22 Dekabr 2024, Bazar

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino yarandığı gündən qısa müddət sonra həyatımıza dərindən nüfuz etmiş və onun ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Kino tamaşaçını məkan və zamandan keçirərək gah gələcəyə, gah da keçmişə aparır. Kinonun vəzifəsi yalnız əyləncədən ibarət deyil, o, hər şeydən əvvəl, xalqa xidmət etməlidir, buna görə kino insanların mənəviyyatını zənginləşdirməyə yönəldilməlidir.

Bu il milli kinomuzun yaranmasından 123 il ötür. Azərbaycanda kino sənətinin inkişafında dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının böyük rolu olmuşdur. Onun dəfələrlə ekranlaşdırılmış əsərləri milli kino sənətimizə böyük uğur qazandırmışdır. Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olmuşdur. XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı kinonun yaranmasına təkan vermişdir. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübh çağı”, “Qatarın dəmiryol vağzalına daxil olması”, “Balaxanıda neft fontanı”, “Qafqaz rəqsi”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilmişdir.
1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmi kinomuzdakı yeni keyfiyyət dəyişikliyinin xəbərçisi olmuşdur. Bu günə qədər Azərbaycan milli kinosunun ən uğurlu və parlaq nümunələri sırasında dayanan “Arşın mal alan” indiyədək 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunaraq kinomuza şöhrət gətirmişdir. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verir. Bu gün də sevilə-sevilə baxılan ilk rəngli film –“O olmasın, bu olsun” bədii filmi ekranlaşdırılır. Kinokomediya 40-dan çox ölkədə nümayiş olunmuş və Azərbaycan kinosunun şohrətini artırmışdır.

“Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur...Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”, – deyən incəsənətimizin hamisi ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə milli kinonun inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Bu illərdə milli kino sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, kino sahəsində çalışan sənətkarlar diqqət və qayğı ilə əhatə olunmuşdur.
1970-1980-ci illərdə Azərbaycan kinosu, sözün əsl mənasında, öz intibah dövrünü yaşamışdır. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur. “Bir cənub şəhərində”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə- Qorqud”, “Babək” və başqa bədii filmlərimiz bu illərdə çəkilmişdir. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi. Sovet imperiyası dövründə nə qədər çətin olsa da, ulu öndərin təşəbbüsü ilə milli kinomuzun qızıl fondu sayılan belə sənət nümunələri yaradılmışdır.
Müstəqillik illərində milli kinomuzun inkişafına xüsusi diqqət yetirilməsi də məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi də dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il iyulun 3-də “Kinematoqrafiya haqqında”Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bununla da dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 22 dekabr tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Film Fondu yaradılmış və filmlərin qorunması təmin edilmişdir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı” buna bariz nümunədir. Prezident cənab İlham Əliyevin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 31 yanvar tarixli Sərəncamı isə ekran sənətimizə diqqət və qayğının daha bir ifadəsidir.
Son illər ölkəmizdə kinostudiyaların maddi-texniki bazası gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. Belə ki, 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırmış və nüfuzlu mükafatlara layiq görülmüşdür. “Nabat”, “Çölçü”, “Buta”, “Axınla aşağı”, “Axırıncı dayanacaq”, “Qırmızı bağ”, “Dəyərli adlar”, “Yarımçıq xatirələr”, “Qala”, “40-cı qapı”, “Qisas almadan ölmə”, “Sahə”, “Aktrisa”, “Xeyirlə Şərin rəqsi”, “Dərvişin qeydləri” və başqa filmlərimiz müstəqillik illərində Azərbaycan kinosunun mövzu və sənət axtarışlarından xəbər verir.

Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır. Bu gün də muxtar respublikada kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılmış, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları yenidən qurulmuş, Ordubad, Culfa, Babək, Kəngərli, Sədərək və Şahbuz Rayon Mədəniyyət sarayları müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu sahəyə olan qayğının daha bir nümunəsidir. Fondda 5000-ə yaxın film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur. Eyni zamanda fondda 100-dən çox Azərbaycan filminin ssenarisi ilə tanış olmaq imkanı da mövcuddur. Naxçıvan Dövlət Film Fondu tərəfindən filmlərin qorunub saxlanılması, təbliği, fondun arxivinin yeni filmlərlə zənginləşdirilməsi istiqamətində mütəmadi olaraq işlər görülür. Nazirliyin sistemində fəaliyyət göstərən kinoteatrlar və mədəniyyət saraylarına fondun arxivində olan filmlərin nüsxələrinin verilməsi təmin edilmiş, Naxçıvan Dövlət Film Fondunda olmayan bədii və sənədli filmlər əldə edilərək fondun arxivi zənginləşdirilmişdir. Filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri də diqqət mərkəzində saxlanılır.
Ötən dövrdə muxtar respublikanın tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti, təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi, təsərrüfat həyatı, ordu quruculuğu ilə bağlı “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində onlarla televiziya filmi hazırlanmış və yüzlərlə sənədli film dublyaj olunmuşdur.
Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş, dünya kino mədəniyyətinə layiqli töhfələr vermişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Mən əminəm ki, Azərbaycan kinematoqrafiyasının sabahı daha uğurlu və parlaq olacaq, milli ənənələrimizdən bəhrələnən kino sənətimiz dünya mədəniyyətində özünə layiqli yer tutacaqdır”.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR