Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi” fəaliyyətini başa vurub. Layihə 3 günlük müddəti əhatə edib.
İlk gün iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin məqsədləri və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər müxtəlif idman oyunları və “Fərdi Xəmsə” intellektual oyununda iştirak edib, onlar tərəfindən yumoristik səhnəciklər nümayiş olunub. Gecə saatlarında isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimova həsr edilən “Poladın 7 anı” sənədli filmi izlənilib.
İkinci gün Ağbulaq kəndi ərazisində gəzintidə iştirak edən gənclər nahar fasiləsindən sonra “Vətəni tanı” və “Axtar tap” intellekt yarışlarında bacarıqlarını nümayiş etdiriblər.
“Yay məktəbi”nin sonuncu günü iştirakçılar fotomüsabiqə və “Gələcək üçün maliyyə” mövzusunda təlimdə iştirak ediblər. Proqrama əsasən təşkil olunan fəaliyyət növlərində fərqlənən gənclərə, müsabiqə və yarışların qaliblərinə fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunmuşdu.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti