizə xüsusi diqqət yetirilir. Məhz bu diqqət üçün mərkəzin kollektivinə minnətdarlığımı bildirirəm. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Atatürk Qulusoy qeyd etdi ki, ilk dəfədir, bu mərkəzə gəlir. Buranın təmiz havası, istirahət üçün yaradılmış hərtərəfli şərait asudə vaxtımızı zövqlə keçirməyə səbəb oldu. İki günün necə başa çatdığını hiss etmədim. Belə şəraitə görə nazirliyin əməkdaşları adından minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, ötən şənbə və bazar günləri mərkəzdə, ümumilikdə, 60-dan çox dövlət qulluqçusu istirahət edib.
Aytac CƏFƏRLİ