19 Mart 2024, Çərşənbə axşamı

Qədim diyarımız “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” iştirakçılarının
yaddaşında həmişəlik qalacaq


İki dost və qardaş ölkənin Gənclər təşkilatlarının birgə dəstəyilə keçirilən və 200-dən çox gəncin iştirakçısı olan Zəfər Düşərgəsinin son günündə iştirakçılar günə xalqımızın mərdlik, yenilməzlik, mübarizlik rəmzi olan Əlincə qalasına ziyarətlə başlayıblar. Burada gənclərə abidənin tarixindən, xalqımızın öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə zamanı qalanın əhəmiyyətindən danışılıb. Gənclərin üz tutduğu digər ziyarətgah isə Şəhidlər xiyabanı olub. Düşərgə iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər. Günün ikinci yarısında isə onlar Naxçıvan Dövlət Universiteti ilə tanış olublar. Burada onlara Universitet şəhərciyi ilə bağlı ətraflı məlumat verilib.

Gənclərin ziyarətləri zamanı biz də onlarla söhbət etmək imkanı əldə etdik. Həmsöhbət olduğumuz gənc Muş şəhərindən düşərgəyə qatılan Ramazan Çakıcıdır. Türkiyə Gənclər Vəqfinin əməkdaşı olan 25 yaşlı gənc Naxçıvanla bağlı təəssüratlarını bizimlə paylaşarkən deyir ki, müxtəlif şəhərlərin tarixi, mədəniyyəti məni çox maraqlandırır. Lakin Naxçıvana olan marağım bir başqadır. Hər kəsə məlumdur ki, bura dünyanın qədim yaşayış məskənlərindən biridir. Əbəs yerə demirlər ki, Naxçıvanda hər daş altında bir tarix gizlənir. Qədim türk əcdadlarımız ilk dəfə bu torpaqlarda yaşayıblar. Türkiyədə Naxçıvana qarşı bu amilə görə böyük maraq var, bu diyar bizim üçün daha doğma və əzizdir. Arzu edirəm ki, bu diyar gündən-günə çiçəklənsin, onun mədəniyyətinin, təhsilinin, elminin yeni-yeni nailiyyətləri bizi daha da sevindirsin.
Deyirlər, mədəniyyət yoldan başlayır. Burada üz tutduğumuz hər yerdə yollar mərmər qədər hamardır. Getdiyimiz məkanlar o qədər təmizdir ki, inanın, bu təmizliyi başqa şəhərlərdə görmək mümkün deyil. Bu yurdun insanları da təmizürəkli, xoşniyyətli, istiqanlıdırlar. Bizi görən hər kəs evinə dəvət edir, mehriban söhbət edir, qucaq dolusu salamlar göndərir Türkiyədəkilərə. İnsanlarınız da diyarınız qədər gözəldir.

Digər iştirakçı isə İstanbuldan düşərgəyə qatılan Elif Habipdir. İstanbul Gelişim Universitetində müəllim kimi fəaliyyət göstərən 26 yaşlı gənc deyir ki, bir çox böyük şəhərlərdə olmuşam, bu şəhərlərin yüksək müasirliyini, inkişafını Naxçıvanla müqayisə etsəm, yəqin ki, heç bir fərq tapa bilmərəm. Naxçıvanın iqlimi sərtdir, lakin buna baxmayaraq, yay fəsli nə qədər qızmar olursa-olsun, hər yer yaşıllıq, al-əlvan gül çiçək içərisindədir. Bütün bunlar insanların zəhmətkeşliyindən, gözəlliyə vurğunluğundan xəbər verir. Burada infrastruktur elə qurulub ki, heç bir nöqsan yoxdur. Biz Duzdağ Fizioterapiya Mərkəzində və Əshabi-Kəhf ziyarətgah kompleksində olduq. Yerin altında belə gözəl müalicə mərkəzi yaratmaq və astma-bronxit xəstələrinin təbii yolla müalicəsinə nail olmaq, düşünürəm ki, bir möcüzədir. Əshabi-Kəhf ziyarətgah kompleksi əsl dini turizm mərkəzinə çevrilib. Bu xalqın dini inanc yerlərinə dövlətin hörmət və diqqətinin nişanəsidir. Görülən işlər milli-mənəvi dəyərlərin qorunub saxlanılması ilə yanaşı, əxlaqi keyfiyyətlərin də burada üstün tutulmasının göstəricisidir.
İstanbuldan Zəfər Düşərgəsinə qatılan İdris Ərginlə həmsöhbət oluruq. O deyir ki, iki ölkənin dövlət başçıları arasındakı dostluq və xalqlarımız arasındakı qardaşlığı gənclər olaraq davam etdirmək, azərbaycanlı gənclərlə daha yaxın əlaqələr qurmaq istəyirik. Artıq bir neçə gündür ki, buradayıq və çoxlu dostlar qazanmışıq. İnanırıq ki, bu dostluqlar istər siyasi, istər iqtisadi, istərsə də mənəvi baxımdan gələcəyin Türk dünyasının sağlam təməllər üzərində qurulmasının dəstəkçisi olacaq.
Naxçıvan çox gözəl bir şəhərdir. Memarlıq üslubu mənim çox xoşuma gəldi. İnsanları istiqanlı, kömək etməyi sevəndirlər. Əshabi-Kəhf ziyarətgahında insan o qədər saflaşır, paklaşır ki, sanki dünyaya yenidən gəlir.

Naxçıvan, mən deyərdim ki, mədəniyyət mirasıdır. Və mən bütün yaxınlarıma belə asanlıqla gedə biləcəyimiz bu yerləri gəlib görməklərini tövsiyə edirəm.
Növbəti müsahibimiz Konyadan düşərgəyə qatılan Melih Təyyip Orhandır. Melih deyir ki, 44 günlük müharibədən sonra bu düşərgənin təşkili çox faydalı oldu. Çünki bizlər də sizin kimi Qələbə gününü səbirsizliklə gözləyir, hər şəhid xəbəri aldıqca kədərlənirdik. Hətta Azərbaycanın haqq savaşı uğrunda lazım gələrsə, döyüşlərə qatılmağa da hazır idik. Haqq hər zaman qalib gəlir. Necə ki Azərbaycan Ordusu da qalibiyyətə nail oldu. Burada qazilərlə görüşümüz çox qürurverici idi.
Sonra biz Naxçıvanın, demək olar ki, bir çox yerlərini gəzdik. Maraqlı olan isə burada insanların bizə qarşı doğma münasibətidir. İnsanlar Türkiyədən gəldiyimizi eşitdikdə bizlərə sarılıb, sanki öz övladları kimi davranırlar. Məsələn, deyə bilərəm ki, hər hansı mağazaya yaxınlaşıb su almaq istədikdə bizdən pul almadılar. Mən bir çox ölkələri gəzmişəm. Amma burada qəribliyi heç hiss etmədim. Sanki öz Vətənimin başqa bir bölgəsi kimi bizə doğma, əziz gəldi bu diyar.
“Yunus Əmrə – 700” və “Nizami Gəncəvi – 880” tədbirlərində Türkiyə və Azərbaycanın qədim tarixi haqqında geniş söhbətlər olduqca maraqlı idi.
Gənclərin İnkişafı Karyera Mərkəzinin Bakı ofisinin əməkdaşı, Təlim-tədris üzrə aparıcı mütəxəssis Ləman Harunova da öz təəssüratlarını bizimlə bölüşür:
– Qardaş ölkə gəncləri ilə yanaşı, respublikamızın, demək olar ki, hər yerindən düşərgəyə qatılanlar var. Artıq dörd gündür ki, buradayıq. Muxtar respublikanın qədim tarixi, memarlıq abidələri türk gənclərin marağını daha çox çəkir.
Əshabi-Kəhf ziyarətgahında olduq, Ulu Tanrıya birlikdə dualar etdik, şəhidlərimizə rəhmət dilədik. Arzu edirəm ki, 30 ilə yaxın bir zamanda həsrətində olduğum ata-baba yurdumuzdan Tanrı igidlərimizin ayaqlarını bir daha kəsməsin. Qoy bayrağımız hər zaman yüksəklərdə dalğalansın ki, canları bahasına o bayrağı yüksəldənlər rahat uyusunlar. Və biz gənclər də bayrağımızın kölgəsində bütöv Azərbaycanın azad, xoşbəxt gələcəyinin bir parçası olmaqla, onun inkişafına töhfələrimizi verə bilək.
Müsahibimiz TÜQVA Ümumi Mərkəz Universitet Təşkilatının sədri Məhmət Fatih Dəmirci deyir ki, vüqarını ucu şişpapaqlı dağlarının qoynuna sığınıb 14 il Əmir Teymurun qara həsrətini qəlbində boğan Əlincə qalasından alan Naxçıvanın, Azərbaycan sevgisini Tofiq Fikrətin “Millət şərqisi” şeiri yaradıb. Dahi şair “Zülmün topu var, gülləsi var, qəlpəsi varsa. Haqqın da bükülməz qolu, dönməz üzü vardır” deməklə, sanki bu yurdun illərdir, öz doğma torpağı uğrunda apardığı haqq-ədalət savaşını duyaraq nəzmə çəkir. Bura gəldiyim gündən bəri ən çox Əshabi-Kəhf və Əlincə qalasına getmək üçün səbirsizlənirdim. Hər iki ünvan Naxçıvanın çoxəsrlik tarixindən xəbər verir bizlərə. Bir nəfəsə zirvəsinə qalxdığımız Əlincə qalası haqqında məlumat aldıqca, dönüb türkün tarixinə baxdıqca daha da qürrələnir insan. Düşünürsən ki, belə bir köklü əcdadın davamçıları olmaq böyük bir xoşbəxtlikdir. Bir yanda qeyrət və əyilməzlik simvolu olan Əlincə qalası, digər yanda isə Uca Yaradanın bəndələrinə rəhmətinin nişanəsi olan Əshabi-Kəhf ziyarətgahı dayanır. Burada biz naxçıvanlı qardaşlarımızla söhbət edərkən iki dəyərli faktı da öyrəndik. Onlardan birincisi Fəzlullah Nəiminin də qəbrinin məhz Naxçıvanda, Xanəgah kəndində olması idi. Digər dəyərli fakt isə böyük şair Hüseyn Cavidin nəşinin dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Sibirdən Naxçıvana gətirilib burada dəfn edilməsi oldu. Həqiqətən bu türkün əcdadına, şairinə verdiyi dəyərin bariz nümunəsidir. Əfsuslar olsun ki, burada ayrılırıq. Bu səfalı yurd xoş bir xatirə kimi yaddaşımızda həmişəlik qalacaq. Elə bir xatirə ki ölkəmizə qayıtdıqda hər kəsə bu diyarın sorağını çatdıracağıq. Bilsinlər ki, Zəngəzur və Dərələyəz dağlarının ardında, Xan Arazın axdığı yerdə möcüzələrlə dolu türk torpağı var.
Digər müsahibimiz Can Ceylanla olan səmimi söhbətimizə Şəhidlər xiyabanında davam edirik. “Torpaqlarınızın azadlığı” uğrunda canından keçən şəhidlərimizin bu gün ruhu şaddır, – deyən həmsöhbətimiz qeyd edir ki, II Qarabağ müharibəsinin bütün ağrı-acılarını ruhumuzla, qəlbimizlə hiss edirdik. Azərbaycan xalqı 44 günlük haqq savaşından alnıaçıq, üzüağ bir şəkildə çıxaraq əlçatmaz qəhrəmanlıq salnaməsi, ünyetməz şərəf dastanı yazdı. Elə bir dastan ki bu gün burada iştirak edən bütün gənclər həmin zəfərin səbəbkarlarına – şəhidlərə borcludur. Səsimi dayandığımız bu müqəddəs məkandan – Şəhidlər xiyabanından Vətənin azadlığı uğrunda canını qurban verən qardaşlarıma çatdırıram. Bilirəm, eşidirlər səsimi, görürlər, duyurlar bizi. Çünki şəhidlər ölməz. Qoy bilsinlər ki, türkün tökülən qanı bihudə getməz. Qoy bilsinlər ki, Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, uğrunda ölən varsa, Vətəndir. Burada olduğum müddətdə böyüklərimdən eşitdiyim bir hikmətli sözün həqiqətinə şahid oldum. Deyirlər ki, bir xalqın yaşadığı torpaqda şəhidi yoxdursa, həmin xalq o torpaqda qəribdir. Bu, həqiqətən də, belədir. Tariximizi geri vərəqlədikcə şəhidlərimizin gələcəyimizə ünvanlanan haqq harayını eşidirik. Nə qədər ki canımızda can var, bütün həyatımız boyu onlara borclu olacağıq, unutmayacağıq. Başları üzərində dalğalanan ay-ulduzlu bayraq naminə canını qurban edən şəhidlərin ruhları şad, məzarları nurla dolu olsun.
“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” “Duzdağ” hoteldə keçirilən bağlanış mərasimi ilə yekunlaşdı. Əvvəlcə düşərgə iştirakçıları Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnlərini oxuyub, sonra düşərgə ilə bağlı təəssüratlarını bölüşdülər.

Mərasimdə Zəfər Düşərgəsi çərçivəsində keçirilən tədbirlərlə bağlı, eləcə də çəkilən foto və videolardan ibarət videoçarxlar nümayiş olundu. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və Türkiyə Gənclik Vəqfinin Beynəlxalq Əlaqələr koordinatoru Esra Karabal Arda çıxış etdilər. Çıxışlarda iki qardaş ölkənin tarixi dostluğundan, ötən il 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədən, Zəfər Düşərgəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açıldı, gələcəkdə belə layihələrin daha sıx-sıx reallaşdırılacağı diqqətə çatdırıldı, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə Türkiyə Gənclik Vəqfi arasında qarşılıqlı xatirə hədiyyələrinin təqdimatı oldu, futbol oyununda qələbə qazanan komandaya kubok, gənclərə hədiyyələr və sertifikatlar verildi, xatirə fotosu çəkildi.

 Nail ƏSGƏROV
 Məcid RƏŞADƏTOĞLU
 Gülcamal TAHİROVA
 Telli MƏMMƏDOVA

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR