Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı və Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov qeyd edib ki, 1969-cu ilin 14 iyulu respublikamızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır. Bildirilib ki, respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün müstəsna rolu olub.
YAP Naxçıvan Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev bildirib ki, 14 iyul Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Vurğulanıb ki, dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradan ümummilli liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının şöbə müdiri Rail Tağızadə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu”, Naxçıvan Dövlət Universiteti Ümumi tarix kafedrasının müəllimi Emin Məmmədov “Yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət” mövzusunda məruzə ediblər.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş gənclərə partiya vəsiqələri təqdim olunub.Tədbirin davamında Naxçıvan Dövlət Universitetinin tələbələrinin hazırladığı bədii kompozisiya nümayiş edilib. Sonda Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Böyük liderlik missiyası” filminə baxış olub.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi