22 Dekabr 2024, Bazar

Bəşər sivilzasiyasının mədəniyyət ocağı olan Naxçıvanımız özünəməxsus təbiət gözəllikləri, zəngin flora və faunası ilə bu yurdun seyrinə gələnləri daim özünə heyran qoyur. Diyarımızın bağ-bağatlarında yetişən meyvələri, münbit torpaqlarında boyverən bitkiləri, ucu şişpapaqlı dağlarının bağrını yara-yara qaynayıb çağlayan buz bulaqları can dərmanıdır. Ekoloji saf məhsulları, gəzib-görməli yerləri, təmiz havası olan bu məkan bütün fəsillərdə bar-bəhərlərini, dillər əzbəri olan nemətlərini üzə çıxarır. Həmin nemətlər sırasında dünyanın hər  yerində məşhur olan, insanlara unudulmaz damaq dadı bəxş edən mineral bulaqlarının adı da tez-tez çəkilir.

 

İsti yay günlərində insanların sərin sulara olan tələbatı daha da artır. Belə bir vaxtda diyarımızın mineral bulaqları insan zəhməti ilə qablaşdırılaraq ekoloji təmiz məhsul kimi süfrələrimizin əvəzolunmaz nemətinə çevrilir. Bugünkü söhbətimiz də diyarımızın brend məhsullarından olan “Badamlı” mineral suyu haqqındadır.
Ölməz sənətkarımız Rəşid Behbudov “Badamlı” ifasında “Badamlı – nə sərin! Badamlı – nə şirin! Badamlı – adı var! Badamlı – dadı var! ” misralarını dillər əzbəri etməklə ürəyimizə sərinlik, könlümüzə xoş ovqat gətirmiş, yurdumuzun bu əvəzsiz nemətini “Badamlı məzəli, süfrələr gözəli” deyib tərənnüm etmişdi. Bu gün isə həmin nemət adıyla-dadıyla dünyanın hər yerində diyarımızın zəngin təbiətindən, ruzi-bərəkətindən xəbər verir.

Məlumat üçün bildirək ki, 1945-1947-ci illərdə geologiya-minerologiya elmləri doktoru, mərhum alim Əziz Əsgərovun rəhbərliyi altında Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində aparılan elmi-tədqiqat işlərinin nəticəsində “Badamlı” mineral bulağı aşkar edilib. Əziz Əsgərov suyun kəşfilə bağlı xatirələrində yazır: “Müəyyən marşrut üzrə hərəkət edərkən hansısa çeşmənin yanında tədqiqat işlərinin aparılması üçün bəzi yardımçı əşyaları daşıyan ulağı suvarmaq istədim. Gördüm heyvan su içmədi. Suyun xoşagəlməz tamı var idi. Çeşmə boyu yuxarı gedib onun mənbəyini tapdım. Nümunədən başa düşdüm ki, bu qiymətli bulaqdır. Laborator analizlər də bunu təsdiq etdi. Sevincimin həddi-hüdudu yox idi”.
1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə suyun istehsalına başlanılıb. Zaman keçdikcə Badamlının dillər əzbəri olan dad-tamı diyarımızın hər yerinə yayılıb və xeyli sayda insanı özünə cəlb edib. Bu şəfalı suyun sorağına gələnlər həm burada çalışıb öz halal ruzilərini qazanıb, həm də burada özlərinə yeni evlər tikib, yaşayış məskəni salıblar. Müəssisənin fəaliyyəti genişləndikcə burada yaşayanların da sayı artmış, 1961-1967-ci illər ərzində həmin müəssisədə işləyənlər üçün 6 yaşayış binası da inşa olunmuşdur. Beləliklə, bu yaşayış yerləri genişlənərək, burada yaşayan insanların sayı artaraq “Badamlı” suyunun şərəfinə eyniadlı indiki Badamlı qəsəbəsi yaranmışdır.

Ötən əsrin 90-cı illərində hər sahədə olan durğunluq, gerilik iqtisadi sahədə də özünü bariz şəkildə göstərirdi. Böhranın ağır məngənəsində olan Naxçıvanımızda quru yolunun olmaması, bədxah düşmənlərimiz ermənilərin ərazi iddiaları yurdumuzun iqtisadiyyatına öz mənfi təsirini göstərirdi. Bunun nəticəsi idi ki, zəngin və faydalı tərkibi ilə fərqlənən “Badamlı” suyunun Keçmiş Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılaraq alıcılar tərəfindən böyük rəğbət qazanmasına, qısa zamanda bu qədər məşhur olmasına, satışının artmasına baxmayaraq, 90-cı illərdə sovet ittifaqı dağıldıqdan sonra bazar iqtisadiyyatına keçid və dövrün çətin prosesləri ilə əlaqədar yaranan çətinliklərə görə ixracı dayandırıldı.
Bu da bir faktdır ki, ötən əsrin 80-ci illərində “Badamlı”, “Sirab”, “Vayxır”, “Darıdağ”, “Nəhəcir”, “Gülüstan” mineral suları ölkəmizin tələbatını ödəməklə yanaşı, bu məhsulların 60 faizi yaxın-uzaq ölkələrə ixrac edilirdi. 1980-ci ildə istehsal olunmuş 134 milyon butulka suyun 80 milyonu SSRİ-nin 150-dən çox şəhərinə göndərilmişdi. 1970-1980-ci illərdə “Badamlı” istehsalı müəssisəsi tamamilə müasirləşdirildikdən sonra burada qablaşdırılan suyun 90 faizi respublikamızdan kənara aparılırdı.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə onlarla fabrik, zavod, kombinat, məktəb, məktəbəqədər müəssisələr, kənd təsərrüfatı təyinatlı obyektlər, ticarət, məişət, sosial-mədəni müəssisələr kimi “Badamlı” mineral suyu, o cümlədən digər mineral su zavodları da bu uğurlu inkişafdan öz bəhrəsini aldı.
“Badamlı” özündə insan sağlamlığı üçün faydalı olan bir çox elementləri birləşdirir. Suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. “Badamlı” iştahanı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran gözəl süfrə suyu kimi məşhurdur. Bu su mədə-bağırsaq, qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicədə xeyirlidir. Bu elə bir dəyərdir ki, istifadə edildiyi təqdirdə insanın günlük mineral ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayır. Bununla yanaşı, uzunmüddətli istifadə zamanı orqanizmdə mineral artıqlığı yaratmır. Onun tərkibi Rusiyanın Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eynidir.
Aldığımız məlumata görə, hazırda “Badamlı” suları “Badamlı Mineral Sular” MMC tərəfindən Avropada və dünyada qəbul edilən ən yüksək texnologiyaların tətbiqi əsasında, qapalı şəraitdə insan təması olmadan qablaşdırılır. Müəssisədə həyata keçirilən doldurma prosesi Fransanın “Sidel” firmasının istehsalı olan avadanlıqlar vasitəsilə həyata keçirilir. Bununla yanaşı, müəssisədə Almaniya və ABŞ istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun keyfiyyətinə mütəmadi nəzarət olunur, fiziki-kimyəvi, mikrobioloji və orqanoleptik analizlər aparılır.
Badamlı qazlı-qazsız olmaqla, 9 müxtəlif həcmdə – 300 ml və 600 ml şüşə butulkalarda, 300 ml, 500 ml, 1000 ml və 1500 ml PET butulkalarda, 5 l, 10 l və 19 l damacan qablaşmalarda istehsal olunur. Qazlı sularda ümumi minerallıq 400-500 mq/litr təşkil edir. 2020-ci ildən etibarən isə Badamlı qəsəbəsində zavodun yeni binası tikilərək istifadəyə verilib. 70 işçi heyətinin çalışdığı günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir.
Həmsöhbətimiz, zavodun baş mühasibi Ramil Əliyevin verdiyi məlumata görə, zavodda yeni çeşiddə məhsullar da istehsal ediləcək. Belə ki, burada Azərbaycanda bir ilk olan “Buva” uşaq sularının, o cümlədən premium şüşələrdə qazlı, qazsız (330 ml, 750 ml) olmaqla, iki çeşiddə suların istehsalı nəzərdə tutulur.
Hazırda bu mineral süfrə suyu Rusiya, Çin, BƏƏ, İraq, Qazaxıstan kimi bir çox ölkələrdə də alıcılara unudulmaz damaq dadı bəxş edir.
Biranlıq bu yurdun nemətlərini göz önünə gətirdikdə istər-istəməz bir fikir adamın ağlından keçir. “Ana təbiət bu yurddan heç bir varını əsirgəməyib”. Əslində, Uca Yaradan bu diyarın insanlarına ruzisini özündən əvvəl verib. Bu yurda elə səxavətli naz-nemətlər bəxş edib ki, hər tikəsi, hər damlası insan üçün unudulmaz damaq dadı, can dərmanıdır. İçin yurdumuzun “Sirab”ından, “Badamlı”sından, “Narzan”ından, “Darıdağ”ından, için ki, ürəyiniz sərin, canınız sağlam olsun.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR