22 Dekabr 2024, Bazar

Təbiətə xüsusi gözəllik bəxş edən bu meşələrimizin yanğından qorunması ən qiymətli sərvətlərimizdən birinin qorunmasıdır. İnsanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan meşələrin də daim qayğıya ehtiyacı vardır. 

Meşələrin məhv olmasının əsas səbəblərindən biri də onun yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində vacib əhəmiyyəti olan meşələrin yanğından qorunması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tərtib edilmiş tədbirlər planına uyğun olaraq muxtar respublika ərazisində yerləşən meşələrdə və yeni salınmış yaşıllıq zolaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədilə maarifləndirmə və profilaktik tədbirlər həyata keçirilmişdir. Həmçinin isti yay günlərində vətəndaşların istirahət üçün üz tutduğu məkanlardan biri olan Batabat meşəsində yanğın təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları tərəfindən gündəlik olaraq patrul xidmətləri təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi isti yay günlərində meşələrimizin yanğınlardan qorunması üçün vətəndaşlara aşağıda qeyd olunan yanğın təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə mühafizə işçiləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar.
Meşə sahələrində baş verən yanğınlar odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmasından baş verir.
Meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması və küləkli hava şəraitində tonqal qalamaq meşə yanğınlarına səbəb olar. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və başqa yanar mayelərlə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Meşədə torf və bitki köklərinin yandırılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Meşəyə istirahət edən insanlar tərəfindən tullantıları və eləcə də şüşə qabları, şüşə qırıntılarını atmaq olmaz. Əks halda, günəş şüasından təsirlənən şüşə qablar və qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaretin çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
Yuxarıda qeyd olunanlarla bağlı hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” nömrəli xidməti telefonlarına zəng etməyi unutmayın.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR